Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

27.04.2018 [09:26]

Məlum olduğu kimi, Azərbaycanda 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının, eləcə də Bakı şəhərinin rayonlarının və ətraf qəsəbələrinin inkişafına dair proqramların uğurla reallaşdırılması sayəsində ölkədə yeni müsbət reallıqlar yaranıb. Ölkənin bütün ərazisində, şəhər, qəsəbə və kəndlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, onların siması yenilənir. Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanı güclü infrastruktur təminatına malik ölkəyə çevirib. Respublikamızı fərqləndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, bütün ölkə boyu zəruri infrastruktur obyektləri, bir qayda olaraq, dövlət vəsaitləri hesabına yaradılır. Sonradan bu infrastruktur obyektlərindən həm sahibkarlar bəhrələnirlər, həm də onlar yerlərdə insanların kommunal rahatlıqlarla təminatında mühüm rol oynayırlar.
Ümumiyyətlə, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın surətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayonunda da uğurla yerinə yetirilməkdədir. Faktlara diqqət yetirək. Cari ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olub, orta aylıq əməkhaqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.
Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ötən il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu yenidən qurulur. Bu ilin birinci rübündə isə rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kv.m. asfalt örtüyü çəkilib.
Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, nizamlanaraq rənglənir. Görülən işlər nəticəsində rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i təbii qaz, 96%-i su ilə təmin olunur.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli binanın tikintisi, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK, Qaraçuxur qəsəbəsində “Elit-R” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsində “İB.N.M-İnşaat” MTK, “Neftçi” MTK tərəfindən yaşayış binalarının inşası işləri davam etdirilir.
Bununla yanaşı, yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34, 36 və Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız ikimərtəbəli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasının tikintisinə başlanılıb və işlər davam etdirilir. Qaraçuxur qəsəbəsində isə “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılıb.
Onu da bildirək ki, Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Mövcud “Nümunəvi abad məhəllə”lərdə bərpa-təmir işləri aparılıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilib. Mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən rayonun sanitar təmizliyinin təmin edilməsi tədbirləri davam etdirilib, Yeni Günəşli “Q” yaşayış sahəsi 7, 8, 9, 10 və 11 saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılıb.
Bütün bunlarla yanaşı, Suraxanı əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri də daim diqqət mərkəzində olub. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində hazırda 8960 nəfər sosial müavinət alan vətəndaş qeydiyyata alınıb, 2018-ci ilin 1-ci rübü ərzində həmin vətəndaşlara 2,27 milyon manat sosial müavinət verilib, 1106 ailəyə ünvanlı sosial yardım təyin edilib, 173 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, 46 nəfər isə müalicə və istirahət üçün pansionat və sanatoriyalara göndərilib. Rayon Məşğulluq Mərkəzi 236 nəfəri işlə təmin edib, 28 nəfər peşə hazırlıq kurslarına cəlb olunub, orta ümumtəhsil məktəblərində 827 nəfər şagird peşəyönümünə cəlb olunub.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib. 2018-ci ildə rayon üçün həmin proqrama əsasən 1362 yeni iş yeri açılıb, rayonun ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə 31-i məcburi köçkün olmaqla cəmi 714 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 486 nəfər vətəndaş işə qəbul edilib və hal-hazırda onlar işlərini davam etdirirlər.
Azərbaycan Prezidentinin 2018-ci il fevralın 10-dan mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası ilə əlaqədar 01 aprel 2018-ci il tarixədək rayon üzrə 87234 nəfər və 82 müəssisənin kollektivi tibbi müayinədən keçib, müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşlar müalicəyə cəlb edilib.
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bu rayonu təmsil edən millət vəkilləri də müsbət fikirdədirlər. Milli Məclisin deputatı Ağacan Abiyev deyib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin bütün guşələri böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişaf Suraxanı rayonunda da özünü əyani şəkildə göstərir: “Son illər rayonda böyük abadlıq və quruculuq işləri həyata keçirilib. Bu inkişafı hər bir rayon sakini öz həyatında hiss edir. Rayonun qəsəbələrində yeni yollar çəkilib, əhalinin su, işıq, qaz təminatı daha da yaxşılaşdırılıb. Eləcə də sosial obyektlər əhalinin istifadəsindədir. Əlbəttə ki, bütün görülən işləri insanlar böyük rəğbətlə qarşılayır. Mənim seçicilərim də görülən işlərdən razılıq ifadə edirlər. Bütün bunları dövlətimizin başçısının insanlara olan yüksək qayğısı hesab edirik”.
Suraxanı rayonunu təmsil edən digər millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da qeyd edib ki, ötən illər ərzində Suraxanı rayonunun siması əhəmiyyətli dərəcədə dəyişib. Quruculuq işlərinin böyük vüsət almasının Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi olduğunu deyən S.Fətəliyevanın sözlərinə görə, görülən bu işlər ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsinə xidmət edir: “Bu gün müstəqil Azərbaycan bütün dünyada müsbət imicə və özünəməxsus inkişaf modelinə malik olan ölkə kimi tanınır. Respublikamız buna Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində nail olub. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və reallaşdırdığı siyasət Azərbaycanda çox müsbət reallıqlar yaradıb. Sosial-iqtisadi inkişaf hər bir ölkənin əsas göstəricisidir. Güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən də söhbət açmaq mümkün deyil. Bu mənada Prezident İlham Əliyevin Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib”.
Millət vəkili qeyd edib ki, ötən illər ərzində Suraxanı rayonunda həyata keçirilən inkişaf tədbirlərinin əsasında da məhz yuxarıda qeyd olunan amillər dayanır. Onun sözlərinə görə, ötən dövrlərdə Suraxanıda xeyli yeni iş yerləri yaradılıb, məktəblər, uşaq bağçaları, tibb ocaqları tikilib istifadəyə verilib və yenidən qurulub: “Rayonumuzda sosial obyektlərin, eləcə də bir sıra digər müəssisələrin açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Bu, Prezident İlham Əliyevin Suraxanı rayonuna göstərdiyi diqqətin ifadəsidir. Bütün bunlarla yanaşı, qarşıda duran vəzifələr də var. Hesab edirəm ki, rayon rəhbərliyi, müvafiq qurumlar indiyə qədər olduğu kimi bundan sonra da bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Nardar BAYRAMLI
“Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31