Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əbədi vəhdət: Heydər Əliyev və Azərbaycan

Əbədi vəhdət: Heydər Əliyev və Azərbaycan

16.05.2018 [09:33]

Müasir incəsənətdə Ümummilli lider Heydər Əliyevin obrazı böyük qürur və şərəflə müraciət edilən mövzudur. Təsviri incəsənətin reprezentativ xüsusiyyətlərini nəzərə alaraq obrazın formalaşması müvafiq ikonoqrafik qanunlara, potestar imaloji amillərə əsaslansa da, fərdi yanaşma və rəssamların bədii məsuliyyəti mövzuya ciddi tərzdə təsir göstərmişdir. Milli incəsənətimizdə Ümummilli liderin təsviri obrazının formalaşmasında incə qırmızı xətti bilavasitə xalqının, Azərbaycanın bu gününün və gələcəyinin Onun dahi ruhu ilə bağlılığı, vəhdəti, Heydər Əliyevin əziz xatirəsi, Ona olan hörmət və ehtiram təşkil edir.
Təqdim olunan portretin ərsəyə gəlməsi görkəmli ustadımız, Əməkdar rəssam Sakit Məmmədovun yüksək yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsidir. Müasir Azərbaycan və dünya incəsənətinin tanınan siması, postmodern mədəniyyətini özünəməxsus təsviri tərzdə ifadə edən rəssam dəfələrlə yerli və nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür. İncəsənət sahəsində onun böyük uğurlarının tanınması əlaməti olaraq 2016-cı ildə Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədova qraf titulunu vermişdir ki, həmin qurumun tarixində bu titul bundan öncə rəssama yalnız bir dəfə - 1949-cu ildə Salvador Daliyə təqdim olunmuşdur.
Ulu öndər Heydər Əliyevin portreti obraz həlli baxımından Sakit Məmmədov yaradıcılığında yeni konsept irəli sürür. Rəssam reprezentativ, təmtəraqlı parad portretinin ənənəvi həllini kamera tipli portret janrı ilə sintez edərək əsərin ümumi ab-havasını, daxili məkanını canlandırır və genişləndirir.
Kompozisiyanın məntiqi və nəzəri mərkəzi olan Ümummilli lider Heydər Əliyevin obrazı əsərin daxili əhval-ruhiyyəsini müəyyən edir. Rəssam Ulu öndəri xüsusi ruh yüksəkliyi ilə rahat, aram pozada oturmuş vəziyyətdə təsvir etmişdir. Onun müdrik, nəcib baxışı əsərin mühitinə və tamaşaçısına daxili nikbinlik və qürur bəxş edir. Bu rahatlıq, əminlik Onun böyük tarixi və fərdi missiyasının parlaq nəticəsidir. Ümummilli lider nəsillərin minillik arzusunu tarixi reallığa çevirdi. Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini - müstəqil, demokratik Azərbaycanı bəxş etdi. Ulu öndərin obrazında vurğulanan bu əminliyi möhkəmləndirən, onu qanadlandıran faktor Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və ən əsası isə, xalqa olan dərin məhəbbəti və vətənpərvərliyidir.
Məhz bu yanaşma təqdim olunan portreti tarixi-mədəni mahiyyətinə əsasən İntibah tipli əsərlər sırasına aid edir. Azərbaycanın tarixi taleyində Heydər Əliyev dühası ilə səslənən İntibah çağı, yenilənmə, müstəqillik əsərin ümumi ovqatını müəyyənləşdirir. Və təsadüfi deyildir ki, rəssam burada məhz Renesansın bədii, akademik ənənələrinin, ikonoqrafik sxemlərinin, rəng tərtibatının, kompozisiya quruluşunun, qızıl bölgü prinsiplərinin tətbiqinə müəyyən dərəcədə müraciət etmişdir.
Portretin ideya məzmunu Sakit Məmmədov tərəfindən bəşər övladı, vətəndaş və rəssam pozisiyasından müəyyən edilmişdir. Liderə ruh yüksəkliyi və sonsuz minnətdarlıq hissi ilə yanaşma və eyni zamanda onunla bədii dialoq aparma imkanını əldə edən rəssam əsərin ana xəttini Heydər Əliyev və müasir Azərbaycan vəhdəti kontekstində görür. Bu vəhdət əsərdə əbədi, stabil dəyər qismində çıxış edir və forma həllində öz əksini tapır. Qeyd olunan ideyanın spesifikasından çıxış edən rəssam kompozisiya quruluşunda tarazlıq prinsiplərinə əsaslanır, təsviri kütlələri tablonun üzərində bərabər şəkildə paylaşdırır. Ulu öndərin obrazı əsərin mərkəzini təşkil edir və tablonun sol hissəsində yerləşdirilib. Kompozisiyanın bütün elementləri ritm və ləkələr vasitəsilə məhz bu obraza yönləndirilib. Lakin rəssam tarazlığın ideal nisbətlərinə nail olmaq məqsədi ilə əsərin sağ hissəsini zahiri baxımdan müvafiq tərzdə ustalıqla “ağırlaşdırmışdır”: burada klassik üslubda həll edilmiş mərmər fakturalı soba, qızılı çərçivəli miniatür, sobanın qızılı rəngli şəbəkə-məhəccəri, kompozisiyanı canlandıran incə detallar verilmışdir.
Əsərin işlənməsində işıq həlli xüsusi əhəmiyyət kəsb edir. Sakit Məmmədov bu amili həm fiziki işıq, həm də simvolik yüklü faktor qismində açıqlamağa nail olmuşdur. Sobanın üzərində yerləşdirilən çilçırağın şəffaf şüşə damlaları al qırmızı divarın səthində maraqlı işıq-kölgə effektlərini yaratsa da, rəssam bilərəkdən tablonun əsas işıq mənbəyini məhz arxa planda çəkilən və ustalıqla verilən tabloda əks edib. Burada təsviri incəsənətdə nadir hallarda müraciət olunan “əsərin içində əsər” üsulu istifadə olunmuşdur. Ağ fonlu rəsmdə təsvir olunan Yer kürəsinə incəliklə qovuşan, qızılı haşiyə ilə işlənmiş Azərbaycan xəritəsi Ümummilli liderimizin bu günə, işıqlı sabahımıza ünvanlanan qürurlu və şərəfli ifadəsinin parlaq təcəssümü qismində səslənir: “Gün olacaq Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Tablonun işıqları əsərin daxili məkanının formalaşmasında bilavasitə iştirak edir, qırmızı rənglərlə qarışaraq interyeri isidir, Ulu öndərin simasını nurlandırır. Bununla rəssam bir daha əsərin ana xəttini, ideyasını - Azərbaycan və Heydər Əliyev vəhdətinin əbədiliyini təsdiqləyir. Rəssam çox doğru olaraq Yer kürəsini Ulu öndərin fövqündə təsvir etmişdir. Bu məqam rəssam tərəfindən xüsusən vurğulanır və dünya şöhrətli siyasətçi Heydər Əliyev dühasının hüdudlarını canlandırmaq baxımından olduqca düşündürücüdür.
Sənətşünaslıq aspektində portretin əhəmiyyətli xüsusiyyətlərindən biri də onun fakturasının yüksək səviyyədə işlənməsidir. Burada Sakit Məmmədov təsvir olunan obyektlərin strukturuna əsasən fərdi və yüksək səviyyəli akademik nailiyyətlərini nümayiş etmişdir. Yaxıların işlənməsində xovlu xalça, mərmər, şüşə, kağız, dəri, ipək kimi materialların fakturasını böyük ustalıqla vermişdir. Rəssamın dəsti-xəttini müəyyən edən daha bir nüans Ulu öndərin əyləşdiyi qoltuqlu kürsüdür ki, onun tərtibatında Sakit Məmmədov yaradıcılıq illəri boyu formalaşdırdığı və bu gün ona dünya şöhrəti qazandıran “opalizm” üslubunun elementlərindən istifadə etmişdir. Nəcib, tutqun rənglərin ahəngi əsərin ümumi əhval-ruhiyyəsi ilə səslənir və interyeri canlandırır. Sakit Məmmədovun opalizm bədii fəlsəfəsinin burada tətbiqi təsadüfi deyildir. Rənglərin əzəldən formalaşan ahəngi əbədiyyətə ünvanlanan daha bir nişanədir.
Əsərin koloritində istifadə olunan qırmızı rəng çalarları kəmiyyət nisbəti ilə üstünlük təşkil edir və bu səbəbsiz deyil. Ulu öndərin şərəfli və qürurlu həyat yolunu simvolik tərzdə ifadə edən bu rəng azadlıq, qan yaddaşı, əzmkarlıq, cəsarət, xilaskarlıq və qələbə rəmzi qismində çıxış edir. Əsərdə qırmızı və tünd göy rənglərinin nəcibliyi, ağır çəkisi Heydər Əliyev şəxsiyyətinin qarşısında problemlərin, təhlükələrin bəsitliyini vurğulayan mühüm simvolik amildir. Koloristik həldə Sakit Məmmədov yaradıcılığı üçün səciyyəvi olan ifadə vasitəsi - ləkələr xüsusi əhəmiyyət kəsb edir. Ləkələr əsərin ritmikasını, ideyasının açıqlanma istiqamətlərini yönləndirir və müəyyən edir. Belə ki, sobanın üstündə təsvir olunan yaşıl rəngli müqəddəs Qurani-Kərim, Səfəvi miniatüründə və arxa planda təsvir olunan Yer kürəsi rəsmində təkrarlanan yaşıl çalarlar əsərdə harmoniya təşkil etməklə yanaşı, ümumbəşəri, dünyəvi, dini və dövlətçilik dəyərlərinin Ümummilli liderin müdrik siyasi konseptində əks olunmasına bilavasitə işarə edir. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin geyiminin tünd göy rəngi ustalıqla tablonun fərqli detallarında təkrarlanaraq daim tamaşaçının nəzərini yenidən mərkəzi fiqura yönləndirir.
Nəticə etibarilə, portretdə konkret zaman və məkanı müəyyən etmək qeyri-mümkündür. Rəssamın təxəyyülündə Heydər Əliyev obrazı bəşəri dəyərləri özündə əks etdirən, milli ənənələri yaşadan və modern yeniliklərə açıq olan, dünya müstəvisində əhəmiyyətli yer tutan Azərbaycanla vəhdət təşkil edərək əbədiləşmişdir. Və bu əbədilik heç bir zaman və məkan hüdudlarına sığan deyildir...
Sevil Kərimova,
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31