Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xəyal Fərzəliyev: Abituriyentlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar

Xəyal Fərzəliyev: Abituriyentlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar

29.08.2018 [09:01]

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzindən qəzetimizə verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44 min 772 abituriyent iştirak edib. Onlardan 39 min 906-sı ali təhsil müəssisələrinə qəbul olunub. Qeyd edək ki, builki imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. DİM tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin məzunu Xəyal Fərzəliyevdir. Məlumat üçün bildirək ki, Xəyal Şamaxı rayonunun I Çaylı kəndində anadan olub. 2007-ci ildə Xəzər rayonu 181 saylı orta məktəbdə birinci sinfə daxil olub. Daha sonra, 2014-cü ildən təhsilini Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində davam etdirib. 2017-ci il Respublika Fənn Olimpiadalarının medalçısı olub. Orta məktəbin 11-ci sinfini isə qırmızı attestat və qızıl medalla bitirib. I ixtisas qrupu üzrə imtahan verən rekordçumuz əzmkarlıqla çalışaraq yüksək nəticə əldə etdiyini bildirib: “Uğur əldə etmək üçün ilk növbədə mübarizə əzmi lazımdır. Bu uzun prosesdə həmişə yanınızda sizə dəstək verən insanlar olmalıdır. Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm. Abituriyentlərə, o cümlədən şagirdlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar. Əzbərçiliyə deyil, məntiqi düşüncəyə daha çox üstünlük versinlər. Ən əsası isə, özlərini imtahanlara psixoloji cəhətdən yaxşı hazırlasınlar”.
O, may ayında keçirilən qəbul imtahanında 667 bal toplasa da, bu nəticə ilə qane olmayıb, növbəti imtahanda özünü yenidən sınayıb. Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olub: “Bir çox sahələr var ki, onlar hər zaman öz aktuallığını qoruyur: hüquq, tibb və müəllimlik. Lakin, məncə, İnformasiya təhlükəsizliyi ixtisası müasir dövrdə vacib və gələcəyi parlaq olan ixtisaslardır. Bildiyiniz kimi, BANM Azərbaycan universitetləri arasında qısa vaxt ərzində böyük nüfuz qazanıb. BANM-i bitirdikdən sonra isə xarici universitetlərin birində magistratura təhsili almağı düşünürəm”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31