Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Mərkəzi Asiya: Tarixə söykənən və bu günün reallıqları ilə şərtlənən sıx əməkdaşlıq

Azərbaycan-Mərkəzi Asiya: Tarixə söykənən və bu günün reallıqları ilə şərtlənən sıx əməkdaşlıq

10.10.2026 [09:39]

Əvvəllər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr əsasən ikitərəfli formatda qurulurdu. Hazırda isə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə daha geniş imkanlar yaranıb. Söhbət ölkəmizlə Xəzərin digər sahillərində yerləşən dost dövlətlərin eyni bir platformada təmsil olunmalarından gedir.

Respublikamız 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma tamhüquqlu üzv qəbul edilib. Bununla da Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər daha geniş regional əməkdaşlıq kontekstində yeni, dərin məzmun qazanıb. Elə bu günlərdə Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünə qatılıb. “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb”, - deyə dövlətimizin başçısı tədbirdəki çıxışında bildirib.

Daha sıx inteqrasiyanı şərtləndirən mühüm amillər

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bu ölkələri çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bu əlaqələr əsrlər boyunca qorunub saxlanıb və daha da zənginləşdirilib. Əlamətdar haldır ki, bu gün tarixdən gələn ənənələrin davam etdirilməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də cəmiyyətlər, xalqlar buna böyük istək ortaya qoyurlar.

Eyni zamanda, bu günün reallıqları - geosiyasi və geoiqtisadi müstəvilərdə yaranan çağırışlar ölkələrimizin daha sıx inteqrasiyasını vazkeçilməz zərurətə çevirib. Hazırda qlobal miqyasda, o cümlədən də Avrasiyada mürəkkəb proseslər izlənilir.  Xüsusilə də iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir. Yeni ticarət marşrutlarının axtarılması, enerji resurslarının alternativ istiqamətlər üzrə daşınması və ölkələrin xarici bazarlara çıxış imkanlarını genişləndirmək cəhdləri regionlararası əməkdaşlığın əhəmiyyətini əvvəlkindən daha da artırıb. Bu prosesdə Xəzər hövzəsi xüsusi mövqeyə malikdir. Çünki bu məkan Şərqlə Qərbi birləşdirən mühüm coğrafi xətt olmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün geniş imkanlar yaradır. Xəzər vasitəsi ilə coğrafi bağlılıq ölkələrimiz üçün böyük üstünlük deməkdir. Yaxşı haldır ki, həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri Transxəzər marşrutunun (Orta Dəhlizin) inkişafına güclü siyasi iradə nümayiş etdirirlər. Ölkələrin sıx əməkdaşlığı Xəzər hövzəsi regionunun Avrasiyada mühüm bağlantı məkanına çevrilməsi üçün geniş perspektivlər açır.

Regional əməkdaşlığın genişlənməsində yeni mərhələ

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb.

Azərbaycanın Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib. Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub.

Bu günlərdə Türkmənbaşıda keçirilən sonuncu görüşün mühüm nəticələrindən biri dövlət başçılarının iki sənədə imza atmaları oldu. “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nın və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ın əhəmiyyəti ondadır ki, dövlət başçılarının siyasi iradəsi sənədləşdirilir və əməkdaşlığın institusional çərçivəsi möhkəmləndirilir.

Azərbaycan diqqət mərkəzində

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ölkəmizə və onun Liderinə olan böyük inamın ifadəsidir. Yeri gəlmişkən, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə  də respublikamız diqqət mərkəzində olub. Dost ölkələrin liderləri çıxışlarında Azərbaycanın quruma tamhüquqlu üzv qəbul edilməsinin səmərəli olacağına böyük inam bəslədiklərini diqqətə çatdırıblar. “Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur”, - deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğulayıb.

Həmçinin digər dost ölkələrin dövlət başçıları da çıxışlarında Azərbaycanın qurumda tamhüquqlu üzv kimi təmsil olunmasından və Prezident İlham Əliyevin tədbirə qatılmasından böyük məmnunluqlarını ifadə ediblər. Qeyd edək ki, Azərbaycana böyük inam və hörmətin əlaməti olaraq quruma növbəti il üçün sədrlik respublikamıza keçib. Bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdıran Qırğızıstan Prezidenti Sadır Japarov deyib: “Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına yeni təkan verəcəkdir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31