Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT müstəvisində çağırış...

BMT müstəvisində çağırış...

09.10.2026 [12:56]

Azərbaycan müxtəlif bəhanələrlə dövlətlərin daxili işlərinə müdaxiləni yolverilməz hesab edir

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, uğurlu xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Eyni zamanda, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər.

Azərbaycanın növbəti uğuru

Bütün bunların fonunda ölkəmizin beynəlxalq müstəvidə mövqeləri güclənir, irəli sürdüyü təşəbbüslər dəstəklənir. Bu faktı BMT müstəvisində də görmək mümkündür. Belə ki, oktyabrın 6-da Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyadaəleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi” adlı qətnamənin qəbul edilməsi bunun göstəricisidir. Qətnaməyə 70 dövlət həmmüəllif qismində qoşulub və sənəd səsvermə keçirilmədən qəbul edilib. Azərbaycan sessiya çərçivəsində bu mühüm birgə təşəbbüsün gündəmdə saxlanılması və təşviqi məqsədilə ictimai dialoq təşkil edib, habelə mövzuya həsr olunmuş yan tədbirin həmtəşkilatçısı qismində çıxış edib.

Bundan əlavə, BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsinin insan hüquqlarının təşviqi və müdafiəsi mövzusunda keçirilən iclasında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, dünyanın kəskinləşən münaqişələrdən, dərinləşən bərabərsizliklərdən və iqlim dəyişikliyinin təsirlərindən irəli gələn ciddi çağırışlarla üzləşdiyi indiki dövrdə bəşər ailəsinin bütün üzvlərinin ləyaqətinin, habelə bərabər və ayrılmaz hüquqlarının qorunması son dərəcə böyük əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasında müəyyən edildiyi kimi, insan hüquq və azadlıqlarının təmin edilməsi ən yüksək prioritet məqsəddir və insan hüquqlarının təşviqi və müdafiəsində davamlı irəliləyişi qoruyub saxlamaq üçün ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilir. Bəyanatda Azərbaycanın BMT-nin insan hüquqları mexanizmləri, xüsusilə Ümumi Dövri İcmal, müqavilə qurumları və xüsusi prosedurların mandat sahibləri ilə beynəlxalq insan hüquqları alətlərinin həyata keçirilməsinə dair milli hesabatların mütəmadi olaraq təqdim edilməsi və monitorinq mexanizmləri ilə dialoqun saxlanılması yolu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Ölkəmiz insan hüquqlarının siyasiləşdirilməsinə qarşıdır

“Keçmiş münaqişə nəticəsində məcburi köçkün düşmüş azərbaycanlıların insan hüquqlarının bərpa edilməsi həmişə dövlət üçün prioritet istiqamət olub. Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycanın sistemli bərpa və yenidənqurma tədbirləri artıq 96 min nəfərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına və orada yaşamasına imkan yaradıb. Bu səylər mina təhlükəsinin geniş yayılması, 400-dən çox insanın həlak olması və ağır yaralanması ilə ciddi şəkildə əngəllənir ki, bu da onların zərərsizləşdirilməsində səmimi əməkdaşlıq tələb edir. Eyni zamanda, itkin düşmüş şəxs qismində qeydiyyata alınmış 4000-dən çox insanın taleyi digər mövcud humanitar problemdir”, - deyə Ş. Hacıyev vurğulayıb.

Bəyanatda itkin düşmüş şəxslər və aşkarlanan kütləvi məzarlıqların beynəlxalq humanitar hüquq çərçivəsində dəyərlənidirlməsinin əhəmiyyətinə də toxunulub: “Hesabatlılıq danılmazdır və törədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır. Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq münaqişə zamanı onun mülki şəxslərinə və digər qorunan şəxslərə qarşı törədilmiş ağır cinayətlərin təhqiq edilməsi və məsuliyyətə cəlb olunması üçün qətiyyətli addımlar atıb”.

“Suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və dövlətlərin daxili işlərinə qarışmama Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərdir. Biz insan hüquqlarının siyasiləşdirilməsi və ikili standartların artan meyllərinə, yaxud müxtəlif beynəlxalq platformalarda insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxırıq”, - deyə diplomat bəyan edib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31