Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev "Azadlıq" meydanına çıxsa...

İlham Əliyev "Azadlıq" meydanına çıxsa...

10.10.2026 [17:34]

Məğlub yaşamın düsturu çox bəsit.

Məğlubiyyətin həyat tərzi sadə şərtlərlə tənzimlənir: Dilini kəsib, geosiyasətin bir küncündə kirimişcə baş girələyirsən.

Qalib gəlmək, qalib kimi qalmaq və qalib kimi yaşamaq isə şərəfli olduğu qədər də çətindir.
Sən qalibsənsə, hər addımın izlənilir.

Qalibsənsə, sənin əsgərin ayağını yerdən götürəndə geosiyasi hərarət qalxır, ətraf həyəcana gəlir.

Qalibsənsə, sənin paytaxtında deyilən hər söz yeni bir açılımın  leytmotivi kimi səslənir .

Necə ki...

Bakının “Azadlıq” meydanında Ərdoğanın səsləndirdiyi bayatı adi folklor nümunələrindən biri idi.

Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar.

Sıradan bir bu bayatı qeyri-adi regional rezonans doğurdu.

Nə üçün?

Çünki, o bayatı qalib ölkənin paytaxtında dilə gətirilmişdi...

Qalibsənsə, dostlarınla bərabər bədxahların da çoxalacaq.

Bir neçə ay əvvəl  jurnalist xanımla bir mükaliməmiz olmuşdu.
Həmin söhbəti xatırladım.

Aysel Sadak əslən gəncəldir. Babası ötən əsrin əvvəllərində Türkiyəyə köçüb.

Deyim ki, Aysel xanım Azərbaycan oxucularına yaxşı tanışdır. O, Ulu Öndərimiz haqqında bir kitabın müəllifidir. Hazırda Azərbaycanın Qarabağ zəfəriylə bağlı  yazılar üzərində çalışır. Müxtəlif şəxslərlə görüşüb müsahibələr alır. Məni də aradı, “Yeni Azərbaycan” qəzetinın redaksiyasında görüşdük. Söhbət əsnasında Aysel xanım dostcasına bir gileyini bölüşmək istədi: “Mən 90-cı illərdən Bakıya gedib gəlirəm. Son bir neçə ildə sanki sizin adamlarda bir əda, bir saymazlıq iddia görürəm. Bunun səbəbi nə ola bilər?”.

Mən tərəddüd etmədən, dərhal, - Səbəbkar Azərbaycan Prezidenti İlham Əliyevdir, - dedim.
Xanım xeyli təəccübləndi: -  Bu necə olar? İlham Əliyev nə etdi ki?

Mən “İlham Əliyev nə etmədi ki?” - dedim.

“İlham Əliyev bizi məğlub ölkədən - qalib ölkəyə, məğlub xalqdan - qalib xalqa, məğlub dövlətdən - qalib dövlətə çevirdi. Qalib dövlətin vətəndaşı, qalib xalqın övladları məhz elə bu cür olar, bəzən iddialı, bəzən ədalı, bəzən də saymaz. Siz bunu çox təbii qarşılayın".

Aysel xanım, - Çox haqlısan, onda mən təslim, gileyimi geri götürdüm - dedi...

Prezidentin YAP-ın ali toplantısındakı nitqini bir cümləylə mən belə ifadə edərdim. Bu mətn “Qalib dövlətin və qalib vətəndaşın davranış kodeksi”dir.   

1. Prezident qələbəmizi səciyyələndirir. Qələbəmiz də müstəqil dövlətimiz kimi bütöv və tam suverendir.
Qələbəmizə kimsə şərik çıxa bilməz və biz də onu kimsə ilə bölüşmərik. Amma, qələbəmizin bölgəyə gətirdiyi müsbət nəticələri hamıyla, o cümlədən ermənilərlə bölüşməyə hazırıq və bölüşürük.

Biz qalib xalqıq. Amma bizim qalibiyyətimiz heç bir ölkəyə və xalqa qarşı yönəlməyib.
Biz erməni faşizmini darmadağın etmişik.

Bizim heç vaxt erməni xalqını enmək və aşağılamaq məqsədimiz olmayıb, yoxdur və olmayacaq.
Biz torpaqlarımızı işğaldan azad etməklə bərabər erməni xalqını da erməni faşizmindən xilas etmişik.
Bizim ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. Amma, Qalib Ordumuzun qüdrəti bölgədə separatizmi, müharibəni yox, sülhü yaymağa xidmət edir...

2. Prezident bizi qələbəyə çatdıran Yolun misilsiz Əmanət olduğunu vurğulayır. 1990-cı ildir. Heydər Əliyev istefasından sonra ilk dəfə mətbuata danışmışdı. “Naşe delo” jurnalında dərc edilən müsahibənin sərlövhəsi beləydi: “Əgər biz layiq deyiliksə, onda nə üçün biz seçdiyimiz adam ölkəni idarə etməyə layiq olur?”
Mən həmin jurnalı kəndə - Nüvədiyə aparmışdım.

Atam Həsən Musayev hələ heç müsahibəni oxumamış sərlövhəyə işarə edərək “bu məntiqin qarşısında nəinki Qarbaçov bütün dünya yığışsa belə dayana bilməz" demişdi. Bəli, onun məntiqi önündə heç bir güc dayana bilmədi, Heydər Əliyev gəldi. Və Qalib gəldi.

Çünki, Heydər Əliyevin məntiqi Azərbaycan xalqının milli mücadilə məntiqi idi. Ona görə də Heydər Əliyev Yolunun alternativi yoxdur. Onun Yolu Zəfər yoludur. Və İlham Əliyev fenomeni də Heydər Əliyev Yolunun  Məntiqinin və Mübarizəsinin davamıdır.

3. Prezident seçdiyi və getdiyi yolu Zəfərə aparan, o yolu, o əmanəti ən çətin məqamlardan hifz edən ən vacib amilin üzərində xüsusi dayanır: 

Liderin xarakteri, təmkin, strateji düşüncə və emosiyalara qapılmadan verilən qərar.

Liderin xarakteri dövlətin xalqın taleyini müəyyən edir.

İlham Əliyev təmkini ilə danışır, danışdırır və susdurur.

Onun təmkini istənilən pafosdan gur və ahəngdar səslənir.

İlham Əliyevin təmkini onun fitrətindən gələn iki qabarıq cəhətlə qidalanır: təvəzökarlıq və tələbkarlıq - daha çox özünə qarşı.

Mütəvazi davranış prezidenti ən həssas dönəmlərdə belə tərk etmir.

O, 2003-cü il prezident seçkisindən sonra ilk müsahibəsində deyirdi:

“Məni tərifləmək lazım deyil. Mən üzərimə böyük məsuliyyət götürmüş adi azərbaycanlıyam".
Həmin təvazökarlıq indi də davam edir, daha mükəmməl daha samballı. 

Özünün də dediyi kimi , populist ritorikadan uzaq bir çox hallarda gördüyü işləri reklam etmədən, xalq dövlət üçün gərəkən addımları atır.

İlham Əliyevin bu təvazökarlıq nümunəsi hər bir kəsə, daha çox məsul kresloları məşğul edənlərə örnək olmalıdır.

Prezidentin təmkininə güc verən digər amil, onun özünə qarşı həddən ziyadə tələbkarlığıdır.
Mən peşə öhdəliyimdən və vətəndaş məsuliyyətindən irəli gələn ardıcıllıqla prezidentin bütün çıxış və müsahibələrini izləyirəm.

Və hər dəfə də deyirəm ki, bu cənabın ən bitkin  nitqidir.

Amma, mənim qənaətim onun növbəti nitqinə kimi qüvvədə qalır.

Növbəti nitqinidən sonra eynisini təkrarlamağa və yazmağa məcbur oluram.
Bu nəylə bağlıdır?

Təbii ki, burada siyasi, dövlətçilik, həyat təcrübəsi öz təsirini göstərir.

Ancaq İlham Əliyevi fərqli tribunalarda, fərqli auditoriyalar qarşısında həmişə və əvvəlkindən daha yetkin təqdim edən onun özünə qarşı tələbkarlığıdır...

4. Prezident daha bir müstəsna iş görür.

Dünyanı Azərbaycan xalqına tanıdır.

Etiraf edək ki, bir çoxunun  ətrafımızda gedən proseslərlə bağlı bilgiləri məhdudur.

Xarici siyasətimizdəki uğurlardan öyünərək danışa bilirik.

Amma o uğurlar necə, hansı şəraitdə əldə olunur?

Axı, bizim xarici siyasətimiz xaricin Azərbaycana yönəlik  siyasətinin içindən keçərək gerçəkləşir.

Şimal və cənub qonşumuzun xarici siyasəti qonşularına zərər verməklə icra olunur.

Ermənistan və Gürcüstanın, belə demək mümkünsə, hər şeyi (daxili oyun qaydaları da daxil olmaqla) xaricin siyasətindən asılıdır.

Yəni bu iki ölkə yalnız xaricin siyasi xətti üzərində mövcuddurlar.

Qərb ölkələrinin dəst-xətti isə belə - heç bir ölkəyə (o cümlədən Azərbaycana) fayda vermədən bütün ölkələrdən faydalanmaqdır.

Belə bir mühitdə Cənubi Qafqazda Azərbaycan yeganə ölkədir ki, daxili və xarici siyasətini özü müəyyən edir və  fövqəladə müvəffəqiyyətlər qazanır.

Və bütün çətinliklərə rəğmən Qələbəsini qarşısıalınmaz prosesə çevirməyi bacarır....

5. Prezident milli ideyaların yaranması üçün impuls verir. VIII Qurulatayın sabahı parkda bir şəhər sakini ilə qarşılaşdım. Məni tanıyırmış: Bir söz soruşmaq istəyirəm - dedi.

“Prezident çıxışında bildirdi ki,  3-cü Zəfər Tağı İrəvanda ola bilərdi.
İham Əliyev ele belə təsadüfi söz deməz. Yəqin ki, nəsə olacaq".

Həmin sakinin parlaq, ümid dolu gözlərinə baxıb cavab verdim: “Əlbəttə, 3-cü Zəfər Tağı da olacaq. Amma harada, nə zaman, vaxtını və yerini Cənab özü bilir".

P.S. Yeri gəlmişkən, İlham Əliyevin nüfuzunu bədxahları başqalarına nisbətən daha dəqiq etiraf edirlər.

Bu günlərdə rastıma bir video çıxdı. Xaricdən yayımlanan “Azərbaycan saatı” youtub kanalının qonağı Azərbaycan xalqını asıb-kəsir, ittiham edirdi ki, xalq laqeyddir,  susur, müxalifətin çağrışlarına səs vermir və sair. Sonda isə əlavə edir ki, amma İlham Əliyev bu gün “Azadlıq” meydanına çıxsa, ətrafina 2 milyon adam yığışacaq.

Hə, bax bunu çox dəqiq deyir. (Düzdür, “Azadlıq” meydanına 2 milyon adam sığışmaz.
Görünür, prezidentin reytinqi “dostumuzu” əməlli-başlı vahimələndirib).

İlham Əliyevin istənilən vaxt istənilən çağırışına və istənilən yerə bir neçə milyon insan axışar...


Alqış Musayev
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru", YAP İdarə Heyətinin üzvü

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31