Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yük avtomobillərinin Bakıya girişi üçün yeni marşrutlar müəyyənləşdirilib

Yük avtomobillərinin Bakıya girişi üçün yeni marşrutlar müəyyənləşdirilib

09.11.2018 [11:16]

Vaqif Əsədov: Günün müəyyən saatlarında Bakı şəhərinin inzibati ərazisində yük avtomobillərinin hərəkətinin məhdudlaşdırılması paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədilə həyata keçirilən zəruri tədbirdir
Son vaxtlarda Bakı şəhərində nəqliyyat vasitələrinin sayının artması günün müəyyən saatlarında yollarda ayrı-ayrı kateqoriyalardan olan avtomobillərin hərəkətinin tənzimlənməsinin aktuallığını artırıb. Bu baxımdan paytaxtımızın inzibati ərazisində yük maşınlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması, bu kateqoriyadan olan avtomobillərin şəhərə giriş marşrutlarının müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücülərinin yük daşımaları ilə bağlı növbəti zəruri tədbirlər həyata keçirilir. Belə ki, əvvəlki dövrdə yük maşınlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə bir sıra problemlər mövcud olmuş, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilmişdir. Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışlarında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirir. Beləliklə, mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və onların sürücüləri müvafiq qaydada cərimə olunacaqlar.
Yeri gəlmişkən, ekspertlər yük avtomobillərinin günün müəyyən saatlarında paytaxt Bakıya girişinin və onların şəhərin yollarında hərəkətinin məhdudlaşdırılmasına nəzarətin gücləndirilməsinin çox vacib addım olduğunu bildirirlər. Belə bir əminlik ifadə olunur ki, həyata keçirilən bu kimi tədbirlər öz növbəsində yük maşınlarının qadağa saatlarında şəhərə daxil olmasının və yollarda problem yaratmasının qarşısını alacaq. Bununla bağlı “Yeni Azərbaycan”a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, günün müəyyən saatlarında Bakı şəhərinin inzibati ərazisində yük avtomobillərinin hərəkətinin məhdudlaşdırılması paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədilə həyata keçirilən zəruri tədbirdir: “Nəzərə çatdırmaq istəyirəm ki, belə tənzimləyici tədbirlərdən istifadə olunması praktikası dünyada geniş yayılıb. Müşahidələrimizə əsaslanıb deyə bilərəm ki, Bakı şəhərində təhlükəsizlik qaydalarının pozulmasına, eləcə də yollarda sıxlıq yaranmasına sürücülər tərəfindən dayanma-durma qaydalarına əməl edilməməsi ilə yanaşı, yük maşınlarının hərəkəti də öz mənfi təsirini göstərir. Dünyanın iri şəhərlərində nəqliyyatın hərəkətinin ahəngdarlığını təmin etmək üçün ya günün müəyyən saatlarında, ya da həftənin ayrı-ayrı günlərində yollarda yük avtomobillərinin hərəkəti məhdudlaşdırılır. Azərbaycan da bu təcrübədən istifadə edir”.
Vaqif Əsədovun bildirdiyinə görə, Bakı şəhərinin inzibati ərazisində yük avtomobillərinin hərəkəti Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı və ona edilən müvafiq dəyişikliklər əsasında tənzimlənir. Bəhs olunan qərarla xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində günün müəyyən saatlarında məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilir.
Onu da qeyd edək ki, noyabrın 15-dən etibarən yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib. Təklif olunan birinci marşrut belədir: Lökbatan dairəsi-Xocahəsən yolu-Sulutəpə qəsəbəsi-Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı)-Mehdiabad yolu-Balaxanı yolu-Zabrat-Maştağa yolu-Albalılıq yolu-Mərdəkan yolu-Şüvəlan yolu-Qala yolu-Türkan yolu-Pirallahı yolu-Hövsan yolu-Suraxanı-Yeni Günəşli-General Mehmandarov küçəsi-Neapol dairəsi-Ukrayna dairəsi-Gəncə prospekti-Zığ yolu-Beton yol-Hövsan. Müəyyənləşdirilən ikinci marşrut üzrə yük avtomobilləri Sumqayıt yolu-Biləcəri yolu (Daş bazarı)-Binəqədi şosesi-sola Baksol yolu-Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu-“Taxta bazarı” və əksinə hərəkət edəcəklər. Sürücülərin istifadə edə biləcəyi üçüncü marşrut Ə.Rəcəblidə geriyədönmə yeri, “Şır-şır” restoranının yanı, “Taxta bazarı” deyilən yeri əhatə edir. Növbəti marşrut “Çermet” körpüsünün altı, Z.Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən-Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) “Lukoil” YDM-in yanında geriyədönmə yeri, “Baku Steel Kompani” istiqamətindədir. Daha bir marşrut isə Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndi, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi üzrə müəyyənləşdirilib.
Vaqif Əsədovun sözlərinə görə, yük avtomobillərinin sürücülərinin bəhs olunan marşrutlardan kənara çıxmamaları, ümumi qaydalara əməl etmələri məcburi xarakter daşıyır. O deyib ki, DYP-nin tərtib etdiyi marşrutların siyahısı artıq təqdim olunub. Sürücülərin həmin marşrutlar üzrə hərəkət etmələri tövsiyə edilir. Şəhərə giriş məqsədilə bəhs olunan marşrutlardan kənara çıxan sürücülər noyabrın 15-dən etibarən elektron cərimələrlə cəzalandırılacaqlar. “Belə məhdudlaşdırıcı tədbirlərin görülməsi heç də sürücülərin mənafeyinin nəzərə alınmaması anlamına gəlməməlidir. Bakının inzibati ərazisində yük avtomobillərinin hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması və onların şəhərə girişi üçün xüsusi marşrutların müəyyənləşdirilməsi qaçılmaz zəruri tədbir kimi həyata keçirilir və yol hərəkətinin bütün iştirakçıları bunu anlayışla qarşılamalıdırlar. Nəzərə çatdırmaq istəyirəm ki, bəhs olunan marşrutlar yük avtomobillərinin sürücülərinin müraciətləri də nəzərə alınmaqla mütəxəssislər tərəfindən aparılan müşahidələr və monitorinqlər əsasında, həmçinin bir sıra texniki məsələlər nəzərə alınmaqla müəyyənləşdirilib”, - deyə DYP-nin rəsmisi vurğulayıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31