Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib

Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib

20.10.2020 [09:34]

Qəhrəman Cavad xanın nəvələri düşmən hücumlarının qarşısında mərdliklə dayanıblar
30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu gün də öz cinayətkar, faşist xislətli və təcavüzkar əməllərindən əl çəkmir. Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan işğalçı Ermənistan mövcud status-kvonu saxlamaq üçün zaman-zaman müxtəlif təxribatlara əl atıb. Düşmən ölkə tərəfindən növbəti təcavüzkar addım isə sentyabrın 27-də atılıb. Belə ki, həmin gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Ermənistanın həm mülki əhalini və yaşayış məntəqələrini, həm də hərbçilərimizi hədəfə alan bu cinayətkar əməlinə cavab olaraq düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu ötən müddət ərzində xeyli sayda yaşayış məntəqəsini işğaldan azad edib. Bu müddət ərzində düşmənin ordusu canlı qüvvə və silah-sursat baxımından da sarsıdıcı məğlubiyyətə uğrayıb. Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində bütün cəbhəboyu sürətlə geriyə çəkilməyə məcbur olan Ermənistan rəhbərliyi çıxış yolunu dinc əhalidən qisas almaqda görərək Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması əmrin verib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı həyata keçirilən bu hərbi cinayətlərin əsasında cəbhədə uğursuzluq, Azərbaycan Ordusunun zəfəri qarşısında acizlik dayanır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atır
İşğalçı Ermənistan hər zaman olduğu kimi, bu dəfə də öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini davam etdirir. Düşmən ölkənin silahlı qüvvələri həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atır, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozur.
Qeyd etdiyimiz kimi, erməni faşizminin növbəti təzahürü olan bu cinayətkar əməldən ən çox zərər görən regionlardan biri də döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhəridir. Sentyabrın 27-dən bu günə qədər Ermənistan tərəfi hərbi cinayət törədərək Gəncəni üç dəfə qadağan olunmuş silahlarla atəşə tutub. Bu fakt onu göstərir ki, məğlubiyyətə uğrayan işğalçı Ermənistan hakimiyyəti yenidən təxribatlara əl atır, döyüş bölgəsindən xeyli kənarda yaşayan azərbaycanlı dinc əhalini, mülki vətəndaşları atəş altında saxlamağa çalışır. Oktyabr ayının 4-dən başlayaraq hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə erməni vandalları tərəfindən davamlı raket atəşinə tutulur. Gəncəyə atılan raketlər nəticəsində şəhərin infrastukturuna ciddi ziyan dəyib, dinc sakinlər həlak olub və yaralanıb, tarixi abidələrə ziyan dəyib. Oktyabrın 4-də raket zərbəsindən zərər çəkənlərdən biri də Zəhra Eyyubova adlı 10 aylıq körpə oldu.
Oktyabrın 10-da isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada əldə edilən humanitar atəşkəs rejiminin elə ilk dəqiqələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Erməni vandalları 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində daha bir terror törədiblər. Belə ki, Gəncə, Ermənistan ərazisindən “Skad-B” taktiki-əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Həlak olanlar arasında uşaqların və qadınların olması erməni faşizminin mahiyyətini göstərir
Miqyası baxımından Gəncəyə ən qanlı və qəddar raket hücumu isə oktyabrın 17-də gecə saatlarında olub. Belə ki, oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb. Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olunub. Bunu həzm edə bilməyən erməni faşistlərinin oktyabrın 17-də Gəncəyə növbəti raket hücumu nəticəsində 14 nəfər həlak olub, 55 nəfər yaralanıb. Onların arasında azyaşlı, yeniyetmə və qadınlar da var. Bütövlükdə isə Gəngə əhalisinə qarşı terror nəticəsində 25 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Bu qətliam nəticəsində hər iki valideynini itirən uşaqlar da var. Bununla yanaşı xeyli yaşayış evi və digər mülki obyektlər, tarixi abidələr dağıdılıb, ya da ciddi zərər görüb. Belə ki,1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, vaxtilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. Bir sıra məktəblər və körpələr evi, uşaq bağçaları, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib.
Bu cinayətlər işğalçı Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür. Amma belə qanlı əməllər Gəncə əhalisini qətiyyən qorxutmur. Tarixən qəhrəmanlar şəhəri olan Gəncənin sakinləri Cavad xanın nəvələri olaraq bu dəfə də düşmənin qarşısında mərdliklə dayanırlar.
Gəncəlilər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun tezliklə işğal altındakı bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə inanırlar
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev hesab edir ki, Ermənistanın faşist hakimiyyəti məqsədinə çata bilmədi. Onun sözlərinə görə, Gəncə sakinləri düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə-gücünə davam edir, şanlı ordumuzun uğurlarından daha da ruhlanır və əmindirlər ki, tezliklə Azərbaycan haqq mübarizəsində qalib olacaq: “Sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə tutarlı cavab verən Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yağı tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi xalqımızda ruh yüksəkliyi yaradıb. Artıq 20 gündən çoxdur ki, güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Ölkə Prezidentinin hər zaman vurğuladığı kimi, “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”. Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir. Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə yanaşı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır”.
Millət vəkili bildirib ki, Azərbaycana qarşı törədilən bu terror aktını - hərbi cinayəti, onun mahiyyətini dövlətimiz dünya ictimaiyyətinə lazımınca təqdim edə bildi: “Erməni vəhşiliyinin beynəlxalq mediada işıqlandırılmasına nail olduq. Bütün kanallarla - həm Prezident Administrasiyası, həm XİN, həm Baş Prokurorluq, həm də Milli Məclis xətti ilə bütün diplomatik korpuslara, beynəlxalq təşkilatlara gərəkli informasiyalar çatdırıldı. Dünyanın erməni vəhşiliyi haqqında ətraflı məlumatlandırılması, beynəlxalq mediada Azərbaycan həqiqətlərinin daha çox yayılması baxımından, ciddi addımlar atılır. Gələcəkdə də dünya ictimaiyyətinin baş verənlər haqqında dəqiq və qərəzsiz məlumat alması üçün Respublika Prokurorluğu ermənilərin Gəncədə törətdiyi terror aktı ilə bağlı fransız, ispan, alman, rus, ingilis dillərində video hazırlayıb. Ermənilərin bu terror aktını dünya ictimaiyyətinə çatdırılması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri görür”.
YAP Gəncə şəhər təşkilatının fəalları insanlar arasında daim təbliğat işləri aparır, zərərçəkmiş sakinlərə dəstək göstərirlər
N.Həmzəyevin sözlərinə görə, işğalçı Ermənistan hakimiyyətinin silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya və raketlərdən atəşə tutmasına baxmayaraq, şəhər ərazisində vətəndaşlar arasında heç bir ruh düşkünlüyü yoxdur. Gəncə sakinləri erməni təxribatından qorxmur, raket zərbələri nəticəsində xəsarət alanlara maddi və mənəvi dəstəklərini nümayiş etdirirlər. O deyib ki, bu işdə şəhər sakinləri ilə yanaşı, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, fəalları, könüllü gəncləri fəallıq göstərirlər: “Belə ki, sentyabrın 27-də erməni işğalında olan torpaqlarımızın azad olunması ilə əlaqədar əks-hücum əməliyyatlarının başladığı gündən gənclərimiz sinəsini düşmənə sipər etmək üçün könülü olaraq ordu sıralarına yazıldılar. YAP Gəncə şəhər təşkilatının əməkdaşları, fəal gəncləri hadisə baş verən gündən etibarən terror aktından ziyan görmüş mülki vətəndaşların yanında olub, onlara dəstək olmağa çalışışırlar.
YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə fəal gənclər hələ 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən vandalizm aktının baş verdiyi məkanın yaxınlığında yerləşən mənzillərə baş çəkiblər. Gənclər həmin evlərin raket zərbələri nəticəsində sınmış pəncərələrinin şüşələrinin dəyişdirilməsi işində ustalara kömək ediblər”.
Qeyd etdiyimiz kimi, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralananlar arasında məktəblilər də var. Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov, Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəfa və Şəmiddin Şirinovlar və digərləri azyaşlı olmasına baxmayaraq, ermənilərin riyakar xislətindən və təcavüzkar siyasətindən, vəhşiliyindən, terrorundan zərər görüblər. YAP Gəncə şəhər təşkilatının gənc fəalları həmin azyaşlılara baş çəkiblər. Evləri yerlə-yeksan olan, valideynləri erməni vandalizminin qurbanı olan balacaların dərdinə şərik olan gənclər onlara oyuncaqlar, gəlinciklər hədiyyə ediblər. Gənclər Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulan binaların altından çıxarılan balacalara gördükləri dəhşətli anlardan sonra, bu kimi tədbirlərlə onların məsum üzlərini güldürməyə çalışıblar.
Erməni terrorunun zərbəsinə tuş gələn, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsinə atdığı qadağan olunmuş raketin yerlə-yeksan etdiyi çoxmənzilli yaşayış binalardan birinin balaca sakini Bəxtiyar Heydərli qorxunu, həmin gecənin unudulmaz dəhşətini hiss etsə də, hələ ki, qorxu anlayışının nə olduğunu dərk etmir. Bəxtiyarın üzündəki yüngülvarı xəsarət izləri bir neçə günə sağalacaq. Ancaq onun hadisə günü yaşadıqları, yaxınlarının, əzizlərinin vandalizm aktına məruz qalması yaddaşından heç vaxt silinməyəcək.
Yeniyetmə Nigar isə oktyabrın 18-də ad gününü qeyd edəcəkdi. Lakin mənfur düşmənin xain hücumu onun həyatına son qoydu.
Ermənilərin cinayətləri cəzasız qalmayacaq
Bu itkilər nə qədər ağır, ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilməz. Vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. İnsanlar Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, Ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər.
Bu gün Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. Əminliklə demək olar ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib.
Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır. Hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər.
Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq.
Beləliklə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əiyevin qətiyyətli addımları, xalqa müraciətləri, rəşadətli ordumuzun uğurları cəmiyyətimizdə, dünyanın harasında yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər edib, Qarabağa yenidən dönmək arzusunu reallığa çevirir. 30 ildir ki, düşmən tapdağında qalan torpaqların azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Qarabağ uğrunda savaş bizim Vətən savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31