Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADPU Quba filialında Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

ADPU Quba filialında Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

14.07.2021 [09:04]

İyulun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə dünya şöhrətli alim, süni intellekt sahəsinin dahi yaradıcılarından biri, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir dövrün informasiya cəmiyyətinin problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda filialın direktoru, dosent Yusif Alıyev, professor, müəllim, doktorant və tələbə heyəti, həmçinin fəxri qonaqlar iştirak ediblər. Konfransın fəxri qonaqları arasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu, “Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Oruc Mustafayev olublar. ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə baş tutan konfrans Lütfi Zadənin elmi fəaliyyətinin təhlili, qeyri-məntiq nəzəriyyəsi haqqında məlumatların verilməsi ilə başlanıb.
Daha sonra ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev müasir dövrün informasiya cəmiyyətində çağırışlar mövzusunda çıxış edib. O bildirib ki, informasiya cəmiyyəti sferasında tətbiq edilən əksər texnologiyalar məhz Lütfi Zadənin adı ilə bağlıdır. Onun qeyri-səlis çoxluqlar nəzəriyyəsi bütün sferalarda istifadə olunur. Direktor dezinformasiyaya qarşı mütərəqqi mübarizədən də söz açaraq qeyd edib ki, internet imkanları medianın həyatımıza daha sürətli şəkildə daxil olmasını zərurətə çevirib. Y.Alıyev vurğulayıb ki, müstəqil ölkənin vətəndaşı olaraq dezinformasiyaların cəmiyyətimizə sirayət etməsinə yol verməməliyik.
Y.Alıyev, həmçinin bildirib ki, mütəmadi olaraq ADPU-nun Quba filialının müəllim və tələbə kollektivinin ziyalılar, ictimai statuslu şəxslərlə görüşləri keçirilir və bu, informasiyalaşdırmaya xidmət edir. Yaxın vaxtlarda isə filialın “Telegram” kanalı və “Twitter” səhifəsi fəaliyyətə başlayacaq. Həmçinin https://adpuquba.edu.az/ saytının təqdimatının da yüksək səviyyədə keçirilməsi nəzərdə tutulur.
O, çıxışında regionun informasiya təminatında ali təhsil müəssisəsinin rolundan bəhs edib. Son 2 ildə magistraturaya qəbul olunan tələbələrin statistikasının son 5 illə müqayisədə xeyli yüksək olmasını vurğulayıb və statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə təqdim edib. Y.Alıyev filialın bir sıra xarici ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. Bildirib ki, yaxın gələcəkdə filialın Türkiyənin 4 ali təhsil müəssisəsi ilə yeni layihələrinin reallaşdırılması gözlənilir. Onlardan biri də Qazi Universitetidir. Növbəti illərdə filialla Qars Universiteti arasında “İkili diplom” proqramının həyata keçirilməsi istiqamətində də müzakirələr aparılır. Həmçinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində tədqiqat laboratoriyasının açılması, Yaponiya ali təhsil təcrübəsinin öyrənilməsi planlaşdırılır.
Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu ilk olaraq Azərbaycanda medianın inkişafına dövlət dəstəyindən söz açıb. ADPU-nun Quba filialının belə aktual və məzmunlu tədbir keçirməsini yüksək qiymətləndirən Hikmət Babaoğlunun fikrincə, milli informasiya cəmiyyəti qlobal çağırışlar astanasındadır və bu çağırışlar bizim fəaliyyətimiz üçün cazibə rolunu oynamaqdadır. O bildirib ki, bu gün elm informasiyanın ali formasıdır. Millət vəkili sosiologiyanın cəmiyyəti təsnifatlaşdırma meyarlarından da bəhs edib. O, həmçinin postmodernist cəmiyyətin əsas xüsusiyyətlərini sadalayıb və hazırda informasiya cəmiyyətində yaşadığımızı qeyd edib. Deputatın fikrincə, informasiya cəmiyyəti təkcə cəmiyyət üzvlərinin informasiya axtardığı cəmiyyət deyil. Bu, informasiyanın cəmiyyətin hər bir fərdini axtararaq, onun idraki idarəetmə sisteminə daxil olaraq onu yönləndirən cəmiyyətdir. Millət vəkili qeyd edib ki, müasir informasiya cəmiyyətində ağıllı insanın rolu əvəzsizdir. O, informasiya cəmiyyəti üçün xarakterik olan yeni insan tipini “homoinformatikus” adlandırıb. Onun sözlərinə görə, bu, yalnız düşünən deyil, həm də informasiya ilə idarə olunan insan tipidir. Millət vəkili müəllifi olduğu “İnfoimperializm və media” monoqrafiyasından sitat gətirib. Hikmət Babaoğlu Freydin psixoanaliz, süuraltı yaddaş nəzəriyyələrinin informasiyalılıqla əlaqəsini izah edib. O, çıxışında sosial şəbəkələrdə milli maraqların gözardı edilməsi və digər belə halların qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.
Hikmət Babaoğlu ADPU Quba filialının uğurlu fəaliyyətini daim mətbuat vasitəsilə izlədiyini, konfransda bunun daha təfsilatlı şəkildə şahidi olduğunu vurğulayıb. Bildirib ki, regionda belə müasir tələblərə cavab verən ali təhsil müəssisəsinin olması təqdirəlayiqdir. Millət vəkili yüksək təhsil göstəriciləri və yenilikləri nəzərə alaraq filialla əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.
“Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli “Onlayn, yoxsa əyani informasiya cəmiyyəti - hansı daha tez maarifləndirir?” mövzusunda çıxış edib. O, distant tədrisə keçid zamanı əksər universitetlərin gərginlik yaşadığını, bunun informasiya cəmiyyətinin tələblərinə uyğunlaşmaqdan irəli gəldiyini bildirib, pandemiya dövründə distant təhsil zamanı informasiyanın tələbələrə tam şəkildə çatdırılması üçün texniki vasitələrə ehtiyacdan bəhs edib.
M.Məmmədli informasiya cəmiyyətinin necə böyük anlayış olduğunu diqqətə çadırıb, pandemiyanın informasiya cəmiyyətinə təsirini şərh edib. Məzahir Məmmədli belə aktual mövzuya həsr olunmuş konfransa görə ADPU-nun bütün kollektivinə təşəkkürünü bidirib.
“Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Oruc Mustafayev “Elmin inkişafında qəzetlərin rolu” mövzusunda məruzə edib. Bildirib ki, bu gün Azərbaycanın ali təhsil sisteminin yalnız böyük şəhərlərlə məhdudlaşmaması sevindirici amildir. Onun sözlərinə görə, pandemiya həm universitetlər, həm də informasiya cəmiyyəti üçün gözlənilməz olub. Məruzədə şöbə müdiri ali təhsil müəssisələrinin informasiya cəmiyyətinin yaratdığı şərait fonunda təkmilləşdiyini vurğulayıb. O. Mustafayev sonda Lütfi Zadə irsinə müraciət edərək onun İKT-nin insan həyatında yenilikçi rolu ilə bağlı çıxışlarından sitat gətirib. Bildirib ki, böyük alimin hələ 50 il öncə texnologiyaların gələcəyi ilə bağlı söylədiklərini məhz indi informasiya cəmiyyəti fonunda müşahidə edirik.
Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev bildirib ki, hazırda “Google” şirkətinin aparıcı işçisi olan keçmiş tələbəsi Tural Bədirxanlı dahi alim Lütfi Zadə ilə görüşmək şərəfinə nail olub. R.Sədullayev dahi alimlə bağlı tələbəsinin dilindən eşitdiyi xatirələri bölüşüb.
Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev isə konfransda Lütfi Zadənin sistemlər nəzəriyyəsi, təəssüratlar nəzəriyyəsi barədə danışıb. O bildirib ki, Lütfi Zadə həm də elmdə tolerantlığın nümunəsidir. Onun irsi daim müxtəlif konfranslarda və tədqiqatlarda xatırlanmalı, unudulmamalıdır.
Sonda ADPU-nun Quba Filialının direktoru Yusif Alıyev informasiyanın həm də bir arxiv rolunda çıxış etdiyini bildirib. Qeyd edib ki, bu gün ən böyük çətinlik tariximizlə bağlı faktların əldə edilməsində arxivin azlığıdır. Direktor xatırladıb ki, 1941-1942-ci illərdə Quba Dövlət Müəllimlər İnstitutu yaradılıb. Bu il ADPU-nun Quba filialının 30 illiyinin keçirilməsi qarşıya məqsəd kimi qoyulsa da, əslində, onun yaşı 80 ildir. Çünki bu filial Quba Dövlət Müəllimlər İnstitutunun varisidir. O vurğulayıb ki, 2 ildir araşdırmaya başlasa da, tarixlə bağlı məqamları tapmaqda çətinlik çəkir. Direktor bütün bunları nəzərə alaraq filialın 1942-ci ildə məzunu olmuş Sabir Bünyad oğlu İbrahimovu ucqar dağ kəndlərinin birində tapdığını, tarixi dəqiqləşdirmək məqsədilə onunla görüşdüyünü bildirib. Qeyd edib ki, tarixi faktları məhz qocaman məzunun dilindən toplamağı və bir sıra kontaktlara çıxış əldə etməyi bacarıb. Görüş zamanı şəkil, vitetka və diplomlar tarixi sübut kimi götürülüb. Direktor deyib ki, filial tarixinin qədimliyini sübut etmək üçün belə amillər mütləqdir.
Y.Alıyev bildirib ki, Quba multikulturalizm və tolerantlıq ənənələrinə malikdir və burada 26 xalqın nümayəndəsi yaşayır. Onların bir-birinə hörməti filialda da təzahür edir.
Konfrans ADPU Quba filialı barədə tanıtım çarxının təqdimatı ilə başa çatıb.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31