Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcbari tibbi sığorta: xəstələrin ümidləri doğrulurmu?

İcbari tibbi sığorta: xəstələrin ümidləri doğrulurmu?

23.11.2021 [10:17]

Bu gün dünyada cərəyan edən proseslər hər kəsi sağlamlığının qayğısına qalmağa vadar edir. Dünya təcrübəsi göstərir ki, əhalinin sağlamlığının qorunmasında tibbi sığorta mühüm rol oynayır. Məsələn, hazırda səhiyyə sektorunun ən bahalı olduğu ölkələrdən biri olan Amerikada sağlamlıq sığortası işəgötürən tərəfindən həyata keçirilir. Burada xəstəxanalar kommersiya və qeyri-kommersiyaya məqsədli bölünsə də, hamısı özəl xəstəxanalardır. Qiymət isə olduqca bahadır. Dövlətin “Medicare” və “Medicaid” sığorta şirkətləri isə müəyyən yaşdan yuxarı, yoxsulluq həddindən aşağı olan vətəndaşlar və bəzi ixtisas qrupları üçün sığorta təmin edir. Statistikaya görə, ABŞ əhalisinin təxminən, 14 faizinin heç bir tibbi sığortası yoxdur.

İngiltərədə isə Milli Sağlamlıq Sistemi (NHS) adlı sistem mövcuddur. Bu sistemə bağlı xəstəxanalarda bütün sağlamlıq xidmətləri pulsuzdur. Aparılan sorğulara görə, ictimaiyyətin Britaniya sığorta sistemindən məmnunluğu yüksəkdir. Bütün Böyük Britaniya vətəndaşları və ölkədə müvəqqəti yaşayacaq şəxslər bu sığorta sistemindən yararlana bilərlər.

Avropa İttifaqı (Aİ) üzvlərinin sistemləri əsasən bir-birinə bənzəyir. Burada da sığorta haqları adətən vergilər və ya işəgötürənlər tərəfindən ödənilir. Dövlət öz vətəndaşlarını tibbi sığorta ilə təmin etməklə yanaşı, xəstəxanaları da idarə edir. Fransa, İtaliya, Norveç və İsveç bu sistemdən istifadə edir. Səhiyyə xidmətləri özəl xəstəxanalar tərəfindən həyata keçirilir və göstərilən xidmətlərin qiymətləri dövlət tərəfindən həyata keçirilir.

Elə uzağa getməyək, yaxın qonşumuz Türkiyədə də Sosial Güvənlilik Qurumu (SGK) vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100% ödənilir. Buraya istər orqan köçürmə əməliyyatı və dərmanları, istər digər əməliyyat növləri, istərsə də müalicə xidmətləri daxildir. Dövlət xəstəxanalarında bütün xərci dövlət çəkir. Xəstələr ödəniş etmirlər. Xəstə özü xəstəxananı və həkimi seçməkdə tam azaddır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Bu yöndə dövlət hər zaman vətəndaşının yanındadır və əhalinin sağlamlığının qorunması cənab Prezidentin daim diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. Cari ilin 1 aprel tarixindən etibarən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir. Görəsən, ötən illər ərzində hansı nəticələr əldə olundu? Bu gün ölkəmizdə tibbi sığorta sistemi hansı səviyyədədir? Suallarımıza cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

İcbari tibbi sığorta kimlər üçün əlçatandır?

Qurumdan qəzetimizə verilən məlumata görə, bütün ölkə vətəndaşları sığortaolunandır. Belə ki, Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının ölkəmizdəki nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlana bilərlər: “Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılıb. “Tibbi Sığorta haqqında” Qanuna əsasən yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər”.

3 milyondan çox şəxs icbari tibbi sığortanın üstünlüklərindən yararlanıb

Qeyd olunub ki, cari ilin yanvar-oktyabr ayları ərzində bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Hansı xəstəliklər tibbi sığortanın əhatə dairəsindədir?

Tibbi sığortanın hansı xəstəliklərin müalicəsinə aid edilib edilməməsi ilə bağlı insanlarda müəyyən çaşqınlıq yaranıb. Agentlik tərəfindən bu məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir. Buraya təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya yardımı, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya, stasionar tibbi xidmətləri daxildir. Tibbi xidmətlər çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də təminata daxildir.

Həmçinin ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, serebrovaskulyar xəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir.

Eləcə də hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir. Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

İcbari tibbi sığortanın səhiyyə sisteminə və həkimlərə nə kimi faydası oldu?

Mövzu ilə bağlı fikirlərini qəzetimizin oxucuları ilə bölüşən Kliniki Tibb Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, bu proses əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və əlçatanlığın yaxşılaşmasına səbəb oldu. Onun sözlərinə görə, səhiyyə sistemində islahatların aparılması, icbari tibbi sığortanın tətbiqi təkcə dövlətin və ya tibb işçilərinin yox, hər bir vətəndaşın maraqlarına uyğun oldu. Çünki icbari tibbi sığorta dünyaya göz açan körpədən tutmuş yaşlı vətəndaşa kimi hamını əhatə edir: “Bildiyiniz kimi icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunun müəyyən ərazilərini əhatə etmişdi. Bunu biz həm də başlanğıc mərhələsi hesab edə bilərik. Mən tibb işçisi kimi, həm də bir vətəndaş kimi deyə bilərəm ki, bu islahatın uğurla həyata keçirilməsi nəticəsində əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı yaxşılaşdırıldı. Xarici təcrübəyə də baxsaq görərik ki, bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşır. Odur ki, cəmiyyət olaraq bu islahatları dəstəkləməliyik. Bu islahatın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Nəzərə alaq ki, icbari tibbi sığorta həmrəylik və sosial ədalətlilik prinsipinə əsaslanır. Ölkə miqyasında icbari tibbi sığortanın tətbiqini ölkəmizdə həyata keçirilən sosial islahatların davamı kimi qiymətləndirə bilərik”.

“Ölkədə fəaliyyət göstərən tibb işçiləri yeni qaydalara və standartlara uyğun fəaliyyət göstərirlər. Tibb müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq olundu. Bunun tibbi personala faydasına gəlincə isə səhiyyə sistemində yeni maliyyələşmə mexanizmi tətbiq edildi. Tibb işçilərinin əməkhaqlarının baza hissəsi artırıldı. Həmçinin tibb müəssisələrinin maddi-texniki təchizatı gücləndi, IT infrastrukturu yaxşılaşdırıldı. Ümumiyyətlə, səhiyyə sistemində ictimai nəzarət gücləndi və vətəndaş iştirakçılığı, şəffaflıq təmin edildi”, - deyə baş toksikoloq vurğulayıb.

Müşfiqə BAYRAMLI

 

 

Paylaş
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31