Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı qışa hazırdırmı?

Bakı qışa hazırdırmı?

23.12.2021 [11:19]

5 sual, 5 cavab...

Müşfiqə

Bu il Azərbaycanda qış ötən illərlə müqayisədə sərt keçəcək. Sinoptik-meteoroloqlar belə hesab edirlər. Onların sözlərinə görə, cari ildə payız mövsümü kimi qışın da sərt keçəcəyi gözlənilir. Oktyabrdan etibarən Azərbaycanda temperaturun kəskin düşməsi və bir sıra ərazilərdə yağış və qarın yağması ilə müşahidə edildi.

Deyirlər, qar yağacaq, yolları buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuata açıqlamasında bildirib ki, qarı seyr etmək arzusunda olan şəhər əhalisinə sinoptiklərdən xoş xəbər var. Belə ki, 23-24 dekabrda Abşeron yarımadası və Bakıda sulu qar gözlənilir. Lakin havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək. Sadəcə, ölkənin dağlıq və dağətəyi rayonlarının əhalisi qar örtüyünü müşahidə edə biləcəklər: “Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olurdu. Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq dekabrın 23-24-də bizim regiona çatacaq”.

Xidmət rəsmisi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.

Qurumlar qışa necə hazırlaşıb?

Dekabrın 21-dən Azərbaycana qış fəsli qədəm qoydu. Bir sözlə, qışın nəfəsi üzərimizdədir və indidən sərt soyuqlara hazır olmalıyıq. Havaların soyuması nəticəsində ölkədə mavi qaza və elektrik enerjisinə olan tələbat kəskin artdı. Maraqlıdır, belə olan halda qurumlar qışa hazırdırmı? Kommunal xidmətlərin qiymətlərinin bahalaşması keyfiyyətə də öz təsirini göstərirmi?

Qışda Bakı zülmətə qərq olmayacaq?

“Azərişıq” ASC respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirib. Bu barədə “Yeni Azərbaycan”a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib. Bildirilib ki, sözçüsü olduğu qurum qış rejiminə hazırlıq üçün müasir innovativ metodlardan istifadə edir: “Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər hələ yay aylarında həyata keçirilib. “Azərişıq” ASC müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisləri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaranarsa, dərhal 199 qısa nömrəsi ilə əlaqə saxlasınlar. 24 saat fasiləsiz xidmət göstərən “Qəza Xidməti”nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq xarakterinə görə, uyğun qısa vaxt ərzində aradan qaldırılacaq”.

Qeyd olunub ki, paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldıması da xüsusi diqqətdə saxlanılır.

Yayda bahalaşan qazın qışda xeyrini görəcəyikmi?

Məlum olduğu kimi, Tarif Şurasının qərarına əsasən, 1 iyul 2021-ci il tarixindən etibarən Azərbaycanda təbii qazın qiyməti təxminən iki dəfə bahalaşıb. Görəsən, bu qiymət artımı özünü keyfiyyətdə özünü göstərəcəkmi? “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev də təmsil etdiyi qurumun qış mövsümünə hazır olduğunu qeyd edib. Qışda “mavi yanacağ”a tələbat daha çox olduğuna və “Azəriqaz”ın davamlı və təhlükəsiz qaz təminatını həyata keçirmək istədiyinə görə ilin bütün fəsillərində qışa hazırlıq prosesi gedir. İlin bütün dövrlərində daşıyıcı boru xətləri, küçə xətləri daim yoxlanılır, korroziya almış xətlər istismardan çıxarılır, onların yenisi ilə əvəz olunması prosesi gedir. Həmçinin korroziyanın qarşısının alınması üçün rənglənmə, təzyiqlərin sabit saxlanması üçün mexanizmlər qurulur, bır sıra ərazilərdə yeraltı xətlərin yerüstü xətlərlə əvəzlənməsi prosesi gedir.

“Azəriqaz” sözçüsü qış mövsümünün gəlişi ilə əlaqədar qaz təzyiqində müəyyən problemlərin olmasını istisna etmir: “Düzdür, keçid dövründə qaz təzyiqi ilə bağlı ara-sıra problemlər yarana bilər. Amma bu vətəndaşların müraciəti əsasında, eyni zamanda, qurumun əməkdaşlarının ərazilərdəki müşahidələrinin nəticəsi olaraq o problemlər üzə çıxdıqca dərhal aradan qaldırılır. Amma ümumilikdə “Azəriqaz” İB qışa tam hazırdır.  Bizim 104 və 185 saylı çağrı mərkəzlərimiz və növbəli şəkildə çalışan qəza xidmətimiz gecə-gündüz çalışırlar”.

Əhalinin istilik təchizatı ilə bağlı şikayətləri son bulacaqmı?

Eləcə də 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrasını başa çatdırıb.

Bu barədə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

Bildirib ki, mövsüm ərzində cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 000-ə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur: “Bununla əlaqədar olaraq magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib. Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb”.

Yağış, qar yağan kimi Bakı niyə iflic olur?

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, bu qurum artıq avqust ayından hazırlıqlara başlayıb. Bu mövsüm Bakı yağış sularına təslim olmayacaq. Bunun üçün qurum lazım? tədbirlər görüb: “Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq olunub. Hazırlıq çərçivəsində hidrotexniki qurğularımızı, nasos stansiyalarımızı - həm su, həm də kanalizasiya nasos stansiyalarımızı, eyni zamanda, kollektorlarımızı, magistral xətlərimizi təftiş etmişik, monitorinq aparmışıq. Eyni zamanda, kanalizasiya kollektoruna baxış, quyuların xətlərinin yuyulması, təmizlənməsi işlərini həyata keçirmişik”.

“Qışda əhalinin su təchizatı ilə bağlı vəziyyət stabil olacaq. Əhalinin həm içməli su təchizatında, həm də tullantı su infrastrukturunda, yağış və qar sularının axıdılmasında elə bir ciddi problem olmayacaq. Yarana biləcək su basmalarının qarşısını ala bilmək üçün operativ idarəetmə şöbəsi, eləcə də rayon və Bakı su kanal idarələri əlavə qüvvələr və xüsusi texnika avadanlıqlarını işə cəlb edib”,- deyə qurumun rəsmisi vurğulayıb.

Bakının yolları ilk qara hazırdır?

Məlum olduğu kimi, şəhərə qar yağan kimi yollardan yığılmayan qar əriyərək, böyük gölməçələr yaradır. Küçələrin sürüşkən olması isə piyadaların hərəkətində problemlərə yol açır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi Metin Hüseynovun dediyinə görə, bu kimi yaşanacaq hadisələrin qarşısını almaq üçün müvafiq addımlar atılıb: “Bakı şəhərinin bütün rayonlarında şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. Yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılıb. Güclü qar yağan zaman bütün kommunal xidmətlər gücləndirilmiş iş rejimində işləyəcəkdir. Küçə və prospektlərin, digər ərazilərin qardan təmizlənməsi üçün müvafiq cavabdehlər müəyyən edilib, həmin günlərdə rayonlarda və BŞİH-də qərargah bu işlərə rəhbərlik edəcək”.

 

 

Paylaş
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31