Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 2022-ci ildən nə gözləyək?

2022-ci ildən nə gözləyək?

30.12.2021 [11:02]

İlhamə Rəsulova

Yeni ilin astanasındayıq. Ömrümüzdən getsə də, yeni ili daha gözəl günlər naminə sevinclə qarşılamağı ənənə halına gətirmişik. Nağıl qəhrəmanları olduğunu bilsək də, uşaqlara qarışıb biz böyüklər də bəzən Şaxta babadan möcüzə gözləyirik. İldə bir dəfə qonağımız olan bu ağsaqqallı kişi kimdir? Bu obraz necə yaranıb, niyə şaxtadan özümüzə baba düzəltmişik və ondan hədiyyələr gözləyirik? Yeni il ərəfəsində bir neçə maraqlı faktı diqqətinizə çatdırmaq istərdik.

Şimal xalqları, eləcə də qədim slavyanlar xristianlıqdan öncə dekabrın 25-də Kolyada bayramını qeyd edirdilər. Qışı təmsil edən canavardan baharı təmsil edən Kolyadanı (günəşi) qorumaq  üçün atəş yandırır, canavarı qorxunc maskalarla qovurdular. 25 dekabr Milad bayramının başladığı tarixdir, eyni zamanda, qış gündönümü günü sayılırdı və onlar yanvarın 6-dək davam edirdi. Xristianlığın qəbulundan sonra Kolyada İsa Məsihin doğum günü ilə birləşdi və Milad bayramı artıq dekabrın 6-dan 19-a qədər qeyd olundu. Sonralar tarix bir qədər geri çəkilsə də, Milad ənənələri bu günə qədər yaşayır. Əsas xristian bayramlarından biri olan Miladı Pravoslav kilsəsi yanvarın 7-də qeyd edir. Rusiyada xristianlığın tətbiqindən sonra, X əsrdə Milad bayramı qeyd olunmağa başladı.

Müqəddəs Nikolay necə Santa Klaus oldu?

Müqəddəs Nikolay 270-ci ildə anadan olub. O hesabla bu il onun 1752 yaşı tamam olur. Əslində, bu bayram İsa peyğəmbərin doğum gününü qeyd etmək deməkdir. Bəs nə üçün müqəddəs Nikolay?

Santa-Klausun təcəssüm etdirdiyi və ya başqa sözlə, prototipi olduğu müqəddəs Nikolay şimal qütbündə yaşamayıb. Onun ana vətəni, əslində indiki Türkiyə, daha dəqiqi, Anadolu sayılır.

Amerikalılar Santa-Klausu hollandiyalılar sayəsində qazanıblar. Onlar 1626-cı ildə indi Nyu-York kimi tanınan ərazidə Yeni Amsterdam adlandırdıqları yaşayış məskənini saldılar. Və bu əraziyə öz adət-ənənələrini də gətirdilər.  Bir neçə Hollandiya gəmisindən bir freqat Yeni Dünyaya gəldi. “Qoede Vrove” əsas gəmisinin burnunda dənizçilərin himayədarı olan Nikolayın fiquru dayanmışdı.

Dənizçilər Amerikanın yerli əhalisindən - hindulardan 24 dollara torpaq alıb qəsəbəyə “Yeni Amsterdam” adını vermişlər. Bu gün bu “kənd” ABŞ-ın ən böyük və dünyanın ən məşhur şəhərlərindən birinə - Nyu Yorka çevrilib. Nikolay kəndi müdafiə edə bilsin deyə hollandlar müqəddəsin heykəlciyini gəmidən götürüb əsas meydana köçürdülər. Yalnız yerlilər müqəddəsin adını aydın şəkildə tələffüz edə bilmədilər və bu ifadə “Sinter Klaus” kimi səsləndi, sonra “Santa Klaus”a çevrildi. Beləliklə, Müqəddəs Nikolay, həm də Şaxta baba oldu.

Bu gün hər kəsin xeyirxah baba kimi gördüyü Santa fin əfsanələrinə görə, heç də həmişə şən və xeyirxah olmayıb. O gah keçi, gah uşaqları qorxudan meşə adamı görkəmində gəlirdi.  Lap qədimlərdə finlər onunla dəcəl uşaqları qorxudurdular. “Youlupukki” adlanan bu varlıq hədiyyə  paylamır, əksinə bizim Novruz Kosamız kimi özü hədiyyə toplayırdı.

Şaxta baba həmişə qırmızı kürk geyinməyib. Əvvəllər o, qəhvəyi qoyun dərisi geyinərdi və çox da yaraşıqlı təsvir olunmurdu. Daha sonralar  yaşıl, qızılı, mavi geyimlərdə göründü.

Qışda sərin içkilərin satışını artırmaq üçün onun imicindən istifadə edən və Santanın kostyumunu korporativ rəngə boyayan “Coca-Cola” şirkəti tərəfindən Santaya kaftan və qırmızı papaq hədiyyə edildi.  İlk reklam şəkli “Puck” jurnalında dərc olundu. O gündən sonra bütün Santa Klauslar dönüb oldular “qırmızı adamlar”. “Coca-Cola” üçün o məşhur Şaxta baba şəklini rəssam Heddon Sandblom çəkdi və heç bir qonorar almadı. O, Şaxta baba obrazını yaratmaq  üçün  model axtarmadı, güzgüyə baxıb öz şəklini çəkdi. Yəni reklam şəkillərinə baxdığımız gombul, şən qoca əslində rəssamdır. Şaxta baba təkcə “Coca-Cola”nın reklam simvolu deyil, həm də reklam biznesinin bütün tarixində ən gəlirli fotomodel olub.

1890-cı ildə iş adamı Ceyms Edqar mağazasına daha çox müştəri cəlb etmək üçün ilk dəfə Santa Klaus kimi geyindi, bu kreativ addım uğurla nəticələndi. Mağazada müştəri izdihamı yaşandı və o vaxtdan Miladda Santanı, demək olar ki, hər hansı bir ticarət mərkəzində tapmaq olar.

Santanın ünvanı və telefon nömrəsi

Laplandiya Santanın rəsmi iqamətgahı hesab olunur. Santa Claus, Arctic Circle, 96930, Rovaniemi, Finlandiya yazıb poçt qutusuna atsanız, mütləq məktubunuz ünvana çatacaq.

Santanın hədiyyələri niyə məhz soba ətrafındakı corablara qoyması ilə bağlı da əfsanə var.  Bir dəfə üç kasıb qız Miladdan əvvəl corablarını yuyub sobanın yanından asırlar və bacadan düşən Santa o corabların içərisinə qızıl sikkələr qoyur. O vaxtdan Milad ərəfəsində böyükdən-kiçiyə hamı oraya nəsə düşəcəyinə ümid edərək, corablarını sobadan asırlar.

Bəs Nikolay necə Milad simvoluna çevrildi? Müqəddəs Nikolay günü dekabrın 6-da qeyd olunur. X əsrdə Almaniyanın Köln şəhərinin kafedralında xristian məktəbinin şagirdləri həmin gün əhaliyə xəmir və meyvələr paylamağa başladılar. Çox tezliklə bu ənənə digər şəhər və ölkələrdə geniş yayıldı. Əfsanəni xatırlayan insanlar Nikolayın hədiyyələrini qoyması üçün xüsusi bayram corabları hazırlayıb qapılarından asdılar.

Şaxta babanın külfəti

Şaxta baba uzun müddət subay idi, 1849-cu ildə Ceyms Rizin “Milad əfsanəsi” hekayəsində xanım Klaus göründü. O vaxtdan bəri Şaxta babanın və yaxud Santanın  şaxta nənə ilə yaşadığına dair inanc da yayıldı. Onun bir də nəvəsi var. Qar qız.

İnqilabdan sonrakı dövrdə - 1920-ci illərdə Sovet Rusiyasında dövlət səviyyəsində dini fikirlərə və atributlara qarşı mübarizə aparılırdı və Şaxta baba da dinin qalığı kimi ləğv edilmişdi. Şaxta baba ilə birlikdə Yeni il ağacı da unuduldu. Yalnız 1935-ci ildə Yeni ilin simvolu kimi yolkanın bərpasından sonra Şaxta baba da yenidən bayram sevincinin bir hissəsi oldu. Onun nəvəsi Qar qız isə 1937-ci ildə “doğuldu”, Moskvada Kremldə  Yeni il şənliyində ilk dəfə sovet uşaqlarının qarşısına çıxdı. Rusiyalılar  üçün Şaxta babanın doğulduğu yer şimalda yerləşən Böyük Ustyuq şəhəridir. Rəsmi olaraq 1999-cu ildən etibarən Ustyuq Şaxta babanın doğulduğu yer sayılır. Təbii ki, onun marallarından söz açmasaq, olmaz. Santanın ailəsinə 7 maralı da daxildir - Səfeh, Kupidon, Kometa, Hirsli, Titrək, Rəqqas və Füsunkar.

Ustyuq şəhərində şaxta babanın ad gününə xüsusi hazırlıq gedir, xüsusi qonaqlar dəvət olunur. Həmin gün onun üçün məktublar və təbriklər göndərilə bilən xüsusi bir poçt qutusu açılır. Şaxta babanın ad gününə müxtəlif ölkələrdə müxtəlif cür adlandırılan bənzərləri və “qohumları”  dəvət alırlar - Finlandiyadan ən qoca həmkarı Santa Klaus, Yakutiyadan Çişan, Kareliyadan Pakkayne, Çexiyadan Mikulas, Latviyadan Laşplesis, Qırğızıstandan Ayaz Ata, Pereslavl-Zalesskidən Berendey, Tixvindən Lel, Arxangelskdən Qar adamı,  Kostromadan Qar qız, Yaroslavl vilayətindən Baba Yaqa, habelə  müxtəlif şəhərlərin rəsmi nümayəndə heyətləri təbrikə gəlirlər. Ad günü noyabrın 18-də qeyd edilir.  Bayramdan sonra Şaxta baba Rusiyanın şəhərlərinə uşaqları təbrik etmək üçün səfərə çıxır. 

Təyyarə ilə yarışan müasir Santalar

Bir müddətdir ki, Santa Klausun uçuşu real vaxt rejimində izlənilə bilər. Santanı “Flightradar24” saytlarında və “Google” xəritələrində tapmaq olar. Şəkildə hərəkət edən təyyarələrə diqqətlə baxsanız, maralı və Şaxta babadan ibarət komandanı görə bilərsiniz. Onun hərəkət sürətinin saatda təxminən 1800 kilometr olduğunu söyləyirlər!

Santa Klausa zəng etmək də olar. Onun telefon nömrəsinin ABŞ hərbi qüvvələrinə aid olduğunu bilirdinizmi? Bunun da tarixçəsi var. 1955-ci ildə ABŞ qəzetlərindən biri təsadüfən nömrəni səhv yazaraq Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının telefon nömrəsini Santa Klausun nömrəsi kimi qeyd edib. Yüzlərlə insanın ümid və inam dolu zənglərinə komandanlıq fərqli reaksiya verə bilmədi, xüsusi əsgər ayıraraq ona Santanı təqlid etmək tapşırıldı. Başqa sözlə, insanlar həqiqətən arzularını göylərlə əlləşən bir rəsmi quruma göndərirlər- Aerokosmik Komandanlığa.

Yeri gəlmişkən, müasir Şaxta baba zamanla ayaqlaşmağa məcburdur, ona görə də o, yeni texnologiyalara da yiyələnir - indi uşaqlardan elektron poçtla məktublar alır, həmçinin sosial şəbəkələrdə bloq yazır və həmkarları ilə mobil telefonla əlaqə saxlayır.

Korona Santadan da yan keçməyib. Lakin o, yoluxmayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə deyir. ÜST-nin Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkove bildirib ki, Santa Klaus COVID-19-a qarşı immunitetlidir və uşaqlara hədiyyələr verəcək. “Mən sizə deyə bilərəm ki, Şaxta baba bu virusa qarşı immunitetlidir. Onun xatirinə bir sıra dövlətlər öz hava məkanlarını açıblar ki, uşaqlar hədiyyəsiz qalmasın”, - deyə Van Kerkhovedən ÜST-nin “Twitter” hesabında yazıb.

Astroloqlar, münəccimlər nə düşünürlər?

Bəs bu ildən biz nə gözləyək? Astroloqlar, münəccimlər nə düşünürlər?

Şərq təqviminə əsasən, 2022-ci il mavi su pələngi  ili olacaq. İnanca görə, pələng ili yaddaqalan hadisələr və sərt təkrarlarla dolu il olur. Şərqdə mavi rəng ən dəyişkən rənglərdən biri sayılır, bu o deməkdir ki, dəyişikliklərə hazır olmalıyıq. 2022-ci ildə, nəhayət, xəyal etdiyiniz dəyişikliklərə qərar verə, hətta fəaliyyət sahəsini kökündən dəyişə bilərsiniz. Yeni iş qurmaq üçün əlverişli il olacaq. Mütləq şəkildə yeni bacarıqlara və ixtisaslara yiyələnməli, irəli getməlisiniz. Bundan əlavə, bu il yeni yerə köçmək uğurlu olacaq. Yalnız mənzili deyil, həm də bölgəni dəyişsəniz, peşman olmayacaqsınız.

Pələng inadkar bir heyvandır. Onun qulaqları yaxşı eşidir, siz də təbiəti dinləməyi öyrənməlisiniz. Pələng yeni tanışlıqları, maraqlanmağı sevir və praktiki olaraq qorxu hiss etmir. Su pələngi ili olduğuna görə, su onun sərt xüsusiyyətlərini bir qədər yumşaldır. Aqressiyanı söndürür və sakitləşdirir. Təbiətdə su nemətdir. Lakin bəzən o fırtınaya da səbəb ola bilir. Buna görə suyun yönləndirilməsi vacibdir. 

Pələng pis yox, vəhşi xarakterlidir. O aktivdir, daim ov arxasınca gəzir. Enerjini təmsil edir. Pələng ili də enerji dolu bir il olacaq. Parlaq, enerjili və gözlənilməz dəyişikliklərlə dolu il gözlənilir. Məhz pələng ilində karyerada yüksəliş üçün imkanlar yaranacaq. Pələng ov üçün yüksəyə sıçramağı və ovunu əldə etməyi yaxşı bacarır. Yaradıcılıq, natiqlik, siyasət sahəsində çalışanlar üçün uğurlu il olacaq. Hazırlıqlı olsanız, hər şey uğurla nəticələnə bilər. Əsas odur ki, işi yarımçıq qoymayasınız. Belə ehtimal da gözləniləndir. Pələng ili həm də romantik sevgilər vəd edir. Yaxşı xəbər odur ki, pələng ili həm də möhkəm sağlamlıq vəd edir. Pələng ilində doğulan uşaqlar güclü olurlar. Bu mənada, ilin şansını qaçırmaq olmaz.

Astroloq Yelena Savçenkonun dediyinə görə, 2022-ci ildə  Maya  öngörücülərinin 2012-ci il üçün söylədikləri proqnozların bir hissəsi gerçəkləşəcək. “Birincisi, bir çox ölkənin yenidən qapanma tətbiq etməsinə səbəb olan yeni koronavirus ştamları ortaya çıxacaq. Beynəlxalq siyasi arenada yeni münaqişələr yaranacaq. Amma yeni müharibələr olmayacaq. Yalnız köhnə münaqişələrin ağır itkilər olmadan kəskinləşməsi mümkündür. Kosmos və tibb sahəsində yeni kəşflər olacaq. 2022-ci ildə ciddi texnogen qəzalar olmayacaq, lakin maraqlı vəziyyətlər mümkündür. Dünya müharibələri, Fukuşima-1 AES-dəki qəza kimi təbii və texnogen fəlakətlər gözlənilmir. Ancaq siyasətdə kuryoz hadisələr gözlənilir, bu, qlobal böhrana gətirib çıxarmayacaq.

İlin əvvəlində koronavirusla bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyəcək. Yazın ortalarından xəstələnmələrdə nəzərəçarpacaq artım olacaq, lakin dəqiq məlumat bizdən gizlədiləcək. Media hər şeyin qaydasında olduğunu və dünyanın infeksiya ilə uğurla mübarizə apardığını söyləyəcək. Ancaq 2022-ci ilin sonuna qədər COVID-19-u effektiv şəkildə müalicə edəcək bir dərman ortaya çıxacaq”, - Savçenko deyir.

“Dünyada kəskin dəyişikliklərə start verilib. Köhnə hər şey yoxa çıxacaq və yeniliklərə yol açılacaq. Bu, rəqabət və mübarizə ili olacaq, bəziləri bu mübarizənin öhdəsindən gələcək və ondan qalib çıxacaq, bəziləri isə yox. Belə vəziyyətlərdə tələsik qərarlardan, yaxşı heç nəyə səbəb olmayacaq emosiyalara əsaslanan qərarlardan ehtiyat etmək lazımdır”,- deyə o bildirib.

Belə proqnozları hər il eşidir, yaxşılara inanır, neqativləri yalan adlandırırıq. Hər halda, yeni ilimiz gözəl gəlsin. Ömrümüzün unudulmaz ilinə çevrilsin.

 

 

Paylaş
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31