Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sirli Antarktidaya səfər Stansiyaların məxfi fəaliyyəti nəyi hədəf alıb?

Sirli Antarktidaya səfər Stansiyaların məxfi fəaliyyəti nəyi hədəf alıb?

12.01.2022 [10:55]

İlhamə Rəsulova

“Yeni Azərbaycanın” həmsöhbəti yazıçı, səyyah Rövşən Abdullaoğludur.

O, əsərlərini dünyanı gəzərək, aldığı təəssüratlar əsasında yazır. Avropa, Afrika, Asiya, Amerikanın müxtəlif ölkələrini gəzib, ən müxtəlif xalqların mədəniyyəti ilə yerində tanış olub. Bu gün onun yaradıcılığından söz  açmayacağıq. Etdiyi ən maraqlı səyahətlərdən biri barədə danışacağıq. Rövşən Antarktidaya səfər edib, hətta buzlu okean sularına da baş vurub. Səyyahımız, buzlar krallığı barədə eşitmədiyimiz çox maraqlı faktlar barədə danışır. Planetin ən soyuq materiki olan Antarktidaya səfərlər məhdud şəkildə həyata keçirilir. Baxmayaraq ki, Antarktida konkret hansısa bir dövlətin ərazisi sayılmır, ora qədəm basmaq üçün xeyli sənədləşmədən, yoxlamalardan keçmək lazım gəlir. 1959-cu ildə Antarktida barədə qəbul edilmiş konvensiyaya əsasən, bu qitədə elmi fəaliyyətdən başqa heç bir fəaliyyətə icazə verilmir. Dünyada çox az sayda şirkətlər qütb bölgələrinə səfər təşkil edir. Antarktidaya səfərləri dünyada yalnız on təşkilat həyata keçirir.

Rövşənin 25 saat davam edən uçuş marşrutu Bakıdan başlayıb, Argentinanın Uşuaya şəhərində başa çatıb. Bəri başdan deyim ki, bu səfərin qiyməti də ucuz deyil, belə bir adrenalin üçün 250000 dollar ödəmək lazım gəlir. Onun Antarktidaya səfəri qitənin yay fəslinə (dekabr ayına) təsadüf edib. Yayda Antarktidada temperatur mənfi 20, qışda mənfi 60-80 dərəcə təşkil edir. Atom buzqıran gəmisi vasitəsilə baş tutan bu maraqlı səyahətdə Rövşənlə yanaşı bloggerlər, milyonçular, dünyanı gəzməyi sevən səyyahlar, fərqli duyğular arayan avropalı xanımlar iştirak ediblər.

Dünyanı kirlədən insan Antarktidanın təmizliyini qoruyur

Buzqıran gəmi qitənin sahilinə çatınca dərhal gəmidən düşmək olmaz. Bunun üçün çox maraqlı bir hazırlıq prosesi gedir.

“Gəmidən düşmək üçün xeyli “təmizlənməli” olursan. Bunu materikin təbii ekoloji mühitinin qorunması üçün etdiklərini dedilər. Demək olar ki, hərbi qaydada təmizlik prosedura gedir. Sahilə çıxmazdan öncə geyəcəyimiz geyimləri alıb xüsusi tozsoranla təmizlədilər. Sonra bu geyimlər sterilizasiyadan keçirilirdi, ən sonda materikə çıxanda xüsusi ləyənlərdəki antiseptiklərlə dolu  vannalara ayaqqabılarla girib bakteriyalardan arınıb sahilə çıxdıq. Gəmiyə qayıdanda da eyni qaydalara əməl edildi. Bu ondan ötrü idi ki, özümüzlə materikə hər hansı bakteriya aparmayaq, gəmiyə də materikin bakteriyalarını gətirməyək. Deyilənə görə, bu materikdə digər materikdə olmayan bakteriyalar vardır və onlardan müalicə məqsədi ilə istifadə olunacaq. Hətta sahilə çıxarkən özümüzlə adi bulka götürməyə belə icazə verilmirdi. Qırıntıları yerə tökülüb mikrofloranı pozmasın deyə. Sahilə sadəcə xüsusi qablarda su götürməyə icazə verilirdi”, - deyə yazıçı qeyd edir.

Bax, bu sirli “ təmizləmə” prosesi maraq oyadır. Materikə sahildən bakteriya aparılmamasını anlamaq olur, materikin bakteriyalarının  digər materiklərə “daşınmasının” qarşısının alınması isə sizcə müəmmalı deyilmi?

Başqa bir müəmmalı məqam qütb stansiyalarına yaxınlaşmağa icazənin verilməməsidir. Stansiyaların hansı işlər görməsi barədə məlumatlar  əsasən gizli saxlanılır. Əraziyə yaxınlaşan kimi, qarşını hərbçilər kəsir.

“Materikə düşmək üçün xüsusi geyimlərlə təchiz olunmalısan. Su və külək keçirməyən. Antarktida buzlarla örtülü olsa da, quraq iqlimə malikdir. Bura ildə bir və ya iki dəfə yağış yağır. Sahildə hərəkət edərkən, həddən artıq ehtiyatlı olmaq lazım gəlir. Qarın altında uçurumlar var, ehtiyatlı olmasan,  uçuruma düşə bilərsən. Buzlar o qədər bir-birinə sıx preslənib ki, ülgüc kimi iti olur. Antarktidaya səfər edən gəmilərin bir çoxlarının gövdəsini bu buzlar kəsib doğrayır. Səyyahların təhlükəsizliyini qorumaq  üçün sahilə 100 nəfərlik qruplarla çıxarırlar”.

Bu qədər qoruma tədbirləri görülürsə, sahilə çıxan turistlərin tualet ehtiyacı necə yerinə yetirilir bəs? Rövşən bu sualımıza belə cavab verir: “Tualet ehtiyacları  təmizliyi qorunan buzlar içərisində xüsusi problemli məsələdir. Düşərgədən bir qədər aralıda qarın içərsində dərin çuxur açılır, ora xüsusi qablar yerləşdirilirdi. Tualet ehtiyacı olan şəxs həmin çuxurda ehtiyacını yerinə yetirdikdən sonra, həmin xüsusi qabları geriyə gəmiyə gətirməli idi. Qısası, sahilə çıxmış şəxslərdən or?da bir çöp belə qalmasına icazə verilmir. Stansiyada yaşayanların da tualetlərində xüsusi konteynerlər qoyulub və qalıqlar  gəmiylə materikdən daşınır. Qaydalar çox sərtdir”,- deyə o bildirir.

 Rövşənin sözlərinə görə, materikdə fərqli ölkələrə məxsus olan 40-a yaxın stansiya daimi fəaliyyət göstərir.

“Əksər iri ölkələrin qütb stansiyaları var. Bu həm də avtoritet məsələsidir. Ən böyük stansiya Amerikaya, sonra Argentinaya, daha sonra isə Rusiyaya məxsusdur. Təkcə Amerikanın Mak Merdo stansiyasında 1300 nəfər fəaliyyət göstərir. Argentina stansiyalarında işləyənlərin sayı iki dəfə azdır. Müasir dünyada ölkənin hegemon və ən inkişaf etmiş olduğunu göstərmək üçün qeyri-rəsmi iki meyar var: kosmosun tədqiqi və Antarktidada qütb stansiyasının olması.  

Məxfi stansiyalar

Qəribədir ki, sənaye tullantılarının, məişət, sənaye qazlarının təsiri nəticəsində formalaşan ozon dəliyi  məhz bu qədər qorunan Antarktikanın üzərində yaranıb- Yer kürəsi üçün ən böyük təhlükə yarada biləcək yerdə. Antarktikanın buz örtüyünün əriməsi dünya okeanının suyunun art­ması deməkdir. Suların artması bir çox ölkələrin su altında qalması demək olardı.

Antarktikanın təbii mühitinin öyrənilməsi elmi əhəmiyyət kəsb edir. Qütb stansiyaları Antarktikanın atmosferlə, okeanla, dünya iqlimi ilə olan əlaqəsini araşdırır, dünya ekologiyasına, iqliminə olan təsirlərini öyrənirlər. Qütb stansiyaları suyun səviyyəsinin qalxmasını nəzarətdə saxlayırlar. Antarktida dünyanın ən böyük təbii yeraltı ehtiyatlarına malikdir. Düzdür, hələlik beynəlxalq təşkilatlar bu sərvətləri üzə çıxartmağa icazə vermir, ancaq gələcəkdə dünyanın enerji ehtiyatları tükənsə, oranı istifadə etməli olacaqlar. Bu zaman öz ölkəsinin mənafeyini güdən qütb stansiyalarının fərqli funksiyası üzə çıxacaq. Dünyanın şirin su ehtiyatının 80%-ə qədəri Antarktika buzlaqlarında toplanıb. Qütb stansiyaları ölkələrinin içməli su ehtiyatları tükənərsə, tələbatını Antarktika aysberqlərindən təmin edəcək. Hələlik aysberqlərin nəqlinin yolları üzərində iş gedir. Əlbəttə, qütb stansiyalarının məxfi şəkildə məşğul olduğu bir çox istiqamətlər bizdən gizli saxlanılır. Əks halda məlum ölkələr orada böyük maliyyə vəsaitinə başa gələn qütb stansiyalarını saxlamazdılar. Əslində, materikdəki stansiyaların məqsədləri yalnız elmi araşdırma deyil. Burada siyasi məqsədlər və bir də gələcəyə yönəlik planlar da var. Gələcəkdə bütün dünyada yanacaq və faydalı qazıntılar ehtiyatı tükənsə, əllərinin altında zəngin yataqlara sahiblənmək üçün hər kəs öz stansiyasının ərazisinə iddialı olacaq. Qütb stansiyaları gizli dövlət obyektləri kimi qorunur və fəaliyyətləri tamamən açıqlanmır. Stansiyalarda alimlərlə yanaşı hərbçilər var. Bizim gəmi Kral Georq adasına yaxınlaşanda Çiliyə məxsus hərbi gəmi qarşımızı kəsib, təhdid etdi. Səbəb, orada Çiliyə məxsus stansiyanın yerləşməsiymiş. Ümumiyyətlə, Çilini orada ancaq hərbçilər təmsil edir.

Antarktidada dəmir filizi, daş kömür, polimetallar, volfrom, uran yataqları, milyard tonlarla yanacaq ehtiyatı var. Qızıl, gümüş, almaz, platin, apatit kimi qiymətli metalların yataqları tapılıb. Bəzi hesablamalara görə, burada yerləşən təbii sərvətlər bütün dünyanın təbii sərvətindən çoxdur, amma dəqiq məlumatlar  bir çox səbəblərlə gizli saxlanılır”, - deyə səyyah bildirir.

 Rövşən bildirir ki, Cənubi Şetland arxipelaqında Kral Georq adasında Rusiyanın məşhur Bellinshauzen qütb stansiyasında ekskursiyada olsalar da,  digər stansiyalara daxil olmağa icazə verilməyib.

“Bellinshauzen qütb stansiyasında yayda 40-a qədər işçi olur, qış mövsümündə isə 13 adam qalır. Stansiya 15 birmərtəbəli tikilidən ibarətdir. Stansiya ərazisində hətta taxtadan kilsə də tikilib. Kilsədə bir-birini əvəzləyən iki keşiş fəaliyyət göstərir. İnsanların az olduğu ərazidə kilsə  tikilməsi yəqin  sivilizasiyadan uzaq, çətin şəraitdə insanın özünü yaradana daha yaxın hiss etmə tələbatından irəli gəlib.

Bir şeyi də qeyd edim, Qalaktikanı seyr etmək üçün ən yaxşı mərkəz olaraq Antarktidada bir stansiya tikilib. Amma gecə düşmədiyinə görə səma cismlərini seyr etmək olmur. Ayın üzərindəki ləkələri isə heç bir teleskop olmadan daha aydın müşahidə etmək olur”, - deyə səyyah qeyd edir.

Rövşən bildirir ki, Antarktidaya səfər bu günə  qədər  etdiyi səyahətlərin ən maraqlısı olub: “Məni bu qədər  duyğu və həyəcanı Afrikada sivilizasiyadan uzaqda yaşayan qəbilə və tayfaların arasında keçirdiyim günlərdə yaşamışdım. Lakin bunlar iki fərqli duyğulardır. Birində özünü buzlar arasında, başqa bir planetdə, digərini yer kürəsinin beşiyində hiss edirsən. Sanki bəşəriyyətin ana bətnində olduğu dövrü seyr etmək imkanı yaranır”.

Paylaş
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31