Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Jurnalisti mollaların qəzəbindən Hacı Zeynalabdin Tağıyev xilas edib

Jurnalisti mollaların qəzəbindən Hacı Zeynalabdin Tağıyev xilas edib

26.01.2022 [12:15]

Məşhur şuşalılar - Əhməd bəy Ağaoğlu

İlhamə RƏSULOVA

Ötən əsrdə yaşayıb-yaratmış Əhməd bəy Ağaoğlu siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq, ən əsası da İrəvanın Azərbaycanın tərkibindən alınıb Ermənistana qarşı verilməsinin əleyhinə səs vermiş 3 nəfərdən biri kimi yadda qalıb. O, Türkiyədə mühacirətdə yaşadığı dövrdə ictimai xadim kimi tanınırdı, özünü liberal Kamalizmin banisi hesab edirdi. Əhməd bəyin həyatı ilə tanış olunca düşünürsən ki,  bu insan fırtına quşu kimi tufandan tufana atılıb, dinclik bilməyib. Hətta müasirlərimizin həyatı ilə müqayisə edincə düşünürsən ki, o, ömrünü atın belində çaparaq, biz isə yataraq keçirmişik.

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşada Həsən bəy Ağaoğlunun ailəsində dünyaya göz açmışdı. Atası, varlı fermer olan Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi. Əhməd bəy Ağaoğlunun ibtidai təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır, beləcə, gələcək həyatı Şərq deyil, Qərb təhsili ilə bağlanır.

Şuşada altı siniflik real məktəbini, Tiflisdəki 1 saylı gimnaziyanı bitirib, 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa təhsil almağa gedir. Hələ orta məktəb illərindən ermənilərin müsəlmanlara qarşı aqressiv münasibətinin şahidi olur və bu, onun gələcək həyatına ciddi təsir edir.

O, Peterburqda sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov və Əli bəy Hüseynzadə ilə tanış olur. Bu dostluq ömür boyu davam edir. Peterburq onu özünə bağlaya bilmir, Əhməd bəy Parisə can atırdı. Böyük ədib xatirələrində yazır:

“19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsarət, hərarət, laqeydlik və təşəbbüskarlı?! Bir səs içimdən “Paris, Paris” deyə hayqırdı. Bəli, Parisə gedəcəyəm. Orada oxuyacağam, oranın universitetini bitirəcəyəm və bu surətlə həm ruslardan yandırıcı bir qisas alacağam, həm də izzəti-nəfsimi yüksək dərəcədə təmin etmiş olacağam”. 

1888-ci ildə Əhməd bəy Parisə gedir. Fransada təhsil aldıqdan sonra geri qayıdıb, 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açır. Fransız dilindən dərs dediyi üçün xalq arasında ona “Firəng Əhməd” ləqəbi verilir. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gələn Əhməd bəy Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə redaktorluq edir. İdealist bir gənc olan Əhməd bəyi xəyalları, arzuları rahat buraxmır.

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin “Difai” təşkilatını qurur. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Or?da siyasi fəaliyyətini dayandırmır. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir, siyasi karyerasında yüksəliş başlayır. Ağaoğlu Atatürklə yaxın dostluq edir.

O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olub. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.

Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, “Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdu.

“Firəng Əhməd”in Azərbaycan naminə etdikləri

Əhməd bəy Ağaoğlu fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi.

Yalnız 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev “Kaspi” qəzetini alıb Azərbaycan ziyalılarının öhdəsinə verir. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə “Kaspi” qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən sonra qəzetdə yazdığı yazılar daha çox müsəlman cəmiyyətindəki problemlərlə, cəmiyyətdəki qadınların problemləri ilə bağlı idi.

 Qəzetdə çıxan “İslam, axund və hatifülqeyb” əsərində isə o islamdakı məzhəblərin çoxluğunu tənqid edib qeyd edir ki, islama ən çox axundlar və mollalar zərər vurublar. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə, Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.

Əhməd bəy 1905-ci il hadisələri ilə bağlı “Sankt Peterburqskie Vedomosti” qəzetində “Bakı hadisələri ilə bağlı həqiqətlər” adlı məqalə dərc etdirməklə erməni yalanlarını ifşa edir. Ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. Məhz Əhməd bəyin səyləri nəticəsində Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.

Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmadı. O, Türkiyə ilə Azərbaycanın bir bayraq altında birləşməsinin tərəfdarı idi.

Azərbaycan Xalq Cümhuriyyətində Ağaoğlunun rolu

1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı idi. O, Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi.  26 dekabr 1918-ci ildə Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o, həm Osmanlı dövlətinin Məclisi Məbusanında Qarahisari Sahib nümayəndəsi, həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Zəngəzur nümayəndəsi olur. 

Siyasətdən getdikdən sonra Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünya tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.

Əhməd bəy Ağaoğlunun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Böyük ürəkli Ağa oğlu

Əhməd bəy coşqun xarakterinə rəğmən, çox ürəyiyumşaq insan olub. Övladlarının danışdığına görə, siyasi səbəblə ev dustağı olarkən, qapıda nəzarət edən polisi evə dəvət edər, ona isti çay, şorba verərmiş.             

Onun sağ gözü gəncliyindən xəstə olub. Maltada sürgündə ikən sol gözü də tədricən görmə qabiliyyətini itirir. Əməliyyatın aparılması üçün ondan əlli funt-sterlinq istəyirlər. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçından borc istəsə də, o, kömək etmir. Lakin sürgündən sonra Əhməd bəy üstünə borca gəlmiş həmin adama evinin xalılarını sataraq yardım edir.

Əhməd bəy ömrünün son günlərini yataq xəstəsi olaraq keçirir. 1938-ci ildə Atatürkün ölüm xəbəri onu bərk sarsıdır. O, qaraciyər iltihabından ürək çatışmamazlığı nəticəsində 19 may 1939-cu ildə doğma Şuşadan uzaqlarda, İstanbulda dünyasını dəyişib. Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. Övladlarına son vəsiyyəti isə belə olub: “İnsan şüurlu bir makinadır, o da bir gün dayanacaq, əlbəttə. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin”.

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31