Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar

Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar

04.02.2022 [10:59]

İlhamə RƏSULOVA

Uşaqkən atamın dostu ləzgi Mərdan dayı bizə tez-tez qonaq gələrdi. Əslən Qəbələdən olan köçəri çoban idi.  Özləri haqqında danışanda ləzgilər, sırf Azərbaycan türkləri haqqında danışanda isə muğallar ifadəsini işlədirdi. Muğal sözünü ilk dəfə ondan eşitmişdim. Hazırda yolunuz Qəbələyə, Qaxa, Zaqatalaya düşsə, hansısa bir türk olmayan milli azlığın nümayəndəsi ilə danışsanız, onların dilindən muğal sözünü mütləq eşidəcəksiniz. Qəbələ və Oğuzda yaşayan ləzgilər ümumiyyətlə, ləzgi olmayan  hər kəsi muğal adlandırırlar. Bir müddət öncə Qaxda  səfərdə olarkən məşhur Sumuq qalanı ziyarət edəndə bələdçi xanımın  muğallar haqqında verdiyi informasiya diqqətimi çəkdi.

Bələdçi Həlimə xanım qala barədə danışarkən qədim maqlar, muğallar barəsində də danışdı. Əcəba bu maqlar, muğallar kim olublar?  Köklərimiz onlara gedib çatırmı? Maq sözünün indiki anlamdakı maq, kahin, şaman sözü ilə əlaqəsi varmı? Maraqlıdırsa, yaxın oturun.

Hazırda sayları 30 milyona çatan muğal türklərinin bir qolu Qafqazdadır, bir qolu  Pakistan və Hindistanda, daha dəqiq desək, Kəşmirdə. Muğallar Kəşmirin  yerli sakinləri hesab olunurlar.

Bir çox tarixi mənbələrdə etnik türklər muğallar, Dağıstan xalqlarının nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdilər. Bir mənbədə bildirilir ki, XIII əsrdə monqolların (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdilli tayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra, ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanlıları ümumi adla muğal adlandırıblar. Qaxın azərbaycanlılar yaşayan hissəsi Qaxmuğal, digər hissəsi isə Qaxingiloy (Qaxın ingiloylar yaşayan hissəsi) adlanıb.

Lakin digər tarixi mənbələrdə qeyd edilir ki, muğal sözünün monqollarla əlaqəsi yoxdur, bu qədim maq tayfalarının adıdır. Azərbaycan türklərinin formalaşmasında maqlar böyük rol oynayıblar. Ərəb mənbələrində Xürrəmilərin maqlar olması göstərilir. İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir.

Ərəb işğallarına qədər Muğanda yerli türklərin qədim dini əqidələrini yaşadanlar məhz maqlar (muğlar) idilər.

Əksər tədqiqatçılar qeyd edirlər ki, Muğan toponimi maqların adını əks etdirir. Maqları mannalarla da eyniləşdirənlər var. Bir sözlə maqlar, muğallar türk dilli etnos kimi Azərbaycan türklərinin etnogenezində böyük rol oynayıblar.

BDU-nun  dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev “Yeni Azərbaycan”a bildirib ki, muğallar barədə ətraflı məlumatı görkəmli tədqiqatçı-alim Məhəmməd Bağırlının 1919-cu ildə nəşr edilmiş “Azərbaycan” kitabında oxumaq olar.

 “Bu tarixi etnoqrafik əsərdir. Kitabın etnoqrafiya bölməsində  ən qədim dövrdən ötən əsrin 19-cu ilinə qədər Azərbaycan ərazisində yaşamış tayfalar barədə geniş məlumat verilib, bu tayfaların hansının aborigen, hansının gəlmələr olması barədə ətraflı danışılıb. Məhəmməd Bağırlının fikrincə, muğallar Şimali Qafqaz xalqlarının nümayəndələri də ola bilərlər. Bu ehtimallardan biridir. Digər bir fikrə görə, muğallar Qara dəniz sahillərindən Şimali Qafqaza gəlmiş və Xəzər dənizi sahili boyunca  yayılmış türk tayfalarıdır. Onları skiflərin qolu kimi də qiymətləndirirlər. Böyük Qafqaz sıra dağlarının ətəkləri, Xəzər dənizinin Qərb sahili boyunca Azərbaycana daxil olaraq, Azərbaycanın şimalındakı dağlıq ərazilərdə məskunlaşıblar. Uzun müddət şimali Qafqazda başqa xalqlarla mübarizədə olublar. Xüsusən ləzgilərlə münasibətləri gərgin olub. Bəzi ləzgi mənşəli tarixçilər, xüsusilə Dağıstan alimlərinin bir qismi muğalları ləzgilərin döyüşkən bir qolu kimi elmi ictimaiyyətə təqdim etməyə çalışırlar. Lakin, bu yanlışlıqdır. Muğallar  köklü türk tayfalarıdırlar.

Məhəmməd Bağırlı çalışıb ki, antik dövr  müəlliflərinin əsərləri üzərindən bu tayfa haqqında fikir yürütsün. O, yunan  coğrafiyaşünası Strabonun əsərlərinə də istinad edib. Strabon da yazır ki, Qafqazda yaşayan xalqlar Şimali Azərbaycan ərazisinə Qara dəniz sahillərindən hərəkət edərək,  Dərbənd keçidini keçməklə gəliblər.  Onlar  ən qədim türk tayfaları olan sakların, kimmerlərin, skiflərin sonrakı nəsli sayılırlar. Bu tayfaların Oğuzlarla əlaqəsi var, lakin  bir qədər uzaq “qohumdurlar”. Onlar daha çox Cağatay türk ailəsinə, Uyğur türklərinə daha çox yaxındırlar. İndi onların nəsilləri şimali Çində, Uyğurustanda yaşayır. Orta Asiyada, Türkmənistanda, Cənubi Azərbaycanda, Pakistanda, Macarıstanda da muğalların  davamçıları yaşayır. Macarıstanda yaşayan muğallar bir qədər assimilyasiyaya uğrayıblar. Bu gün Şərqi Avropada da muğal ailələrinə rast gəlinir”.

Alimin fikrinə görə, muğalların Qafqaza gəlişi böyük Hun İmperiyasının dağılması ilə başlayıb. Mərkəzi Asiyadan iki istiqamətdə hərəkət edən qədim türk tayfalarının bir hissəsi  Ural, Volqaboyu, Şimali Qafqaz və Dərbəndə,  bir hissəsi isə Dunay sahillərinə, oradan da Avropaya gedib  çıxıblar.

Bax beləcə, biz türklərin bir çoxunun ömründə eşitmədiyi, lakin digər milli azlıqların dilində, yaddaşında yaşayan həmin o muğallar, əslində elə biz özümüzük. Qədim türk­lərdirlər. El dilindəki hər kəlamın, hər əfsanənin altında min illərin qaranlığına işıq salan bir həqiqət mütləq yatır. Yetər ki, biz araşdıraq.

Paylaş:
Baxılıb: 871 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31