Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milyon yaşlı canlının içində gizlənən gənclik dərmanı

Milyon yaşlı canlının içində gizlənən gənclik dərmanı

18.02.2022 [11:07]

İlhamə RƏSULOVA

Kəhrəba

Onu çoxlarınız nənələrinizin qolunda, boynunda böyük sarı muncuqlar, babalarınızın əlində alov rəngli təsbehlər kimi görmüsünüz. Nə qədər faydalı olduğunu ulularımız bilərdilər, təbiətdən uzaq düşən müasir insan isə unutmaqdadır. Kəhrəba barədə danışacağıq.

Kəhrəba təxminən 50 milyon il əvvəl mövcud olmuş, indi nəsli kəsilmiş şam ağacı növünün (Pinaceae) qətranından yaranan təbii maddədir. Onun tərkibi karbon, oksigen və hidrogenin mürəkkəb birləşməsindən ibarətdir. Ağac şirəsi min illər ərzində sərtləşir, torpağa qarışır və kəhrəba yatağı əmələ gətirir. Onun üçün bəzən bu daşa qətran daşı, ənbər daşı da deyilir.

Kəhrəbanın ənbər adlanmasının səbəbi barədə bir qədər sonra danışacağıq.

Kəhrəbanın 300-dən çox növü var. Təbiətdə nadir hallarda qara, yaşıl və mavi kəhrəbaya da rast gəlinir. Əsasən alov, bal rənglərində qarşımıza çıxır, sarıdan qırmızıya qədər müxtəlif rəng çalarlarına malik olur.

Xalq təbabətində kəhrəbadan istifadə

Qədim türklər, romalılar və çinlilər xalq təbabətində ondan geniş istifadə ediblər. Kəhrəbanın yuxarı tənəffüs yollarının infeksiyası, tiroid vəzi, bronxit, astma xəstəliklərinin müalicəsində, allergiya və depressiyanın aradan qaldırılmasında faydalı olduğunu düşünüblər və yanılmayıblar.

İnanardılar ki, kəhrəba baş və diş ağrılarını götürür, ürəyin fəaliyyətini yaxşılaşdırır, qana müsbət təsir edir. Şiş xəstəliklərinin müalicəsində, maddələr mübadiləsinin normallaşdırılmasında, böyrək və bağırsaqların fəaliyyətinin yaxşılaşdırılmasında faydalı hesab olunardı.

Kəhrəba bədən temperaturunu stabilləşdirir, allergiya kimi dermatoloji problemlər üçün dərman kimi istifadə olunur. Bel və oynaqlardakı ağrı nöqtələrinin, eləcə də təzə şişlərin üzərinə kəhrəba sürtdükdə yaxşı təsir göstərir. Kəhrəbanın maqnit enerjisi olduğundan o, miqren, əsəb xəstəlikləri və beyinlə əlaqəli xəstəliklər üçün xeyirli hesab edilir. Kəhrəba daşı xüsusilə revmatik ağrıları olan insanlar üçün faydalıdır. Bu daşın ağrıkəsici gücündən faydalanmaq üçün onu ağrı olan yerə sürtmək lazımdır.

Keçmişdə köhnəlmiş kəhrəbanı torpağa basdırırdılar, düşünürdülər ki, bu ona yenidən canlanma verir. Əslində kəhrəba insan orqanizmindəki mənfi enerjini özünə çəkdiyinə görə, rəngi dəyişir, torpağa basdırılmaqla da öz enerjisini torpağa ötürür. Bu anlamda “köhnənin adamları” çox şey biliblər.

Kəhrəbanın bəd nəzərin qarşısını aldığına inanırlar. Mütəxəssislər hesab edirlər ki, daşın ölçüsü nə qədər böyükdürsə, faydası da o qədər çoxdur.

Kəhrəbada yodun miqdarı çox olduğundan, o qalxanabənzər vəzin müalicəsində və profilaktikasında istifadə olunur. Bunun üçün kəhrəba muncuqlarını boyundan asmaq və onun dəriyə təmas etməsinə çalışmaq lazımdır.

Kəhrəbadan məişət əşyaları, xüsusən fincan, boşqab və qaşıq hazırlanır. Kəhrəbadan hazırlanmış fincanlarda çay içmək orqanizm üçün faydalıdır. Fincandakı çay kəhrəba turşusu ilə qarışır və bu da öz növbəsində orqanizmi təmizləyir.

Təbiətdə kəhrəba

Kəhrəba xam halda yarı şəffaf, asan qırıla bilən və bir yerə basdırıldığı zaman kiçik cisimləri özünə çəkmə xüsusiyyəti qazanan maddədir. Daxilində hava, dəlik və kanallar olduğundan o, öz şəffaflığını itirir. Kəhrəba asanlıqla yanan maddədir. Tüstüsü də faydalıdır. Cilalandıqdan sonra şəffaflığı daha da artır.

Kəhrəba yataqları əsasən Baltik dənizində mövcuddur. Dənizdə baş verən güclü fırtınalardan sonra sahilə kəhrəba parçaları çıxır. Dəniz kəhrəbaları digər kəhrəbalardan daha sərt və möhkəm olur.

Kəhrəba yerin 25-40 metr dərinliyində, dənizaltı çöküntülərin iki təbəqəsi arasında, damarlar şəklində yerləşir. Buna mavi torpaq deyilir. Avropada kəhrəba yataqları ən çox Ukrayna, Rumıniya, İsveç, İngiltərə, Hollandiya və Siciliyada tapılıb. Bu yerlər kəhrəbanın ikinci vətəni adlandırılır. Bu qiymətli maddənin birinci vətəni isə Baltik dənizi sayılır. Buralarda bir zamanlar böyük meşələrin olduğu təxmin edilir. Qitələr arasındakı böyük dəyişikliklərin baş verməsi nəticəsində bu bölgələr sular altında qalıb və uzun illər nəticəsində toplanan şam saqqızı kütlələri dəniz suyunun altında mavi torpaq təbəqəsi yaradıb.

Çox bəyənilən bu bəzək əşyasının içində bəzən böcək, yarpaq və çiçək qalıqları tapılır, onlar heç bir zaman pozulmayacaq şəkildə mumiyalanıb. Bu daşlar ən qədim dövrlər haqqında məlumatın daşıyıcılarıdırlar. 2018-ci ildə Myanmarda 99 milyon il yaşı olan ən qədim kəhrəba daşı tapılmışdı. Daşın içərisində ən qədim ilanın skeleti qorunub saxlanıb.

Balina qussun sən milyon qazan?

Balina qusuntusunun çox qiymətli məhsul kimi satıldığını bilirdinizmi? Balinanın qusuntusundan kəhrəba daşları hazırlanır, ətir sənayesində istifadə olunur. Balinanın ifrazatından hazırlanan ənbər barəsində bu günlərdə maraqlı məlumatlar  vermişdik. Ənbər balinaların həzm sistemində əmələ gələn bərk maddədir. Daşa bənzəyir. Qara və ya boz rəngdə olur, tez alışır. Balinanın həzm sistemində istehsal olunan bu maddə iti və sərt əşyaların bağırsaqlardan sürüşməsinə şərait yaradır. Balina onu təbii yolla ifraz edə bilməyəndə qusur. Qusuntu bərk, ifrazat isə maye halında suya qarışır.

Bu günlərdə Türkiyənin Mersin vilayətində sahildən tapılıb, 10 milyon lirəyə satılan 42 kiloluq balina qusuntusu (o adi daş formasındadır) bu maddəyə diqqəti yenidən artırıb. İndi camaat balinanın yox, ifrazatının axtarışına çıxıb. Balinaların ifrazatı okeanlarda illərlə gəzərək, dalğaların üzə çıxartdığı kəhrəba qətranları ilə birləşir. Mütəxəssislərin dediyinə görə, yapışqandan hazırlanmış kəhrəba daşları qoxusuz, balina ifrazatından hazırlanmış kəhrəba daşları isə xoş ətirli olur. Kəhrəbanın bəzən ənbər adlandırılmasının səbəbi budur. Osmanlı sultanları ənbərdən hazırlanmış təsbehlərə üstünlük verərmişlər. Ənbər kəhrəbalarından hazırlanan təsbehlər əlin istiliyi nəticəsində öz rənglərini dəyişirlər.

Gənclik və enerji mənbəyi olan unudulmuş kəhrəba turşusu

Müasirlərimiz nədənsə bir zamanlar geniş istifadə olunan gənclik dərmanı barədə unudublar. Söhbət kəhrəba turşusundan gedir.

Kəhrəba turşusu hüceyrələrin enerji istehsalını artırır. Məlumdur ki, yaş artdıqca hüceyrələr tənbəlləşir. Bununla orqanizm zəifləyir, qocalıq başlayır. Kəhrəba turşusu tərkibində olan ATF - adenozintrifosfat çox güclü stimulyatordur və bərpadici təsirə malikdir.

Kəhrəba turşusu ağ rəngli kristallar şəklində olub, suda və spirtdə həll olur, bütün bitkilərin, o cümlədən kəhrəbanın tərkibində var. Bitkilərin boy artımını stimullaşdırır və məhsuldarlığını artırır.

İlk dəfə kəhrəba turşusunu XII əsrdə hazırlayıblar. O güclü stimulyatordur, daimi yorğunluq, yuxululuq, əsəb gərginliyi zamanı istifadəsi insana enerji verir. Preparatın bir kurs istifadəsi orqanizmin ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir, immun sistemini stimullaşdırır, praktik olaraq bütün orqanların işini yaxşılaşdırır.

Kəhrəba turşusu güclü antioksidləşdiricidir, insanın orqanizmində qocalma proseslərini yavaşıdır. Bu dərman intoksikasiyaları aradan qaldırır. Sərxoşluğu aradan qaldırmaq üçün kəhrəba turşusu həbi içmək kifayətdir.

Artıq kilolardan əziyyət çəkənlər də kəhrəba turşusundan istifadə edə bilərlər, o həzm sisteminin işini yaxşılaşdırır və bağırsaqlarda yığılmış şlaklardan və zəhərlərdən azad edir.

Kəhrəba turşusu hüceyrə səviyyəsində tənəffüsü, oksigenin hüceyrələrə gedib çatmasını təmin edir. Qaraciyərin oksigenlə təmini kəhrəba turşusu qəbulundan sonra 60 dəfə artır.

Kəhrəba turşusunun qəbulu hipertoniya, qlaukoma, stenokardiya və ürəyin işemik xəstəliyi zamanı zərərli ola bilər.

Qərb ölkələri və Amerikada insanlar 30 yaşından sonra Q10 koenzim qəbul edərək sağlamlıq və gənc­liklərini uzatmağa çalışırlar. Sovet dövründə Q10 kimi təsirli preparat çox ucuz olan “Yantarnaya kislota”- Kəhrəba turşusu istehsal olunurdu. Hazırda unudulmaqda olan bu faydalı preparat, əslində çox güclü müalicəvi effektə malikdir.

 Kəhrəba, əslində brilliantdan daha faydalıdır, amma ondan çox-çox ucuzdur. O təbiətin bizə səxavətlə verdiyi hədiyyə deyilmi? Alın, istifadə edin, sağlam olun. Hər dəfə ona baxanda əlinizdə  milyon yaşlı bir xəzinə olduğunu unutmayın.

Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31