Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Erkən nigah: boşanma, yaxud zorakılığın səbəbi

Erkən nigah: boşanma, yaxud zorakılığın səbəbi

11.06.2022 [12:01]

Psixoloq: Evliliklər 5 ildən tez sonlandırılmamalı, nikah yaşı 20-yə çatdırılmalıdır

Günel ABBAS

Qız uşaqlarının erkən nikaha cəlb edilməsi hazırkı dövrümüzün aktual problemidir. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Belə tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır fizioloji və psixoloji travma almalarına səbəb olur.

Qeyd edək ki, erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt var: nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib.

Ötən gün Ombudsman Aparatının məişət zorakılığı, erkən nikah və boşanmaların sayının artması ilə bağlı açıqladığı məlumat məsələnin bu gün də aktual olduğunu göstərir. Bildirilir ki, Ombudsman Aparatına məişət zorakılığı, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq, aliment məsələləri, erkən nikahlar, qəyyumluq və s. ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Müraciətlər operativ qaydada araşdırılıb və nəzarətə götürülüb. Eləcə də son dövrlər erkən nikah və boşanmalarla bağlı artımların olması narahatedici hal kimi qiymətləndirilir.

Sözügedən məsələnin cəmiyyətdə ifrat dərəcədə problemə çevrilməsi bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Maarifləndirilmə sahəsində aparılan bütün tədbirlərin əsasında isə düzgün bilik və təşkilatçılıq dayanır. Aiddiyyəti qurumların maarifləndirmə işləri ilə nə qədər yaxından məşğul olduqlarını öyrənmək məqsədilə sorğu ünvanladıq...

Ombudsman Aparatından “Yeni Azərbaycan”a verilən məlumata görə, qlobal pandemiya dövründə tətbiq olunan sosial izolyasiya tədbirləri bütün dünyada olduğu kimi ölkəmizdə də ailədaxili zorakılıq hallarına öz təsirini göstərdi: “Bu kimi halların aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən bir sıra tədbirlər görülür. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilən bir çox dövlət proqramlarında, strateji sənədlərdə məişət zorakılığı, erkən nikah hallarının azaldılması məqsədi ilə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.

Maarifləndirmə tədbirlərinin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, Ombudsman tərəfindən 18 iyun Milli İnsan Hüquqları günü münasibətilə hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı”, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi günü ilə bağlı 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” keçirilir. Bu aylıqlar çərçivəsində, həmçinin müntəzəm olaraq müxtəlif sahələr üzrə, o cümlədən qadın, uşaq hüquqları, məişət zorakılığı, gender bərabərliyinin təmini, erkən nikah halları, valideyn məsuliyyəti və digər məsələlərə dair bir sıra maarifləndirmə tədbirləri həyata keçirilir”.

Bildirilib ki, bununla yanaşı, uşaqlara qarşı zorakılıq, erkən nikah halları ilə bağlı kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən əldə edilmiş məlumatlar operativ qaydada araşdırılaraq nəzarətdə saxlanılır, bu istiqamətdə zəruri tədbirlər görülür: “Paytaxtda həyata keçirilən tədbirlərlə yanaşı, Ombudsmanın Regional Mərkəzləri tərəfindən regionlarda, icmalarda məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə fəaliyyət zamanı Ombudsman Aparatı aidiyyəti qurumlar və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva bildirib ki, boşanmaların sayında olan artım təəssüf hissi doğurur: “Bu gün boşanmaların sayında olan artım aidiyyəti bütün dövlət qurumlarını narahat edir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, ailə dəyərlərinin, ailədə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyəti və ailələri maraqlandıran vacib mövzularda maarifləndirmə tədbirləri, görüşlər həyata keçirilir, cəmiyyət üzvlərinin fikrinin öyrənilməsi və mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi məqsədilə araşdırmalar aparılır. Təkliflər və fəaliyyət planı hazırlanır və eyni zamanda, maarifləndirmə tədbirləri, mövcud problemlərin həlli istiqamətində görüşlər davam etdirilir.

Erkən nikah hallarının statistikasına nəzər salsaq, əvvəlki illərlə müqayisədə artımın müşahidə olunmadığının şahidi oluruq. Lakin, buna baxmayaraq, problem hələ də, mövcuddur. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası, eyni zamanda, qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması, qadın və qız uşaqlarına dəstəyin verilməsi məqsədilə respublikanın bütün bölgələrində, xüsusilə erkən nikah və təhsildən yayınma hallarının çoxluq təşkil etdiyi rayon və şəhərlərdə sakinlərlə, rayon ictimaiyyəti ilə Dövlət Komitəsinin nümayəndələrinin görüşlərinin təşkil olunması, bu görüşlər nəticəsində əldə olunan məlumatların maarifləndirmə məqsədilə əhaliyə çatdırılması həyata keçirilir. Bu görüşlərin davamlı olması, aidiyyəti qurumlarla birgə koordinasiya şəklində problemlərin həlli istiqamətində işlərin aparılması nəzərdə tutulub. Qeyd olunan məsələlərlə bağlı Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq yeni məlumatlandırıcı çap materialları hazırlanır, sosial çarxlar çəkilir. Əhali arasında xüsusilə maarifləndirmənin aparılmasına böyük önəm verilir”.

Erkən nikahlar boşanma və zorakılığa səbəb olur...

Erkən nikahlar özü ilə bərabər boşanmaları da gətirir. Çünki qurulan ailənin təməlində sevgi olmur. Zaman keçdikcə ortaya çıxan maddi və digər problemlər əvvəldən zəif qurulan sütunları bir az da zədələyir. Bu da öz növbəsində boşanmalara, ailədə psixoloji, fizioloji şiddətə gətirib çıxarır.

Psixoloq Gülnar Orucovanın sözlərinə görə, erkən nikaha daxil olan şəxslərin yaş həddi aşağı olduğundan iş tapmaqda da çətinlik çəkirlər: “Bu da onların ailədə yeni problemlər yaşamasına səbəb olur. Problemlər ciddiləşdikcə boşanmalara gətirir. Çox vaxt boşanmaların altında xəyanət dayanır. Xəyanət də sevgisiz evliliyin baş tutmasından yaranır. Bir sözlə, proseslərin hər biri öz növbəsində bir-birilə bağlıdır. Bu zəncirin də başında erkən nikahlar durur”.

Psixoloq qeyd edib ki, hazırda boşanan adamların çoxu 5 ildən az müddətdə evli qalanlardır: “Bu mənada düşünürəm ki, qanunla nəzərdə tutulmuş qaydada evliliklər 5 ildən tez sonlandırılmamalıdır. Qeyd etmək istərdim ki, övladlarının erkən nikaha daxil olmasına valideynlər şəxsən imza atır. Bu səbəbdən məsələdə bilavasitə iştirakçı olan valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu hal da daha çox bəzi mental dəyərlərin üstün olduğu bölgələrdə baş verir. Onlar düşünür ki, qızın evlilik yaşı 20-ni keçməməlidir. Belə qızları “evdə qalmış” adlandırırlar. Düşünürəm ki, qızın evdə qalmağı ailə qurub şiddət görməsindən, qısa müddətdə boşanmasından daha yaxşıdır”.

G.Orucova bildirib ki, erkən nikahların əksəriyyəti sevgi əsasında baş tutmur: “Bu da boşanmalara səbəb olur. Baş vermiş bir hadisəni qeyd etmək istəyirəm. 20 yaşında öz xalası qızı ilə ailə qurmuş adam 28 yaşında həyatının qadınını tapdığını deyir. Çünki o zaman özünü dərk etmirdi. Məncə, nikahın yaşı 20-yə çatdırılmalıdır. Bununla yanaşı dövlət tərəfindən psixoloq konsultasiyaları tətbiq olunmalıdır”.

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30