Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 302 gün sonra...

302 gün sonra...

26.07.2022 [10:55]

Qaranlıqlar aydınlığa təslim olanda...

Günel ABBASOVA

Rəqəmlərin uğuruna inanırsınız, ya yox, bilmirəm. Amma mən inanıram. Özü də bu gündən sonra ikiqat inanıram. Dünyaya göz açdığım gün və həyatımdakı digər yaxşı hadisələrin əksəriyyəti eyni tarixdə baş verib. Bu dəfə aldığım xoş xəbərin də tarixi 7 rəqəmi ilə bağlıdır. İyulun 7-si doğum günüm ərəfəsində İİTKM və MEDİA-nın birgə təşkilatçılığı ilə 17 iyulda Şuşada jurnalistlər üçün yay məktəbi təşkil edildiyini və orada iştirak edəcəyimi öyrəndim. Hələ ən yaxşı tərəfini deməmişəm. Ardınca təlimin iki gün keçiriləcəyi məlum olur. Bu o deməkdir ki, günəşin qürubunu və məşriqini Şuşada izləyəcəyəm. Sevincimin həddi-hüdudu yoxdur. Həmin günə kimi həyəcanla, həvəslə gözləyirəm.

Bəşəriyyətin ən pak yeri

Budur, 302 gün sonra yenidən Şuşadayam. Küllərindən doğulan azad, abad Şuşada. Bu yerlərə ilk dəfə 18 sentyabr - Milli Musiqi Günündə ayaq basmışdım. İndi isə məşhur şikəstədə deyildiyi kimi, yayda Qarabağın seyrinə çıxıb, Şuşada qonaq qalmağa gəlmişəm. İtirməyə vaxtım yoxdur, burada hər anın öz hökmü var, aşağı düşüb, aylardır görmədiyim əzizimi salamlayıram...

Salam Şuşa, şəhidlərin ruhu qədər müqəddəs, anadan əziz Şuşa. Nağıl Şuşa, 10 ayda necə dəyişmisən, adamın inanmağı gəlmir, elə bil yuxudur. Qoy, elə bu soldakı xan bulağından üzümə su vurum, bəlkə onda inanaram yuxu olmadığına. Ya da gəl gedək, üzü yuxarı, bu bahar çağında yaşıllıqlar arasında, təpədən boylanan sehrli bulaqdan su içməyə.

Necə pak və təmizsən Şuşa, biz fanilərin bəşəriyyətdə görə biləcəyi ən mübarək ünvansan. Bəlkə ona görədir ki, səmalarında saysız-hesabsız müqəddəs ruhlar gəzişir. Bu, ikinci gəlişimdir, niyə belə həyəcanlıyam, bilmirəm. Yəqin çox darıxmışam. Keçən dəfəki görüşümüzdən sonra mənə nəsə olub, özüm də bilmirəm, mən ki unutmağı bacarırdım. Ona görə də, gəl sən mənim hislərimi sevgidən daha artıq qəbul elə. Axı sevənlər sevilənləri zamanla unudur, mənsə səni unutmayacağam. Çünki aciz bir cismdən daha diri olan ruhumla bağlıyam sənə.

...Uzaqdan mənə sarı gələn adamı görürsən?! Hə odur, azadlığının ilk günlərindən bizə bu yerlərdən məlumat ötürən Zaur Həsənov, o da elə sənin qədər doğmadır. Keçən dəfə də belə qarşılaşmışdıq onunla. Amma bu dəfə yanında Məftun Abbasovla Aydın Kərimov yoxdur:

- Tək gəlmisiniz...

- Məftun müəllim iclasdadır. Sən onsuz tez-tez gəlirsən də, gələn dəfə görüşərsiniz. 

- Düzdür, tez-tez Şuşadan paylaşımlar edirəm, amma bu gün virtual səyahətlərimi reallaşdırmağa gəlmişəm...

Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli...

Vaxtımız azdır, yerləşmək üçün otelə getməliyik. Əslində, əvvəlki səfərdə elə diqqətli izləmişəm ki, hər küçəni tanıyıram, gəl, piyada gedək. İndi hansı küçənin hara çıxdığını təkrarlayacam. Eşit, gör, düz xatırlayırammı?! İnan, öz yaşadığım yerlərdən daha yaxşı yadımda qalıb. Aha, qabaqdakı Xarıbülbül otelidir, tanıdığımı demişdim axı. Əşyalarımı otağa yerləşdirib gəlirəm.

... İndi nahar üçün restorana getməliyik, bu dəfə məkanın harada olduğunu bilmirəm, amma bələdçilərdən soruşaraq gedə bilərəm. Yox əşi, yorulmamışam, 6 saatdır otururam, hərəkət eləmək lazımdır.

- ...

- Hansı plakat?

- ...

- Başımın üstündə imiş ki, hərhalda ona görə görməmişəm. Gələndə bizimkilər Zəfər yolunda Qarabağı azad edən dəmir yumruq əməliyyatının həmin bu simvolu ilə fotolar çəkdilər. Bir foto da biz çəkib yolumuza davam edək.

O yanda tikinti işləri gedir, çoxlu adamlar var, birindən soruşa bilərik:

- Yorulmayasınız dayı, biz “Qoç ət” restoranına gedirik, nə qədər yolumuz qalıb?

- Siz?

Arxaya dönüb həmdəmimə göz qırpıram. Yarı ciddi, yarı gülərək:

- Nə fərqi var, olsun “mən”. İndi deyin görək, hara gedirik?

- Düz yoldasan, buradan get, qarşına çıxacaq...

Yaxşı adam idi, amma bir az qəribədir sanki. Səni də görmədi, fikir eləmə, əsas odur düz yoldayıq. Təsadüfə bax, avtobus məkana bizimlə bərabər çatdı, bura da yaxın imiş ki. İşçilər və restoranın rəhbəri bizi necə səmimiyyətlə qarşılayırlar. Mən Bakının ən lüks restoranlarında belə xidmət görməmişəm. Görürsən də, hamının üzündə ancaq təbəssüm var. Bizi burada heç nə əsəbiləşdirə, incidə bilməz. Hərçənd elə bir şərait də yaranmır. İştah?m açılıb, amma bu qədər yemək bəsdir. Bir azdan məşhur tədbirlərin keçirildiyi Qarabağ otelinə, oradan da Cıdır düzünə getməliyik. Bayaq yol-üstü diqqətimi çəkən bir yer gördüm. Gəl, gedib ora baxaq...

Aşağı düşürəm...

Hər yerdə şəhidlərin, döyüşçülərin adı yazılıb. Adamın ovqatının tez-tez dəyişməsi buna görədir. Bəs bu tərəfdən hara getmək olur?! Ya da demə, maraq dolu hislərimi cilovlamalıyam, axı növbəti görüşlərə də nəsə saxlamaq lazımdır. Geri qayıdaq, bu qədər kəşfiyyat kifayətdir.

Oteldə tədbirin bir hissəsi baş tutandan sonra fasilə verilir. Getmədiyim bir yer qalıb. Gövhər ağa məscidi. Vaxt itirmədən oteldən çıxıram.

Bir az düşündüm, Gövhər ağa məscidini də görmək istəyirəm. Düzdür, gələn dəfələrə də nəsə saxlayaq dedim, amma oranı keçən dəfə də görməmişdim. Fasilə üçün 15 dəqiqə verilib, məncə, Aşağı Gövhər ağa daha yaxındır, ora gedək. Burada da təmir işləri gedir, çox yaxınlaşmaq təhlükəli olar. Məscidin önündə nə gözəl meyvə ağacları var. Onlardan dərmək istəyirəm, amma adamın əli də gəlmir. Nəzarətçi mənə sarı gəlir, elə bil əsəbidir, amma heç nə dərməmişəm ki:

- Xoş gəlmisiniz, niyə baxırsınız, dərə bilərsiniz, hətta orada albalı da var idi. Baxım, varsa ondan da dərim sizə.

- Xoş gördük, açığı almaların dadına baxmaq istəyirəm, amma çəkindim bir az.

- Çəkiniləsi heç nə yoxdur, bura hamımızın evidir.

Necə doğru bir cümlə idi. Yəqin tez-tez xatırlayacağam. “Bura hamımızın evidir”. Qırmızı yanaqlı, yaşıl ətəkli almalarımı da götürüb, otelə tələsirəm. Tədbirdən sonra Cıdır düzünə səyahətimiz başlayır, yolun yarısına qədər avtobusla getməliyik. Ondan sonra Cıdır düzünə ayaqla qalxmalı olacağıq.

Avtobusa minirik. Yuxarıda Vaqifin məqbərəsi görünür. Dik yamacı çıxmaqdan yorulmuşuq, amma hər şeyə rəğmən bizimki sözün həqiqi mənasında ziyarətdir. Cıdır düzünə gedən yolun üstündə elə Vaqifin məqbərəsi də yerləşir. Bu Vaqifdir, əsərlərini sevə-sevə oxuduğumuz, Şuşalı Vaqif. Məqbərə və onun ətrafı necə gözəldir. Hiss olunur ki, bu çəmənlərdə Vaqifin gözəli gəzib, ondan nəşələnib buralar.

Dağlar mənə gəl-gəl desə ürəkdən...

Hə, düz deyirsən, vaxt azalır, komendant saatı başlamadan otelə qayıtmalıyıq. Ona görə də, Cıdır düzünə getməliyik. Qarşıdan gələnlərin biri Xankəndinin deputatı Tural Gəncəliyevə oxşayır. Özüdür ki, var. Gəl, onu da salamlayaq. Bizim kimi, şuşalı deputatın da üzündə təbəssüm var. Deyəsən, xarici qonaqları gətirib bura.

Saata bir bax, gecikirik, irəli gedək. Artıq dağlar görünür. Bilirsən, Cıdır düzündə rəqs edən dağlar ağlımda iki misranı canlandırır: “Dağlar mənə gəl-gəl desə ürəkdən, gəlib, elə bu yerlərdə qalardım...” Əlbəttə, həqiqətən qalardım. Darıxmaq, sıxılmaq ifadəsi bura tamamilə yaddır. Gəl elə bu ab-havada qollarımı açıb səni qucaqlayarkən fotomuzu çəksinlər. Bax, belə, necə gözəl görünürük. Yaraşırıq ha... Zarafat deyil, tam ciddiyəm.

Saata baxıram, qaranlıq çökməkdədir. Otelə qayıdırıq. Otağımın pəncərəsindən boylananda görünən mənzərə məni valeh edir. Bu gözəlliyi ancaq otaqdan izləmək qəbahət olar. Hava da adama gəl-gəl deyir. Düşürəm aşağı, əlimdə olsa sübhü maksimum uzadardım. İlk dəfədir ki, günəşin doğmasını belə gecikdirmək istəyirəm. Burada keçirdiyim vaxtı uzatmaqdan başqa məqsədim yoxdur.

- O səslər nədir?

- ...

- Hə?!

- ...

- Hansı oteli tikirlər?

- ...

- Yəqin yaxında hamımız bilərik.

Suallarımla səni yorsam da, bir günlükdür. Sabah gedirəm... Yaxşı, düz deyirsən, günü qəmgin notlarla bitirmək istəmərəm. Qarşımızdakı deyəsən, alça ağacıdır, birini dərib dadına baxacam. Alçanın da dadı fərqlidir, ilk dəfədir, belə bir dad alıram. Sonra oradakılara deyəndə Şuşada hər şey, hər yer, hər kəs başqadır, inanmırlar. Sübut eləmək üçün gərək hamısını bura gətirim. Deyirlər, indi Bakıda hava da yaman istidir, mənsə burada pencəklə oturmuşam, buna da inanmırlar, elə bilirlər soyuqlamışam. Nəysə, saat 12-ni keçib, yuxarı qalxım.

Arzuya çatmaq istəyən Qarabağa gəlsin...

Otağa çıxandan sonra çarpayıya uzanıb, o tərəf bu tərəfə çönürəm. Dünən gecəni həyəcandan yatmayan adamın bir az da olsa yuxusu gələr axı. Niyə heç yuxum gəlmir. Günün icmalı haqda düşünərkən hansısa saatda yuxuya getmişəm. Necə fikrə getmişəmsə, bildiriş qurmağı da unutmuşam. Yaxşı ki, qaranlıqlar günəşə təslim olanda öz xoşumla oyanıram. Adətim üzrə telefondan hava məlumatına baxıram. Məlumatlar bu dəfə Şuşada hava proqnozlarını göstərir. Ekranda Şuşa haqda yazılan bir neçə söz məni bu səhərin ən xoşbəxt adamı eləməyə yetir. Necə gözəl duyğulardır...

Sabahın xeyir, Şuşa... Mavi yuxularımın qonağı, ən ülvi xəyallardan şirin, Şuşa. Bu gün axırıncı günümüzdür, səninlə doyunca söhbət edəcəyəm. Bilirəm çox danışıram, amma günahımdan keç. Günahımı sənsiz keçən günlərə bağışla.

- ...

- İstəyərəm, amma hara gedirik?

- ...

- Soruşmasam olmur, nə edim. Yaxşı, gəlirəm...

... Gözlərim məni yanıltmırsa, daha bir arzuma çatdım. Vallah, o şikəstəyə, arzuya çatmaq istəyən Qarabağa gəlsin, deyə əlavə etmək lazımdır. Hə, bura İsa bulağıdır, nənəmin, babamın, valideynlərimin həsrətlə görmək istədikləri şəfalı bulaq.

Gözümdən gilə-gilə süzülən yaşları silirəm. Damcılardan biri bulaqdan gələn suya qarışaraq axıntıyla dağlara gedir. Uşaq vaxtı mən ah çəkəndə nənəm “ahın dağlara” deyərdi, bu dəfə göz yaşım dağlara getdi, amma bu göz yaşları kədər hisləri ilə dolu deyil. Əksinə, vüqarlı dağlara salamımı, sevgimi aparır.

Ağlamaq deyil bu, sevincimin gözlərimdən çıxan parıltılı nəğmələridir. Zəng gəlir, deyəsən, qayıtmalıyıq. Heyif ki, bu günün əsas hissəsini oteldə təlimdə keçirəcəyik. Amma sonda yenə yanına gələcəyəm...

Mən getsəm də könlüm burda qalası...

... Mazakirələr yaxşı idi, hamı buradakı söhbətlərin də fərqli, maraqlı olduğunu dedi. İndi Şuşa qalası önündə xatirə fotosu çəkdirməyə gedirik. Cəmi bir saata yola düşəcəyik, hələ ki, özümü xoşbəxt hiss edirəm. Deyirəm axı, sonradan hiss edəcəyəm. Hələ tezdir. Nə qədər ki, buradayam, qollarımı açanda doyunca sarıla bilirəm. Bu hisləri doyunca yaşamalıyam.

- Bir şeyi də soruşum, sənə dediyim şeirlər xoşuna gəlir?

- ...

- Bilirsən niyə soruşdum, indi bu dağlara baxanda ağlıma iki misra da gəldi. Amma gəl axırıncı fotomuzu da çəkək, onu da gedəndə deyərəm...

- ...

- Nəsə demək istəyirsən?

- ...

- Yaxşı, ancaq onlara deyəcəyəm.

- ... ...

- Mütləq, ən qısa zamanda.

Bizə verilən vaxt dolur, avtobusa minib, Zəfər yolu ilə üzüaşağı gedirik. O anda son sözlərimi deyirəm, “nə gözəldir bu dağların talası, mən getsəm də könlüm burda qalası...” Getdikcə gözdən itən Şuşanın mənə gülümsəyib, əl etdiyini görürəm. Məni unutma əziz Şuşa, hərdən yada sal, unutma ki, bir gün salama yox, qalmağa gələcəyəm. Təkcə mən yox, bütün gözlədiklərin gələcək...

Paylaş:
Baxılıb: 205 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31