Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Polşadakı Ukrayna qaçqınlarının halı

Polşadakı Ukrayna qaçqınlarının halı

29.07.2022 [10:25]

Murad KÖHNƏQALA

Məşhur polyak jurnalisti Aqneşka Pivarın Ukraynadan Polşaya axın edən qaçqınlar haqda yazdığı məqalənin ilk cümləsi belədir: “Ukrayna qaçqınları ölkəmizə sağmal inək kimi baxırlar”.

Sonra müəllif: “Mən sadə  polyakların ukraynalı qaçqınlara kömək etmək istəyini təqdirəlayiq hesab edirəm. Ancaq eyni zamanda polyakların qəsdən aldadılması və cəmiyyətimizin təhlükə altında olması biabırçılıqdır” kimi sözlərlə yazıya davam edərək sərt fikrinə aydınlıq gətirməyə, qaçqınlara münasibətini yumşaltmağa çalışır.

Müəllif yazır ki, fevralın sonundan iyulun əvvəlinə kimi 4,5 milyondan çox ukraynalı qaçqın Polşa sərhədini keçərək ölkəyə daxil olub. Qaçqınların Polşa kimi ölkə üçün son dərəcədə çox olmasından əndişələnən hakimiyyət problemdən qaynaqlanan ağırlığın əhəmiyyətli hissəsini öz üzərindən ataraq yerli əhalinin çiyinlərinə yükləyəsi olub. Ölkə aktivistləri gələn qonaqlara effektli yardım göstərilməsinin vacibliyini yerli hakimiyyətdən tələb etsələr də, proses çox ləng gedir.

Təbii ki, gözlənilməz axın qarşısında çaşan ölkə rəsmilərini də yüksək tonda qınamaq insafdan deyil. Ukrayna qaçqınlarının elə ilk axını zamanı dövlət dəstəyi və yerli vətəndaşların köməyi olsa da, ölkə qaçqınların ehtiyaclarını qarşılamaqda aciz qalmışdı. Həmin soyuq aylarda paytaxt qarışıq bütün ölkə boyu dəmiryol vağzalları, avtovağzallar, aeroportlar, orta məktəb binaları, uşaq bağçaları, parklar, stadionlar... qaçqınların sığınacağına çevrilmişdi. Hökumət dairələrinin onları mərkəzdən uzaq yerlərə köçürmək təklifi ilə qaçqınların şəhərlərdə yaşamaq istəyi toqquşur, hər iki tərəfdə müəyyən narazılıqlar yaranırdı. Aktivistlər və sağ təmayüllü təşkilatlar Suriya, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan və Afrikadan olan emiqrantları sıxışdırmağa başlamışdılar. Hakimiyyət, qeyri-hökumət təşkilatları KİV-lər vasitəsilə yerli əhaliyə müraciət edərək qaçqınlara öz evində sığınacaq verməyə razı olan ailələri səfərbər edirdilər. Soyuq hava şəraitində və qısa zaman kəsiyində qaçqın düşərgələri açmağa macal olmadığını düşünən yerli hakimiyyət qaçqınlara evində sığınacaq verən vətəndaşlara əlavə pul ödəməyi planlaşdırırdı.

Meşə çaqqalsız olmur, könüllülərin evlərində yaşayan ailələr bəzən xoşagəlməz hadisələr, təhlükələrlə də üz-üzə qalırdılar. Məsələn, məskunlaşmadan heç bir ay keçməmiş, öz evində sığınacaq verdiyi 19 yaşlı ukraynalı qadına təcavüz edən ev sahibinin həbs edildiyi haqda xəbər yayıldı. Bunun ardınca Polşa qeyri-hökumət təşkilatları neçə-neçə oxşar təcavüz cəhdinin qarşısının alındığı haqda məlumatlar verdi.

Beləliklə, öz evində ukraynalılara sığınacaq verən vətəndaşlara aylıq 1200 ZL (bizim pulla təxminən 445 AZN) ödəniş etməklə yerli hökumət könüllülərin sayını artırmağa çalışdı. Verilən məbləğ paytaxtda, mərkəzi yerlərdə otaq kirayəsi üçün normal qiymət olsa da, digər şəhərlərdəki qiymətlərdən hardasa iki dəfə artıqdır. Bundan əlavə, Polşa prezidenti Anjey Dudanın 12 martda imzaladığı sərəncamla Ukrayna vətəndaşları seçki istisna olunmaqla ölkə daxilində Polşa vətəndaşları ilə eyni imtiyazlara malik oldular və hər bir ukraynalı uşağa 500 ZL (bizim pulla təxminən 200 AZN) həcmində maddi yardım ayrıldı.

Bu cür imtiyazlara və qayğıya baxmayaraq ukraynalı qaçqınlarla yerli əhali arasında müəyyən ziddiyyətlər yenə də yaşanmaqdadır.

Pivar məqaləsində gözəllik salonlarının birində baş vermiş münaqişədən yazır: iki ukraynalı qaçqın qadın gözəllik salonuna gedərək bahalı qulluq sifariş verir, işin sonunda pullarının olmadığını söyləyirlər. Salonun işçiləri məcbur olub polisə müraciət edirlər. Məlum olur ki, ukraynalı qaçqınların bu cür olaylar törətməyi, yaxud marketlərdən pulsuz mal götürməyi ilk dəfə deyil. Bu xatırlatmanın sonunda jurnalist qeyd edir ki, belə situasiyalarda polis çağırmağın bir işə yaramayacağını qaçqınlar yaxşı bilirlər.

Pivar daha sonra yazır ki, Rusiya-Ukrayna müharibəsinin əvvəllərində ölkəyə gələn qaçqınları ürəkdən qəbul etsinlər deyə hakimiyyət yerli sakinlərin hissiyyatına hesablanmış güclü təbliğat aparır, qaçqınların ölüm təhlükəsi altından canlarını qurtarıb gəldiklərini deyirdilər. Ona görə polyaklar öz ürəklərinin və evlərinin qapılarını qonaqların üzünə tərəddüdsüz açırdılar. Sonralar məlum oldu ki, qaçqınlar təkcə müharibə gedən bölgələrdən yox, təhlükəsiz ərazilərdən də ölkəyə axın ediblər. Jurnalistin fikrincə, belələrinin Polşaya gəlişi qaçqın imtiyazlarından yararlanmaq, müavinət almaq üçündür. 

Aqneşka Pivar məqaləsində başqa bir məqama da toxunub. Yazır ki, ölkəyə azyaşlı uşaqları ilə gəlmiş qadınların bir qismi spirtli içkilərdən həddən artıq istifadə etdiyinə görə uşaqlarını baxımsız buraxır. Əyyaşlığa qurşanmış bu cür anaların əlindən övladlarının alınması ilə bağlı çoxlu məlumat var. Həmin anaların keçdiyi ağır həyat yolunu anlamaq çətin deyil. Vətənindən didərgin düşmüş, həyat yoldaşını, əzizlərini, şəhərini, yurdunu, evini itirmiş zərif cins nümayəndəsi üçün bütün bunlar çox ağır yükdür, lakin övladlarının xatirinə o öz ana borcunu yerinə yetirməkdən yayınmamalıdır. Bütün bunlara görə ölkədəki sosial statuslu təşkilatların işi bir az da ağırlaşır...   

İyulun 1-də Varşava sakinlərinin ukraynalı qaçqınların kütləviliyinə, dayanmadan axışıb gəlmələrinə etiraz olaraq Polşa paytaxtının küçələrinə çıxdığı bildirilir. Yerli hakimiyyət orqanları Ukrayna qaçqınlarına kömək üçün nəzərdə tutulan bəzi proqramların icrasını artıq dayandırıb. Məsələn, artıq Polşa vətəndaşları öz evlərində miqrant saxladıqlarına görə müavinət almayacaqlar. Bundan əlavə, ölkəyə gələn ukraynalılar pulsuz səyahət hüququndan məhrum ediliblər.

Bundan əvvəl bir polşalı politoloq bildirmişdi ki, Avropada ukraynalı qaçqınlarla bağlı narazılıqlar artır. Onun fikrincə, cəmiyyət onların istehlakçı münasibətindən və inteqrasiya etmək istəməməsindən qıcıqlanır. Politoloq bunu da qeyd edib ki, ölkələr ukraynalılara verilən əvvəlki imtiyazların ləğvi istiqamətində kurs götürüblər, indi onlar üçün şərtlər Yaxın Şərqdən gələn qonaqlara təklif olunan şərtlərlə eynidir.

Aqneşka Pivar qaçqınlar ucbatından yerli əhali arasında işsizliyin artacağını iddia etsə də, ukraynalıların Polşaya xeyrinin ziyanından artıq olacağını söyləyənlər də az deyil. Məlumdur ki, Polşa daha çox qazanmaq üçün xarici ölkələrə üz tutan vətəndaşlarının yerini ölkədəki miqrant işçilər hesabına doldurmaqdadır. Ukraynalılar hər il bu ölkəyə gələn miqrantlar siyahısında ilk yerləri tuturlar. Onlara aqrar, tikinti, dayəlik, xadiməlik, sürücülük və digər xidmət sahələrində daha çox rast gəlinsə də,  həkimlər, müəllimlər sırasında da ukraynalıları görmək mümkündür. Onlar polyaklarla dil problemi yaşamırlar, yerli işçilərlə müqayisədə daha uzun iş saatına dözə bilirlər, onlara nisbətən daha az maaşla işləməyə razılaşırlar.

İllərdir Polşanın sağlamlıq sektorunda kadr problemi var, çünki digər sahələrin mütəxəssisləri kimi həkimlər də Qərbdə işləməyə üstünlük verirlər. Ona görə həkim qəbuluna düşmək üçün adamlar həftələrlə, aylarla növbə gözləməli olurlar. Həm də sakinlər ölkədəki həkimlərin müalicəsinə etimad göstərmirlər. Bu səbəbdən Polşa hökuməti tibbi təhsili olan qaçqınların işə götürülmə prosesini sadələşdirmək haqda qərar qəbul edib. Artıq ukraynalı tibb işçiləri öz diplomlarını təsdiqlətmək üçün Polşada imtahan verməyə məcbur olmayacaqlar.

Ancaq düşünürəm ki, Polşada müvəqqəti məskunlaşmış ukraynalıların böyük əksəriyyəti tezliklə öz vətəninə, doğma ocağına qayıdacaq.

Paylaş:
Baxılıb: 120 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31