Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yeniyetmələrin aqressiyasına səbəb nədir?

Yeniyetmələrin aqressiyasına səbəb nədir?

06.10.2022 [10:42]

Psixoloji məqamlar, pedaqoq yanaşması, hüquqşünas rəyi...

Yeganə BAYRAMOVA

Dərs ilinin yeni başlamasına baxmayaraq, son günlər orta məktəblərdə yaşanan xoşagəlməz halların ardı-arası kəsilmir. Sentyabr ayında Abşeron rayonu, Xırdalan şəhəri 7 saylı orta məktəbdə şagird sinif yoldaşını bıçaqlamışdı. Dünəndən etibarən isə cəmiyyətimizdə davamlı müzakirə olunan hadisə Bakıda 112 saylı orta məktəbdə şagirdin sinif yoldaşı tərəfindən döyülməsidir. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yer alıb. Cəmiyyət bu görüntülərin təsirindən ayılmamış məktəblilərlə bağlı daha iki xəbər yayıldı. İsmayıllıda, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi bıçaqlanıb. Babək rayonu Kültəpə kənd orta məktəbində isə 10-cu sinif şagirdi sinif otağında özünü asıb.

Məktəblərdə davamlı olaraq yaşanan bu cür neqativ hadisələr heç də yaxşı hal deyil. Baş verənlər yalnız şiddət görən və şiddət göstərən şagirdlərin valideynini yox, həmin sinifdə olan digər şagirdlərin də valideynlərini narahat edir. Etiraf edək ki, yaşananlar, şagirdlərin bir-birinə şiddət göstərməsi psixoloji faktordur. Belə halların yaşanması həmin sinifdə olan digər şagirdlərin də psixologiyasına təsirsiz ötüşmür. Bu baxımdan məsələnin ciddi araşdırılmasına, üzərinə məsuliyyət düşən hər kəsin lazımi ölçü götürməsinə ehtiyac var.

Uşaq yaxşı ailədə böyüsə də zorakılığa meyillidir

Şagirdlər arasında aqressiyanın nədən qaynaqlandığına dair “Yeni Azərbaycan”a danışan psixoloq Elnur Rüstəmovun sözlərinə görə, 112 saylı məktəbdə baş verənlər hər birimizi sarsıtdı. Psixoloq bildirib ki, bir çox valideyn həmin görüntüləri görəndə böyük psixoloji sarsıntı yaşadı: “Həm döyən, həm döyülən, həm də baş verənləri videoya çəkib döyməyə təhrik edən şagirdlərin olduğunu görmək əlbəttə, xoşagəlməz haldır. Baş verənlər bir valideyn və vətəndaş kimi hər birimizi narahat edir. Məktəbdə belə hallar həmişə olub, bu günün problemi deyil. Sadəcə, bu gün müasir dünya nizamı təlim-tədris prosesinin humanizm prinsiplərinə uyğun həyata keçirilməsi irəli sürülür. Təbii ki, baş verənlərdə valideynin, məktəbin, eyni zamanda, həmin şagirdin üzərinə düşən məsuliyyətlər var. Şiddət və zorakılığın tətbiqi yeniyetmələrdə birdən-birə yaranmır. Bu, uşaqlıqdan formalaşır və tədbir alınmadığı təqdirdə həyatının hansısa dönəmində hərəkət və davranışında özünü göstərir, bir müddət sonra hətta vərdiş halını alır. Statistik tədqiqatlar onu göstərir ki, ola bilsin uşaq yaxşı ailədə böyüyüb ancaq zorakılığa meyillidir, heyvanlardan tutmuş evdəki əşyalara xüsusi aqressiya ilə yanaşır. Çox vaxt valideynlər düşünürlər ki, bu hallar keçib gedəcək. Amma elə deyil, bütün bunlar özbaşına keçib getmir. Müəyyən tədbirlər görülməlidir, valideyn çalışmalıdır ki, övladına humanizm aşılasın, bu sahədə yetərsizdirsə, mütləq mütəxəssis dəstəyi almalıdır”.

4 il ərzində 3 məktəb dəyişən şagirdlər var

E.Rüstəmov qeyd edib ki, natamam, şiddət uyğulanan ailədə böyüyən, ailəsi tərəfindən zorakılığa məruz qalan uşaqlar zaman keçdikcə bu şiddət və aqressiyanı ətrafında olanlara yansıdırlar: “Bu hal bağçada, məktəbdə ola bilər. Ona görə də bu istiqamətdə valideyn məsuliyyəti diqqətdən kənarda qalmamalıdır. Məktəbin üzərinə düşən məsuliyyəti də qeyd etməliyik. Məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar zamanında çətin tərbiyə olunan, şiddətə və zorakılığa mey?lli, davranış və ünsiyyət problem olan şagirdləri aşkar etməli idilər. Bu, hansısa testlər, diaqnostik metodlar vasitəsilə ola bilərdi. Zamanında ortaya çıxarılıb tədbirlər görülməli idi. Belə olan halda mütləq şəkildə valideynlər də prosesə cəlb edilməlidir ki, problem həllini tapsın. Ola bilsin ki, aqressiyanın səbəbi ailədən qaynaqlanır. Bu zaman ailə dəvət olunmalıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu cür hallar baş verdikdə məktəb rəhbərliyi tərəfindən bu hallar rəsmiləşdirilməlidir. Belə olduqda artıq valideyn məsuliyyətini dərk edir ki, bir də belə hallar yaşanarsa, övladı məktəbdən xaric oluna bilər. Elə şagirdlər var ki, 4 il müddətində 3 məktəb dəyişiblər. Əgər bu şagird çətin tərbiyə olunursa, məktəbləri tez-tez dəyişdirsələr də problem həll olunmur, əksinə, həmin şagirdlər mövcud mühiti poza bilərlər. Elə şagirdlər üçün xüsusi məktəb olmalıdır və onlar həmin məktəbdə təhsil almalıdırlar. Ancaq yüngül davranış pozuntusu, aqressiyası olan uşaqlar olarsa, onlar məktəb psixoloqu və rəhbərliyi tərəfindən sosial-psixoloji təlim proseslərinə cəlb olunmalıdır”.

Valideynin işi övladını məktəbə göndərməklə bitmir

E.Rüstəmov vurğulayıb ki, valideyn-şagird-məktəb üçbucağının formalaşması olduqca vacib amildir: “Çünki təhsil hər birimizin gələcəyidir. Valideynin işi övladını məktəbə göndərməklə bitməməlidir. Məsuliyyət bölünməlidir, belə olan təqdirdə problemləri müəyyən qədər həll etmiş olacağıq. Lakin elə bir mexanizm yoxdur ki, həmin metodu tətbiq edib, məktəblərdə ümumiyyətlə, şiddət, zorakılıq hallarını aradan qaldıraq. Bu, bütün dünyada, bütün məktəblərdə var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda təhsil alan 1 milyon yarım şagird var. Həmin şagirdlər hər gün məktəbə gedir və orada hansısa xoşagəlməz hadislərin yaşanma ehtimalı var. Ancaq sözügedən şiddət formasında yox. 112 saylı məktəbdə baş verənlərdən sonra həmin sinifdəki digər uşaqlara psixoloji dəstək verilməlidir ki, onlar gələcəkdə bu travmanın təsiri altında böyük problemlər yaşamasınlar. Sonrakı məqamlarda isə təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı tədbirlər görmək lazımdır. Nazirlər Kabinetinin “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı” qərarında da qeyd olunub ki, məktəbdə belə neqativ hallar yaşanarsa psixoloji maariflənmə, psixoprofilaktik iş, psixoloji diaqnostika, psixoloji konsultasiya aparılır. Bu komponentlər məktəblərdə tətbiq olunsa, istər şagirdlərin, istər müəllimlərin, istərsə də valideynlərin münasibətinə, ümumiyyətlə, təlim-tədris prosesinə müsbət təsir göstərər”.

Sərt cəzalar əvəzinə, şagirdi cəmiyyətə qazandırmalıyıq

Əməkdar müəllim Almaz Həsrətin qənaətincə, ilk növbədə, ailə tərbiyəsi faktorunu nəzərə almaq lazımdır: “Uşaq ailəsinin təmsilçisidir. Bu yaşlarda uşaqlar aqressiv ola, canlılara qarşı zorakılıq edə bilirlər. Bunu şüurlu şəkildə etmirlər. Belə uşaqlara qarşı sərt cəzalar tətbiq etmək əvəzinə, onları cəmiyyətə qazandırmaq lazımdır. Cəmiyyətdən təcrid olunmuş uşağı daha da təcrid etməklə nə əldə edəcəyik? O, yaşadıqlarını aqressiya ilə göstərir. Videonu çəkən, sadəcə izləyən uşaqların da məsuliyyəti var. Niyə etiraz, yaxud müdaxilə etmirlər? Niyə müəllimə xəbər vermirlər? Hər kəs uşağına məsuliyyəti dərk etməyin yollarını başa salmalıdır. Zorakılıq göstərən uşağın valideynləri ilə iş aparılmalıdır. Məktəb psixoloqu uşaqlarla və valideynlərlə işləməlidir. Hərtərəfli araşdırma aparılmalıdır”.

Şiddət göstərən şagird həbs oluna bilər

Hüquqşünas Kənan Tağıyevin sözlərinə görə, yaşından asılı olmayaraq, qanunvericiliyə görə, fiziki zorakılıq göstərən hər bir şəxs cəzalandırılır: “Sadəcə, bu cəzanın müxtəlif formaları var. Aidiyyəti üzrə hüquq mühafizə orqanının səlahiyyətli şəxsləri baş verən hadisəni araşdırdıqdan sorna hansı cəzanın təyin olunduğuna dair yekun qərar verir. Məlumdur ki, uşaqlar üçün də cəzaçəkmə məntəqələri var. Hakimin qərarından sonra müəyyən cəza növü seçiləcək. 112 saylı məktəbdə baş verən hadisəyə görə şagirdə İnzibat? Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq cəza tətbiq oluna bilər. Məsələn, islah olması üçün hansısa işlərə cəlb olunması mümkündür. Yaxud da qısa müddətlik azadlıqdan məhrum edilərək inzibati həbs oluna bilər”.

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Onlar susurlarsa...

25 Noyabr 10:57

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30