Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dəm qazı bəlası: Səbəblər və çıxış yolları...

Dəm qazı bəlası: Səbəblər və çıxış yolları...

12.11.2022 [11:05]

Özümüzü necə qoruyaq?

Yeganə BAYRAMOVA

Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Havaların soyuması dəm qazı “tor”una düşənlərin də çoxalmasına səbəb olur. Təəssüf ki, hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır.

Dəm qazından zəhərlənmə halları təhlükəsizlik tələbləri pozulduğu üçün baş verir. Mütəxəssislər isə deyir ki, dəm qazından zəhərlənmə hallarının artmasında əsas günahkar elə vətəndaşların özüdür. Çünki qaz sobalarının işlədiyi otaq isti olsun deyə, adətən, tam qapalı vəziyyətdə saxlanılır. Nəticədə, sobadan çıxan zərərli maddələr dar və qapalı otaqda toplanır və zəhərlənmə baş verir. Ekspertlər bildirir ki, dəm qazı narkotik təsirə malikdir, toksiki təsirini mərkəzi sinir sisteminə çox az vaxtda göstərir. Xəstə hiss etmədən başgicəllənmə əmələ gəlir. Bu zaman insan az müddətdə huşunu itirib yıxılır. Ürək çatışmazlığı, qan təzyiqinin düşməsi, nəfəs çatışmazlığı getdikcə kəskinləşir, insan çox ağır vəziyyətə düşür.

Evin bacaları ildə ən azı 2 dəfə təmizlənməlidir

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dəm qazı iysiz, dadsız, rəng­siz, havadan yüngül olan qazdır. Ekspertin sözlərinə görə, insanlar dəm qazının nədən yarandığını bilməlidirlər: “Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir”.

E.Nurəliyev yanma prosesinin nə zaman düzgün getmədiyi haqda danışarkən bildirib ki, qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir: “Həmçinin qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Daha dəqiq desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə-səhər və axşam dəyişməlidir. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq vacibdir”.

Dəm qazı 7 dəqiqəyə ölümə səbəb olur

Ekspert qeyd edib ki, dəm qazları, əsasən, hamam otağında və mətbəxdə əmələ gəlir: “Demək olar ki, dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan təlabatları daha çoxdur. Həmin vaxtda insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da, demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insanın həyatını itirməsi üçün 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman nəfəsliklər mütləq açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar”.

Binalar tikilən zaman buraxılan səhvlər...

Həkim Şahvələd Məmmədovun sözlərinə görə, dəm qazından boğulma zamanı insanın mərkəzi sinir sistemi iflic ola bilər: “Dəm qazı zəhərlənmələri çox vaxt 1-ci, 2-ci, güclü, orta, zəif dərəcədə olur. İlk növbədə dəm qazından boğulmuş insan bunu hiss etmir. Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır. İlkin simptomlar yaranan kimi insan bunu hiss etmədiyi üçün bu otaqda qalmaqda davam edir. Sonra keçir ikinci situasiyaya. Burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir. Belə ki, təzyiq aşağı düşür, nəbz sürətlənir və hətta dezrefleksləri də itir. Bu, artıq ağır formalı dəm qazı ilə zəhərlənmə hesab olunur. Zəhərlənmə zamanı ilk növbədə pəncərəni açmaq, xəstəni təmiz havaya çıxarmaq, xəstə huşunu itiribsə, təcili sürətdə təzyiqini ölçmək və təcili tibbi yardım çağıraraq xəstəxanaya aparmaq lazımdır. Əgər yüngül formalıdırsa, onda xəstənin üzünə və bədəninin açıq nahiyələrinə soyuq su vurmaq lazımdır. Xəstənin udqunma aktı aktivdirsə, iflic olmayıbsa, ona maye vermək lazımdır. Təzyiqi aşağı olduqda ev şəraitində təzyiq qaldırıcı vasitələr verilir, başının altına yastıq qoyulur ki, vəziyyəti stabilləşsin. Huşsuz vəziyyətdə olduğu halda xəstə artıq xəstəxanaya aparılmalıdır”.

Həkim qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda bu, hər il belədir və məhz qış mövsümünün gəlməsi ilə bağlı olaraq həmin bu aylarda daha da artır: “Ona görə də insanlar bu məsələyə ciddi yanaşmalıdır, bu mövzuda çox diqqətli olmalıdırlar, çünki bu, onların ilk növbədə özündən asılıdır. Hamam şəraiti təhlükəsiz şəraitə gətirilməlidir. Binalar tikilən zaman hamam otaqlarında pəncərələri hörürlər və bununla da otaqlara hava çəkməyə, işıq düşməyə yer qalmır. Bu da öz növbəsində belə fəsadlarla nəticələnir. Zəhərlənmənin ağır formasında mütləq zəhərlənmiş şəxs xəstəxanaya yerləşdirilməli və zəhərlənməni aradan qaldıran sistemlər, həmçinin digər üsullar tətbiq edilməlidir”.

Paylaş:
Baxılıb: 290 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30