Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qanunsuz tikililər necə sənədləşdiriləcək?

Qanunsuz tikililər necə sənədləşdiriləcək?

25.11.2022 [10:38]

“Gecəqondu”larda yaşayanlar narahatdırlar...

Nicat Dilqəmli

Paytaxt Bakıda vətəndaşları düşündürən aktual məsələlərdən biri də qanunsuz yaşayış evlərinin aqibətinin necə olacağıdır. Problemin kökündə vətəndaşların mülkiyyət hüququnun, eləcə də şəhərsalma normalarının pozulması, təhlükəsizlik, əhaliyə kommunal xidmətlər göstərən qurumlar üçün yaranan çətinliklər, bələdiyyə vergilərinin yığılması və bu kimi digər çox ciddi məsələlər dayanır.

Qanunsuz şəkildə inşa edilən yaşayış evləri, həm də “gecəqondu”lar adlandırılır. Bunun əsas səbəbi isə həmin evlərin nəzarətdən kənar, çox qısa müddət ərzində tikilməsidir. Üstəlik, belə evlərin tikintisində heç bir texniki qaydalara riayət olunmasından söhbət gedə bilməz. “Gecəqondu”lar  texniki göstəricilərinə görə təhlükəli hesab olunmaqla yanaşı, həm də qeyri-standart formada inşa edildiklərinə görə paytaxtın mənzərəsinə zərər vurur. Qeyd edilən bütün məqamlar nəzərə alınaraq paytaxt ərazisində belə evlərin söküntüsü, onların əvəzinə yeni, müasir standartlara cavab verən binaların tikintisi hər zaman aktual olaraq qalır. Bu günə qədər Bakının bir çox ərazisində yenidənqurma işləri artıq həyata keçirilib. Dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən prosesin davam etdirilməsi istiqamətində işlər görülür.

Bəzi sakinlərin həmin evlərdə uzun illər yaşadığı təkzibolunmaz faktdır. Qanunsuz şəkildə inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi, eləcə də veriləcək kompensasiyanın həcmi də təbii olaraq onları düşündürən ən əsas məqamlardandır.

Qeydiyyatı olmayan, sənədsiz evlərdə yaşayan vətəndaşlarımız evləri sökülərkən hansı problemlə üz-üzə qalacaqlar?

Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadənin sözlərinə görə, Bakıda hazırda ümumi sayı 500 minə yaxın olan fərdi yaşayış evi var ki, müxtəlif səbəblərdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onlara çıxarışın verilməsindən imtina olunur. R.Qasımzadə vətəndaşların üzləşdikləri bu çətinliyin səbəbləri barədə söz açarkən bildirib ki, əsas səbəblərdən biri evlərin kommunikasiya xətlərinin üzərində yerləşməsidir: “Buraya yüksək gərginlikli elektrik xətləri, yüksək təzyiqli qaz və su xətləri aiddir. Yaxud Dövlət Neft Şirkəti ilə bəzi neft şirkətləri arasında imzalanan neft müqaviləsinə uyğun olaraq neft şirkətlərinin istifadəsində olan torpaq sahələrində tikilən fərdi yaşayış evləridir ki, bu kimi ərazilərdə yaşamaq, həm də insanların sağlamlığı üçün olduqca zərərli və təhlükəlidir. Çünki orada radiasiya qat-qat yüksəkdir, təhlükə, həmçinin yüksək gərginlikli elektrik xətlərinin altında tikilmiş evlər üçün də var. Vətəndaşlar belə ərazilərdən kənarda yaşamalıdırlar. Təbii ki, belə ərazilərdə vətəndaşlara çıxarışların verilməsindən imtina ediləcək və o ərazilərin köçürülməsi məsələsi gündəmə gələcək”.

Ekspertin fikrincə, qanunsuz evlərin sənədləşməsi prosesində yaranan digər səbəb torpaq sahələrinin təyinatı üzrə istifadə olunmamasıdır: “İkinci bir məsələ, torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi problemidir. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində vətəndaşlar evlər tikib. Buna misal olaraq Sabunçunun Maştağa qəsəbəsinin yaxınlığında salınan Savalan qəsəbəsini, Məhəmmədi kəndini deyə bilərik. Adıçəkilən ərazilərdə vətəndaşların bir çoxu kənd təsərrüfatı təyinatlı sahələrdə fərdi yaşayış evləri inşa ediblər. Bu halda həmin torpaq sahələrinin təyinatını yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq sahələrinə dəyişdirmək mümkündür. Bu zaman rayon icra hakimiyyətləri, yaxud bələdiyyələr tərəfindən - yalnız Nazirlər Kabinetinin qərarı ilə - o torpaqların təyinatının dəyişdirilməsi və bundan sonra vətəndaşlara çıxarışların verilməsi mümkün olacaq. Bu proses gedir. Digər tərəfdən, kommunikasiya xətlərindən uzaq olan və torpaq sahələrinin təyinatı üzrə istifadə olunduğu sahələr də var ki, həmin vətəndaşlara çıxarışların verilməsi mümkün olacaq. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin, bələdiyyələrin, rayon icra hakimiyyətləri nümayəndələrinin birgə iştirakı ilə komissiya işini, demək olar ki, başa çatdırmaq üzrədir. Bununla bağlı hökumətə müvafiq təkliflər verilib və yəqin ki, cənab Prezidentin müvafiq Sərəncamı olacaq, bundan sonra həmin fərdi yaşayış evlərinin çıxarışla bağlı məsələsi öz həllini tapacaq”.

R.Qasımzadənin sözlərinə görə, haqqında danışılan fərdi yaşayış evlərinə çıxarışların (kupçaların) verilməsi dövlət üçün də olduqca önəmlidir, çünki bu, dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması deməkdir: “Bu, bir sıra sektorlarda inkişafa səbəb olacaq. Məsələn, sığorta sahəsi, dövlət büdcəsinə həmin sənədlərə görə ödənilən rüsumlar, bank sektoru və digər bir çox sahədə əlavə gəlirlər olacaq”. 

Əmlak eksperti Mirdaməd Əzizov isə qəzetimizə bildirib ki, hazırda “gecəqondu”larla bağlı yeni layihələr hazırlanır. Ekspert pandemiya səbəbindən dayandırılan prosesin yenidən davam etdirildiyini diqqətə çatdırıb: “Bu layihə artıq Bakı şəhər Baş planında öz əksini tapır. Həmin evlərin sökülüb yerində yeni binaların inşa edilməsi nəzərdə tutulub. İnşaatçılar metrosu ətrafında Alatava ərazisində “gecəqondu”ların sökülüb yerində müasir binaların tikilməsi ilə bağlı müxtəlif layihələr var. “Gecəqondu” adlandırılsa da, bunlar sənədsiz tikililərdir. Xatırlatmaq yerinə düşər ki, sənədsiz evlərin inventarlaşması ilə bağlı 2019-cu ildə dövlət başçımızın Fərmanı ilə Tədbirlər planı hazırlandı. Qeyd edilən Fərman 2019-cu ilin sentyabr ayında qəbul edildi, lakin pandemiya ilə bağlı həyata keçiriləcək planlar qaldı. Konsepsiyaya uyğun olaraq, postpandemiya dövründə işlərin həyata keçirilməsinə yenidən başlanıldı. Hazırda bu proses davam edir”.

M.Əzizovun fikrincə, köhnə evlərin sökülməsi, əvəzində isə yeni binaların inşası, əmlak sahiblərinə isə kvadratmetrinə uyğun kompensasiya verilməsi “gecəqondu”ların sənədləşməsi məsələsini arxa plana atacaq: “Alatava ərazisi ilə bağlı kiçik bir məlumatı bildirim ki, Bakı şəhərinin Qərb hissəsində yerləşən, təxminən 150 hektar olan Alatavada böyük regenerasiya prosesinə ehtiyac var. Bu ərazi hələ Sovet dövründə - 60-cı illərdə qeyri-qanuni məskunlaşma zonası kimi formalaşıb. Hazırda Şərifzadə küçəsinin qərb hissəsində fərdi evlər və kiçik özəl müəssisələr çoxluq təşkil edir. Qeyri-müəyyən üslubda tikilən bu həyət evləri 2010-cu ildən paytaxt üçün daha böyük problemə çevrilib. Yaxın gələcəkdə bu ərazilərdə tikinti işlərini özəl şirkətlər həyata keçirəcək və onların hər birinə qeydiyyatın aparılması, sökülmüş evin kvadratına uyğun məbləğin ödənilməsi ilə bağlı tapşırıq verilib”.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30