Tanrını tanımayan dünya
28.01.2023 [10:33]
Biz hara gedirik, yaxud 3-cü cins cəmiyyətlərə necə daxil olur?
Uca Tanrı insan cəmiyyətini son dərəcə mükəmməl və cazibədar yaradıb. Burada hər şey harmoniyadadır. Əsas gözəllik isə cins olaraq kişilərin və qadınların bir-birlərindən ayrılmasıdır. Kişilərin bəxtinə incə qadınlar, qadınların taleyinə isə qolu qüvvətli kişilər yazılıb. Nə gözəl harmoniyadır! Minilliklər boyunca insan cəmiyyətləri bu harmoniyada yaşayıblar, nəsil artırıblar, dünyanı zənginləşdiriblər. Heç ağla da gəlməzdi ki, nə vaxtsa bu harmoniya pozulacaq və kişilər arasında öz ulduzlarını kişilərlə, qadınlar arasında isə elə qadınlarla birləşdirməyə can atanlar tapılacaq. Buna dünyanın məhvərindən çıxması da demək olardı. Sədd heyif ki, gözəl, saf dünyamızın qismətində belə bir çirkinliklə üzləşmək də var imiş.
Roma papasından əcaib açıqlama
İndiyədək homoseksuallıq kimi qəbul edilən kişinin-kişi, LGTB kimi tanınan qadının qadınla eşq yaşaması haqqında çox yazılıb. Mövzu növbəti dəfə Roma papası Fransiskin əcaib, qəraib açıqlamasından sonra gündəmə gəlib. Katolik dünyasının ruhani lideri homoseksuallığın cinayət olmadığını və LGBT əleyhinə qanunların ədalətsiz olduğunu bildirib. “Gey olmaq cinayət deyil. Bəli, günahdır, amma əvvəlcə günah və cinayəti ayırd edək. Bir-birimizə kömək etməmək də günahdır. Onlar da, biz hamımız Allahın övladlarıyıq. Allah bizi kim olduğumuza, ləyaqətimiz üçün mübarizə aparmağa imkan verən gücümüzə görə sevir” - deyə Fransisk AP agentliyinə müsahibəsində qeyd edib. Bəzi ölkələrdə qüvvədə olan LGBT əleyhinə qanunların ədalətli olmadığını vurğulayan Papa Fransisk katolik kilsəsinin bu ədalətsizliyə son qoymaq gücünə sahib olduğunu bildirib. Papa bu qanunları dəstəkləyən din xadimlərini də mərhəmətli olmağa çağırıb.
Papa Fransisk sıradan bir insan deyil. Onun ifadə etdiyi fikirlər ən azından katolik toplum tərəfindən çox həssaslıqla qarşılanır. Fransisk isə sanki statusunun fərqində deyil. O, 2013-cü ildə vəzifəyə gəldiyi gündən bəri homoseksuallıq, abort və din xadimlərinin nikahı kimi həssas mövzularda açıqlamalar verir və bəlli mövqeyini ortaya qoyur. Burada deyiblər ki, papadan artıq katolik olmaq. Fransisk bütün katoliklərin mənəvi-ruhani lideridir. Onun ümumkatolik və ümumbəşəri mövzularda çağırışlar etməsi daha faydalı olardı. O isə ümumkatolik qövmün deyil, azlıq təşkil edən homoseksualların və LGTB düşərgəsində yer alanların yanında olan kimi görünür.Din tarixi, müqəddəs kitablar bəlli mövzuda nə deyir?
Papa Fransisk din xadimidir. Bəs din tarixi, müqəddəs kitablar həmcinslilərin nigahı, birgə yaşayışı barədə nə deyir? Əksər səmavi dinlərdə buyurulur ki, Allah cinsi əlaqəni yalnız bir kişi və bir qadın arasında, üstəlik, yalnız nikah daxilində nəzərdə tutub. Müqəddəs kitablarda cinsi əxlaqsızlıq mühakimə edilir. Cinsi əxlaqsızlıq dedikdə homoseksual və yolverilməz heteroseksual (kişi ilə qadın arasında) əlaqə nəzərdə tutulur.
Qədim dinlərdən olan yəhudilikdə homoseksuallıq mövzusuna”Tövrat”a daxil olan “Yaradılış” və “Levililər” kitablarında rast gəlinir. Münasibət birmənalıdır: “Levililər” kitabında kişilərin bir-birləri ilə cinsi əlaqəyə girməsi qadağan edilib və bu iyrənc hərəkət olaraq dəyərləndirilib. “Tövrat”da cinsi azlıqlarla bağlı iki hal təsvir olunub:
1. Qadınlarla yatdığınız kimi, kişilərlə yatmayın, bu iyrəncdir.
2. Bir kişi başqa bir kişiylə cinsi əlaqədə olarsa, ikisi də iyrənclik etmiş sayılır. Onlar qəti şəkildə öldürüləcəklər. Ölümə layiqdirlər.
Görək xristianlıq homoseksuallıq barədə nə deyir? Xristianlıq (Katolik və Ortodoks) dinində də homoseksuallıq kəskin şəkildə rədd edilir və haram sayılır. Burada homoseksuallıq Tanrını tanımayaraq ona itaətsizlik etməyin nəticəsində baş verən bir hal kimi dəyərləndirilir. Xristianlıqdakı baxışlara görə, Tanrı insanları qəlblərində belə naqis istəklər gəzdirən varlıqlar qismində yaratmayıb. Bu istək insanların öz seçimləridir və anadangəlmə sayılmır. İsa Məsihin belə bir kəlamı ibrətamizdir: “Yaradan insanları kişi və qadın olaraq yaratdı. Və dedi ki, kişi anasını-atasını buraxıb həyat yoldaşına bağlanacaq, ikisi bir bədən olacaqlar. Artıq onlar iki yox, bir bədən hesab olunurlar”.
Hazırda homoseksuallığı qanuniləşdirən bəzi Avropa ölkələrində xristianlıq istinad nöqtəsi kimi göstərilir. Guya din buna icazə verir. Halbuki, xristianlıq inancına görə, homoseksual sayılan hər cür münasibət iyrəncdir və bu Tanrının qəzəbinə layiqdir.
Müqəddəs İslam dinində homoseksuallığa kəskin münasibətin şahidi oluruq. “Quran”da təsvir olunur ki, Lut qövmündən olanlar öz həmcinsinin təmsilçisi ilə əlaqəyə girib, digər müxtəlif günahlar işlədib və bunlara görə də Allahın qəzəbinə tuş gələrək məhv ediliblər. Lut qövmünün kişinin kişiylə cinsi əlaqə qadağasına əməl etmədiyi üçün cəzalandırıldığı qeyd edilib. İslamda homoseksuallıq bidət sayılır. “Quran”da kişilər arası münasibətləri qınayan və qadağan edən bir çox ayə var. İslam dinində homoseksuallığın kəskin şəkildə qınanıldığı və bu cür cinsi əlaqənin haram olduğu ən kəskin şəkildə “Əraf” surəsinin 80 və 81-ci ayələrində əksini tapıb.”Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?” “Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Psixi xəstəlik, yoxsa həyat tərzi?
Həkimlər homoseksualizmə tibbi nöqteyi-nəzərdən yanaşırlar. Həkim-psixatr Abdulla Şıxlinski bildirib ki, homoseksuallar bəşər tarixində çox qədimdən mövcud olublar. Onlar indi də var və həmişə də olacaqlar.Təbiətin əmələ gətirdiyi homoseksualizm kimi hal nə pis, nə də yaxşı kimi qiymətləndirilə bilər. O, sadəcə bioloji bir fakt kimi qəbul edilməlidir. Həkimin sözlərinə görə, insanların seksual meyilləri həddən artıq rəngarəngdir. Fiziologiya və təbabət elmləri sübut edib ki, hər bir insan ikicinsli meyilə malikdir. Lakin insanların əksəriyyətində öz cinsindən olan insanlara meyillilik üzə çıxmır, həmişə gizli qalır. Bu səbəbdən də bu insanlara seksual çoxluqlar, 2-ci qrup, yəni öz cinsindən olan insanlara meyilli olanlara seksual azlıqlar deyirlər. Bioloji olaraq hər bir insan biseksualdır: yəni hər bir insan istənilən anda şəraitdən asılı olaraq kritik bioloji və psixoloji vəziyyətlərdə həm getero, həm də homoseksual ola bilir. Homoseksualizm tibbi-bioloji bir problemdir.
3-cü cinsin özünü təsdiqləməsi
Uzun müddət həkimlərlə homoseksuallar arasında mübarizə gedib. 1963-cü ildə Nyu York Tibb Akademiyasının İctimai Səhiyyə Komitəsi tədqiqat tsiklini başa çatdırdı və belə bir qorxunc rəy verdi: “Homoseksuallıq həqiqətən də bir xəstəlikdir. Homoseksual normal heteroseksual əlaqələr qurmaqda aciz və emosional sahədə pozğunluqları olan fərddir.”
Homoseksuallar isə qeyri-ənənəvi olan cinsi istəklərinin xəstəlik kimi dəyərləndirilməsini əsla qəbul etmirlər. Dünyada müxtəlif adlar altında təşkilatlanan homoseksuallar özlərinin 3-cü cinsin nümayəndələri kimi qəbul edilməsinə nail olmağa çalışırlar. Onlar müxtəlif cəmiyyətlərdə təpkilərlə qarşılanmalarını insan hüquqlarının pozulması prizmasından dəyərləndirərək buna qarşı mübarizə aparırlar. Bu gün Avropanın ayrı-ayrı ölkələrində homoseksualların etiraz yürüşlərinə on minlərlə iştirakçı qatılır. Deyə bilərik ki, homoseksuallar özlərini
3-cü cins kimi təsdiqləmələri yolunda müəyyən uğurlar da qazanıblar. 1971-ci ildə homoseksualis hərəkatının güclü olduğu ABŞ-da heç də adi olmayan hadisə yaşanıb. Belə ki, Amerikanın Psixiatrik Assosiasiyasının (APA) iclası zala daxil olan homoseksualist nümayişçilər tərəfindən dağıdılıb. “Psixiatriya - düşmən təhsilidir. Psixiatriya bizi amansız müharibə aparmağa vadar edir. Siz bunu sizə qarşı müharibə elanı hesab edə bilərsiz... Sizin bizim üzərimizdəki hakimiyyətinizi tamamilə rədd edirik” , - deyə nümayişçilər bildirirdilər.
Assosiasiya çox tez güzəştə getdi. 1973-cü ildə “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər siyahısından yoxa çıxdı. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. “Homoseksuallıq” diaqnozu xəstəlik kimi yalnız bir halda - qeyri-ənənəvi oriyentasiyalı pasientin “əzabları gözəgörünən olduqda” qəbuledilən hesab olunur. Zaman keçdikcə homoseksuallığa qarşı tolerantlıq artmağa başladı. Bu ad 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarıldı. 7 iyun 2011 ci ildə BMT “İnsan hüquqları, seksual orientasiya ve gender bərabərliyi” qətnaməsini qəbul etdi. Qətnaməyə əsasən, seksual orientasiyaya görə ayrı-seçkilik qadağan edildi.
Rəzillik - eynicinslilərin nigahı
Bəzi Avropa ölkələri homoseksualların tələblərinə “hə” deyərək eynicinslilərin nigahına hüquqi əsaslar yaradan qanunlar qəbul ediblər. Qoca qitədə buna demokratiya, insan hüquqları kimi anlayışlarla haqq qazandırılır. Halbuki, belə rəzilliyə yol verilməsinin heç bir izahı yoxdur. Bunun bir adı var: Müqəddəs kitablarda yazılanlara qarşı çıxmaq, Uca Tanrını tanımamaq. Bu yolda “pioner” Hollandiya oldu. 2001-ci ildə bu ölkədə homoseksualların münasibətlərini açıq və rəsmi şəkildə yaşamalarına rəsmi qaydada icazə verildi. Təsdiqlənən qanunvericiliyə əsasən, Hollandiyada 3-cü cinsin təmsilçiləri sərbəst şəkildə evlənə, övladlığa uşaq götürüb saxlaya bilərlər.
Pis nümunə tez yayılır. Hollandiyadan sonra bir sıra digər ölkələr də müvafiq qanunvericiliyi təsdiqlədilər. Kanada, Belçika (2003), İspaniya (2005), CAR (2006), İsveç, Norveç (2009), Argentina, İslandiya, Meksika, Portuqaliya (2010), Danimarka (2012), Braziliya, Uruqvay, Yeni Zelandiya, Fransa (2013), İngiltərə, Uels (2014), Lüksemburq (2015) eynicinslilərin nigahına icazə verən ölkələr siyahısında yer alırlar. Hazırda ABŞ-ın 18 ştatında eynicinslilərin evliliyi qanuni sayılır.
Eynicinslilərin evliliyinə rəsmi qaydada icazə verən ölkələrin siyahısı qısa müddətdə əhəmiyyətli dərəcədə genişlənsə də, cəsarət göstərib bu rəzilliyə “yox” deyən dövlətlərin sayı da çoxdur. Belə ki, Polşa, Xorvatiya, Slovakiya, Macarıstan və Latviya hələ də homoseksualların evlənməsinə icazə vermir. Əlcəzair, Misir, Mərakeş, Liviya, Sudan, Tunis, Seneqal, Kamerun, Küveyt, Oman, Qətər, Suriya, Hindistan kimi ölkələr homoseksualların münasibətini qadağan edir və onlara həbs cəzası verirlər. Pakistanda isə belə insanlar ömürlük həbs edilir. Eynicinslilərin münasibətlərinə ən qatı münasibət isə BƏƏ, Səudiyyə Ərəbistanı, Yəmən və İrandadır. Bu ölkələrdə homoseksuallara ölüm hökmü kəsilir. Qana, Nigeriya, Keniya, Türkmənistan və Özbəkistanda kişilərin evlənməsinə yol verilməsə də, qadınların birgə yaşamasına əngəllər yaradılmır.
Hərbi xidmət məsələsinə gəlincə, CAR, Kanada və ABŞ homoseksualların sərbəst şəkildə hərbi xidmətə çağırılmalarına icazə verir. Kolumbiya, İsrail, Çin, Yaponiya, Sinqapur, Moldova və Peru nigaha icazə verməsə də, 3-cü cinsin təmsilçilərini hərbi xidmətdən azad etmir. Eyni zamanda, bütün Avropa ölkələri homoseksualların hərbi xidmətə getmələrinə qadağa qoymur.Azərbaycan cəmiyyətinə gəldikdə
Azərbaycanda sözügedən məsələlərlə bağlı qanunvericilikdə hər hansı bir müddəa yoxdur. Bununla belə, gözəl milli-mənəvi dəyərlərə malik olan Azərbaycan cəmiyyətində eynicinslilərin ni?ahına, ümumiyyətlə belə təzahürlərə kəskin mənfi münasibət var. Bu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, Roma papasının məlum açıqlama ilə çıxış etməsi anlaşılan deyil. Yəni bunun heç bir dini əsası və izahı yoxdur. Bu, fəlakətə aparan, ümmətləri, dövlətləri məhv edən bir tendensiyadır. Fikirlərinə davam edən Ceyhun Məmmədov vurğulayıb: “Son dövrlərdə Qərbdə həmcinslilərin ailə qurmaları geniş şəkildə təbliğ olunur və buna rəvac verilir. Artıq bəzi dövlətlərin qanunlarında bu məsələ öz əksini tapıb. Təəssüf ki, bu qəbildən təbliğatı Azərbaycanda da həyat keçirməyə çalışırlar. Siz son dövrlərdə Qərbdə çəkilən filmlərə baxsanız və müəyyən məqamlara diqqət yetirsəniz, görəcəksiniz ki, bu, onların təbliğatında özünü geniş şəkildə göstərir. Nəticələri təsəvvür etmək belə qorxuncdur. Əslində, həmcinslilərin ailə qurmaları dünyada əhali sayının artımına mənfi təsir göstərəcək bir məsələdir. Ənənəvi olaraq qadınla kişi ailə qurur və onların övladları dünyaya gəlir. Homoseksuallığın leqallaşdırılması ilə biz görürük ki, dünyada ailə fonduna böyük zərbə vurulur”.
Ceyhun Məmmədov həyəcan təbili çalaraq təəssüf hissi ilə bildirib ki, bir sıra hallarda bizim ölkəmizdə də qeyd olunan təzahürlərin yayılmasına cəhdlər müşahidə edilir. “Bu, bəzən feminizmin təbliğində, bəzən LGTB ilə bağlı hesabatlarda özünü açıq şəkildə göstərir. Buna görə də dövlət qurumlarının, cəmiyyətin, hər birimizin üzərinə böyük məsuliyyət düşür. Belə proseslərə qəti mövqe bildirilməli və bu yöndə təbliğatın qarşısı alınmalıdır. Burada hesab edirəm ki, din xadimlərinin üzərinə böyük vəzifə düşür. Din xadimlərimiz bu istiqamətdə səylə çalışmalıdırlar. Yalnız Roma papasının deyil, ayrı-ayrı dövlətlərin rəsmilərinin də bu qəbildən açıqlamalarını eşidirik. Bu, qəbuledilməzdir, təhlükəli tendensiyadır. Əslində, gözlənilən o idi ki, din xadimləri, tanınmış şəxslər belə təbliğata öz etirazlarını bildirsinlər və öz mövqelərini ortaya qoysunlar. Biz isə bu gün fərqli, laqeyd yanaşmaları görürük. Zərərli tendensiyalar tez yaylır. Bunu biz bu gün Qərbdə həmcins tərkibli ailələrin artmasında açıq şəkildə görürük. Bütün dünyanın sağlam gücləri bir istiqamətdə birləşərək öz addımlarını atmalıdırlar. Azərbaycanda böyük siyasət həyata keçirilir. Söhbət bizim milli-mənəvi dəyərlərimizin təbliğindən və onların qorunmasından gedir. Dövlətimiz milli-mənəvi dəyərlərimizə zədə vurulmasına yol vermir və heç vaxt da yol verməyəcək. Biz də çalışmalıyıq ki, bu istiqamətdə dövlətin siyasətinin reallaşmasında üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirək”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov qəzetimizə açıqlamasında bu məsələnin müxtəlif ölkələrdə müxtəlif formatlarda - hüquq müstəvisində, bəşəri müstəvidə müzakirə olunduğunu və yanaşıldığını bildirib. O deyib ki, Azərbaycanda bununla bağlı yanaşma konkretdir. “Qanunvericiliyimizdə homoseksualizm cinayət hesab olunmur, ancaq adət-ənənələrimiz, milli dünyagörüşümüz, eyni zamanda, dini baxışlarımız bu məsələdə fərqli mövqedədir. Biz azərbaycanlı olaraq, İslam dininin daşıyıcıları olaraq düşünürük ki, homoseksualizmin təşviqi, eyni zamanda dünyadakı bəzi hərəkatların təbliği Azərbaycan cəmiyyəində yolverilməzdir. Bütün səmavi dinlər homoseksualizmi qəbul etmir, İslam dini də bunu haram buyurur. Biz də bir azərbaycanlı olaraq düşünürük ki, müqəddəs dinimizdə də əxlaqsızlıq kimi dəyərləndirilən homoseksualizmin təbliği yolverilməzdir. Azərbaycan cəmiyyəti bunu qəbul etmir. Bütün hallarda Azərbaycan cəmiyyəti üçün, Azərbaycan insanı üçün homoseksualizm qəbuledilməzdir”, - deyə Nahid Məmmədov əlavə edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31
