Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sənəd qəbulu başladı

Sənəd qəbulu başladı

02.03.2024 [10:40]

Problemlər aradan qaldırılıb?

Yeganə BAYRAMOVA

Ali təhsil müəssisələrinə və 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır.

Qeyd edək ki, ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilir. İkinci mərhələnin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək qeydiyyatdan keçməlidirlər. İkinci mərhələnin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılacaq. Abituriyentlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

Artıq 3 ildir tətbiq olunan qaydaya görə, abituriyentlər iki dəfə ayrı-ayrı 3 fəndən imtahan verməklə ümumi nəticəyə nail olurlar. Buraxılış imtahanı bir dəfə, qəbul imtahanı isə iki dəfə - dövlət hesabına və öz hesabına keçirilir. Ona görə də şagirdlər həm buraxılış, həm də qəbul imtahanına məsuliyyətlə yanaşırlar. Bu ərəfədə valideynlər də abituriyentlər qədər həyəcanlanırlar.

Xatırladaq ki, ötən illər ali məktəblərə sənəd qəbulu zamanı müəyyən problemlər yaşanmışdı. Problemlərin böyük əksəriyyəti isə texniki məsələlərlə bağlı idi. Məsələn, şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şagirdlərin sənəd qəbulu, eyni zamanda, buraxılış vərəqələrindəki bəzi texniki problemlər olurdu. Maraqlıdır, bu ilki sənəd qəbulu zamanı hansısa çatışmazlıqların yaşanmaması üçün mövcud problemlər aradan qaldırılıb?

Sualımızı cavablandıran DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, abituriyentlər sənəd qəbulu üçün ilk növbədə DİM-in saytında şəxsi kabinet yaratmalıdır: “Şəxsi kabinetin yaradılması üçün şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır. Təbii ki, abituriyentin şəxsiyyət vəsiqəsinin hüquqi qüvvəsi olmalıdır. Kimin əvvəlcədən şəxsi kabineti olubsa, onlar istifadəçi adı və parolu elektron ərizə sisteminə daxil etməlidir. Orada müəyyən məlumatlar var, tam orta təhsil bazasından kollecə, yaxud ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər, xarici dil seçimi, imtahan bölməsi-abituriyentlər bütün bu seçimlərini etməlidirlər. Bununla da həmin abituriyentin qeydiyyatdan keçdiyini təsdiq edirik. Bu, ərizə qəbulunun birinci mərhələsidir”.

DİM rəsmisi ərizə qəbulu ilə bağlı texniki məsələlərin həllini tapdığını, hər hansı bir çatışmazlıqların olmadığını qeyd edib. O, eyni zamanda, Qarabağ universitetinə sənəd qəbulu barədə də danışıb: “Nazirlər Kabineti tərəfindən DİM-ə digər universitetlərdə olduğu kimi, Qarabağ universiteti ilə bağlı da plan yerləri təqdim olunacaq. Orada göstərilir ki, hansı ali təhsil müəssisəsində nə qədər plan yeri nəzərdə tutulub. Bütün bunlar abituriyent jurnalının 4 saylı buraxılışında dərc olunacaq. Qeyd edim ki, Qarabağ universitetinə də qəbul ümumi qaydalara uyğun aparılacaq. Məsələn, abituriyentlər imtahanda iştirak edirlər, müsabiqə şərtlərini ödədikləri təqdirdə ixtisas seçiminə buraxılırlar və öz ərizələrində istədikləri ixtisasları ardıcıllıqla yaza bilirlər. Qarabağ universitetinə də sənəd qəbulu bu qaydada tənzimlənəcək”.

X.Xanlarzadə qəbul imtahanının iki dəfə - dövlət hesabına və abituriyentin öz hesabına verildiyi halda hansı nəticələrin əsas götürüləcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Məlum olduğu kimi, qəbul imtahanları iki dəfə keçirilir. Abituriyent istəsə həmin imtahanların birində, istəsə ikisində də iştirak edə bilər. Təbii ki, ilk imtahan dövlət hesabına olduğu üçün ödənişsiz, ikinci imtahan isə ödənişli formada keçirilir. Yaxud da abituriyent birbaşa ikinci imtahan üçün qeydiyyatdan keçirsə, birinci dəfə sayıldığı üçün həmin imtahan ödənişsiz olur. Hansı nəticələrin əsas götürüldüyünə gəlincə, bu, abituriyentin öz ixtiyarına buraxılıb. Təbii ki, hansı nəticə uyğundursa və müsabiqə şərtlərini ödəyirsə, abituriyent də həmin nəticəni seçə bilər”.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30