Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Sırada Moldovadır?

Sırada Moldovadır?

27.04.2022 [10:14]

Münaqişə apreldə alovlanmağa başlayıb

Məlik MƏMMƏDOV

Bütün dünya hələ də Ukraynada baş verən müharibənin dəhşətindən özünə gəlməmiş və atəşkəsə nail olmaq üçün baş sındırdığı bir vaxtda, üfüqdə uzun illər dondurulmuş yeni münaqişə alovlanır.

Belə ki, aprelin 25-də Moldovadan narahatedici xəbərlər gəlməyə başlayıb. KİV Tiraspolda tanınmamış Dnestryanı bölgəsinin “dövlət təhlükəsizlik nazirliyi” adlanan binasında silsilə partlayışların baş verdiyini yazıb. Güman edilir ki, tank əleyhinə qumbaraatandan atəş açılıb, itki yoxdur. Aprelin 26-da səhər isə Dnestryanı bölgəsinin Mayak kəndində Rusiya radiosunu ötürən iki rabitə qülləsi partladıldı. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib, Dnestryanı “DİN” partlayışı kimin törədə biləcəyi ilə bağlı versiyalar irəli sürməyib.

Bununla əlaqədar Moldova Prezidenti Maya Sandu Təhlükəsizlik Şurasının iclasını çağırıb, ölkənin İnformasiya və Təhlükəsizlik Xidməti isə vətəndaşlara müraciət edib və bu müraciətdə cəmiyyəti “sakitləşməyə və yoxlanılmamış mənbələrdən məlumat (xüsusən də nifrət və müharibə qızışdıran) yaymaqdan çəkinməyə çağırıb”. Tanınmamış Dnestryanı bölgənin “prezidenti” Vadim Krasnoselski də öz “təhlükəsizlik şurası”nı toplayıb və infrastruktura və qurumlara hücumlara görə terror təhlükəsinin “qırmızı” səviyyəsinin tətbiqi qərara alınıb. Eyni zamanda, Dnestryanı “təhlükəsizlik şurası” iki deyil, üç “terror aktı”nı təsdiqləyib. İddialara görə, daha bir hücum Tiraspol yaxınlığındakı hərbi hissəyə edilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Kreml Dnestryanıdakı vəziyyəti çox diqqətlə izləyir və oradan gələn xəbərlər narahatlıq doğurur”. Lakin onun sözlərinə görə, Vladimir Putin Moldova prezidenti ilə hələlik hər hansı təmas planlaşdırmır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi silsilə partlayışları Rusiya xüsusi xidmət orqanlarının Dnestryanıda çaxnaşma və anti-Ukrayna əhval-ruhiyyəsini artırmaq üçün planlaşdırılmış təxribatı adlandırıb. İdarənin məlumatına görə, onların məqsədi Ukraynadakı müharibəyə haqq qazandırmaq və Dnestryanı əhalisini Ukrayna ərazisindəki döyüşlərə cəlb etməkdir. Öz növbəsində, “DXR” və “LXR” separatçı respublikaların yaradıcısı, Rusiya ordusunun istefada olan Baş Kəşfiyyat İdarəsinin zabiti İqor Qirkin (Strelkov) bildirib ki, “Rumıniya-Ukrayna koalisiyasının Dnestryanı bölgənin təmizləməsinə birgə hazırlığı haqqında məlumat” əlavə təsdiq aldı”. Onun sözlərinə görə, “Rumıniya ərazisində artıq Moldova hərbi geyimində olan hərbi hissələrin təlim keçməsi barədə məlumatlar var. Ukrayna hərbi bölmələrinin Dnestryanı ilə sərhəddə cəmləşməsi barədə də məlumatlar var”. Strelkov iddia edir ki, Ukrayna hərbi komandanlığının marağı həm də Kolbasnadakı sursat anbarını ələ keçirilməsidir.

Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayandan Kişinyov neytral mövqe tutub. Ölkə anti-Rusiya sanksiyalarına qoşulmayıb və eyni zamanda, ikili təyinatlı məhsul kimi şərh edilə bilən malların öz ərazisindən keçməsinə icazə vermir və Tiraspolla birbaşa təmaslarını davam etdirir. Maraqlıdır ki, Kişinyovun belə mövqeyi ABŞ da daxil olmaqla, Qərb dövlətləri tərəfindən dəstəklənib.

Xatırladaq ki, Moldova ilə tanınmamış “Dnestryanı Moldova Respublikası” (Kişinyov qəti şəkildə bu adı tanımır) arasında münaqişə 1992-ci ildən dondurulub və hələ də həllini tapmayıb. Münaqişənin silahlı mərhələsi 1992-ci il avqustun 1-də başa çatıb. Hazırda münaqişə zonasında təhlükəsizliyi Rusiya, Moldova Respublikası, Dnestryanı bölgənin hərbi kontingentləri və Ukraynadan (müharibə başlayandan sonra geri çağırılmış) hərbi müşahidəçilərin daxil olduğu birgə sülhməramlı qüvvələr təmin edir. Çoxsaylı danışıqlar zamanı Dnestryanı ərazinin statusu ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Münaqişə tərəfləri arasında münasibətlər gərgin olaraq qalır. Moldova tərəfi dəfələrlə Rusiya qoşunlarının bölgədən çıxarılmasının tərəfdarı olduğunu bildirib.

Martın əvvəlində Maya Sandu Ukraynanın ardınca Moldovanın yaxın gələcəkdə Avropa Birliyinə (lakin NATO-ya yox) üzvlük üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb. Moldova Aİ-yə üzvlük ərizəsini imzaladıqdan sonra tanınmamış Dnestryanı Kişinyovla münasibətlərin təcili və yekun həlli məsələsini gündəmə gətirib. Tiraspol uzunmüddətli münaqişəyə son qoymaq və nəhayət, ayrılmaq niyyətində olduğunu bildirib. Martın 16-da Rumıniya prezidenti Klaus Yohannis ilə görüşü zamanı Sandu, Kişinyovun Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılmasında israrlı olduğunu bildirib. Rusiya ordusu Dnestryanı ərazisinə sülhməramlı kontingent və Rusiya qoşunlarının məhdud kontingenti şəklində yerləşdirilib. Birincilər, o cümlədən Dnestr çayı boyunca sülhməramlı postlarda xidmət edir, ikincilər isə Kolbasna kəndindəki sursat anbarlarını mühafizə edir. Kontingentlərin ümumi sayı təxminən 1,5 min nəfərdir. 

Lakin Rusiya ilə Moldova arasında əsl münaqişə apreldə alovlanmağa başladı. Aprelin 7-də Moldova “Müqəddəs Georgi” lentinə, eləcə də Ukraynada rus qoşunlarının istifadə etdiyi “Z” və “V” simvollarına görə cərimələr tətbiq edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın qanunvericilik təşəbbüslərini şərh edərkən Kişinyovu Rusiya ilə münasibətlərə xələl gətirən hərəkətlərdən çəkinməyə çağırıb. Moldova XİN-i buna cavab olaraq Rusiyaya onun işlərinə qarışmamağı tövsiyə edib.

Aprelin 14-də Kişinyov Moskvanı Moldova vətəndaşlarını Ukraynadakı müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib. Moldova prezidenti Maya Sandu aprelin 19-da Georgi lentinin istifadəsini qadağan edən qanunu imzaladığını bəyan edərək, Georgi lentinin yerinin “tarixin zibil qutusunda”olduğunu qeyd edib. Cavabında Mariya Zaxarova bəyan edib ki, bu cür sözlərə yol verən şəxs “tarixin bu zibilliklərinə özü gedəcək”. Bununla bağlı Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov aprelin 20-də Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Aprelin 22-də rus generalı Minnekayevin Ukraynadakı müharibənin məqsədlərindən birinin “Dnestryanıya çıxmaq” olduğunu söylədiyi üçün Vasnetsov yenidən Moldova nazirliyinə getməli olub.

Aprelin 24-də “Vahid Rusiya”nın deputatı Viktor Vodolatski Rusiyanın “bölgədə yaşayan 220.000 vətəndaşını Moldovada yenidən canlanan neofaşizmdən və inkişaf edən rusofobiyadan qorumaq üçün 30 ildir buna can atan “Dnestryanı respublikasının” müstəqilliyini tanıya biləcəyi ehtimalını etiraf edib. Bununla əlaqədar aprelin 25-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyanat verərək, Rusiyanın Moldovanın ərazi bütövlüyünə hörmət etməklə Dnestr­yanı probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Həmin günün axşam saatlarında isə yuxarıda qeyd olunmuş partlayışlar baş verdi.

30 ildən artıqdır ki, Rusiya separatçı respublikanın müstəqilliyini tanımır, lakin regionun əksər sakinləri buna ümid etməkdə davam edirlər, xüsusən də separatçı “DXR” və “LXR”-ın Rusiya tərəfindən tanınmasından sonra.

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Analitik

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

27 May 10:15

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31