Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Daha bir ölkədə “QHT oyunu” iflasa uğrayır...

Daha bir ölkədə “QHT oyunu” iflasa uğrayır...

13.02.2024 [10:40]

Qırğız Respublikası vətəndaş cəmiyyəti sektoruna xarici təsirləri aradan qaldırır

Bu faktdır ki, bəzi xarici mərkəzlər maraqlı olduqları regionlara, dövlətlərə “nəzarət” funksiyasını, hətta ictimai-siyasi proseslərə təsir imkanlarını vətəndaş cəmiyyəti institutları və media üzərindən tənzimləyir. Təsadüfi deyil ki, “hədəfdə” olan dövlətlərin siyahısında post-sovet ölkələri daha yuxarılarda yer alır. Zaman-zaman bununla bağlı ortaya çıxan problemlər ictimai müzakirəyə səbəb olur. Məsələn, bəzi fondların və beynəlxalq statuslu mərkəzlərin maliyyəsi ilə “fəaliyyət göstərən” QHT-lər həmin ölkələrdə “siyasi aktivlik” adı altında sabitliyin pozulması, siyasi proseslərə təsir göstərmə, hətta yön vermə kimi addımlar atmağa cəhdlər göstərir. Bəzi dövlətlərdə bu kimi fəaliyyətlər sonradan vətəndaş qarşıdurmasının yaranmasına qədər uzana bilir. Ortada mühüm presedentlər mövcuddur. Pul qarşılığında “siyasi alətə” çevrilən bu kimi QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması üçün isə artıq dövlətlər real addımları ilə seçilir.

Bir müddət öncə Mərkəzi Asiyanın bəzi ölkələrində baş verənlərə diqqət yetirdikdə, yeni hədəflərin məhz bu regionda “yer tapması” ortaya çıxır. Bu mənada, bir sıra dövlətlər artıq bunun üçün qabaqlayıcı tədbirlərə əl atmağa, xarici maliyyə əsasında ölkədə siyasi sabitliyi pozmağa çalışanlara qarşı qanun çərçivəsində tədbirlər görməyə çalışır. Məsələn, Qırğız Respublikası kimi...

Yeni qanun layihəsinə görə...

Qırğız Respublikası parlamenti “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” qanuna dəyişiklik təşəbbüsü ilə çıxış edib. Layihə müəllifi, deputat Nadirə Nərmətova qanunvericiliyin “xarici nümayəndə” ifadəsi ilə genişləndirilməsi və xaricdən maliyyə alan QHT-lərin reyestrinin aparılmasına başlanılmasını təklif edib.

Qeyd edək ki, məsələ ilə bağlı hələ 2015-ci ildən başlanan müzakirələr nəhayət, ötən il parlamentin müzakirəsinə çıxarılmışdı. Belə ki, ötən il bu qanunun birinci oxunuşu baş tutmuşdu və sənədin lehinə 52, əleyhinə isə 7 deputat səs vermişdi. Qanun layihəsində xarici təsir altında olan qeyri-kommersiya təşkilatlarının (QHT) fəaliyyətində iştiraka görə on ilədək həbs cəzasının nəzərdə tutulduğu bildirilir. Qanun layihəsinin detalları bəlli olduqdan sonra isə Qırğızıstanın bəzi media və vətəndaş cəmiyyəti nümayəndələri Avropa İttifaqına üzv olan ölkələrin, Böyük Britaniyanın, ABŞ-ın, İsveçrənin səfirliklərinə müraciət etmişdilər. Onlar bu qanunu “ölkədə demokratik məkanın əhəmiyyətli dərəcədə daralması” kimi qiymətləndirsələr də, məsələni fərqli rakursdan dəyərləndirənlərin sayı daha çoxdur. Bildirilir ki, qanun layihəsi ölkədə fərqli xarici maraqların “nümayəndəsi” kimi çıxış edən bəzi vətəndaş cəmiyyəti strukturlarının qanundan kənar fəaliyyətini ortaya çıxaracaq. Qırğızıstan cəmiyyətinin bəzi nümayəndələri bu qanunun qəbulunu həm də dövlət təhlükəsizliyi çərçivəsində dəyərləndirirlər. Onlar bildirirlər ki, əgər bu qanun qəbul olunarsa, ölkədə fəaliyyət göstərən və xarici agentliklərdən maliyyələşən bəzi qrupların əsl siması üzə çıxacaq.

ABŞ “xəbər göndərdi”

Milli dövlətçiliyin qorunmasına, təhlükəsizliyinin təmininə istiqamətlənən bu kimi tədbirlər isə özünü dünyada “demokratiya keşikçisi” elan etmiş bir sıra ölkələrin “xoşuna gəlmir”. Media və QHT-lər üzərindən “siyasi nəzarət” funksiyasını tətbiq etməkdə daha çox “peşəkarlaşmış” bu ölkələr isə irəli sürülən önləyici tədbirlərə qarşı demarş açırlar. Məsələn, ABŞ dövlət katibi Entoni Blinken yanvarın sonunda Qırğız Respublikasının Prezidenti Sadır Japarova rəsmi məktub yazaraq, “xarici agentlər haqda” qanunun bu ölkənin demokratiyası üçün yaradacağı təhlükə barədə xəbərdarlıq edib. Sənədin mətnini “Akipress” yayımlayıb. Dövlət katibi yuxarıda bəhs etdiyimiz qanunun qeyri-hökumət təşkilatlarına qarşı ciddi cəzalara yol açacağından narahat olduğunu deyib.

“Vaşinqton bu cür qanunların nəticələrini digər ölkələrin təcrübəsindən bilir və müvafiq hüquqi normalar qəbul olunarsa, Bişkekə beynəlxalq dəstəyin azalacağından narahatdır”, - deyə Blinken yazır.

İlk baxışdan bütün detalları bəlli olan bu məktubun yazılma səbəbi daha çox maraq kəsb edir. Son illərin ən mühüm müzakirə predmetinə çevrilən Şərq-Qərb tranzitinin mühüm stansiyalarından birinə çevrilmiş, son dövrlərdə Türk Dövlətləri Təşkilatının fəaliyyətində aktivliyini artırmış, ən əsası isə özünün milli maraqlarının qorunması istiqamətində cəsarətli hərəkətləri ilə yadda qalan Qırğızıstan inkişafının yeni mərhələsini yaşayır. Böyük bir coğrafya üçün spesifiklik daşıyan yeni münasibətlər sisteminin ən aktual həlqəsindən birinə çevrilməyi bacaran Qırğızıstanın bu addımı xarici təsirlərin minimallaşdırılmasına hədəflənib - ABŞ-dan gələn məktub isə göründüyü Qırğızıstanın müstəqil siyasi xəttindən narahatlığı özündə ifadə edir. Beləliklə, Azərbaycanın və Türkiyənin milli maraqları müstəvisində ortaya qoyduğu qəti mövqenin “Türk coğrafiyası”nda fəal şəkildə genişlənməsi görünən mənzərəni ortaya çıxarır...

Daxili işlərimizə qarışmayın...

Bu arada Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb. O, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib. “Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - Qırğızıstan lideri qeyd edib.

Qırğız Respublikası prezidentinin cavabı siyasi analitiklər tərəfindən demokratik və qanuni çərçivənin ən gözəl ifadələrindən biri kimi qiymətləndirilir. Yeni siyasi-iqtisadi, daha çox isə ticari əlaqələrin Avroasiyanın mərkəzində   - Uzaq Şərqin mərkəzi regionunda, Orta Asiya, Cənubi Qafqaz və Kiçik Asiya yarımadasında formalaşması həqiqətini dərk edən dünya gücləri bu ərazilərə təsir imkanlarını araşdırırlar. Sadır Japarovun “daxili işlərimizə qarışmayın” mesajı bölgədə özünə nüfuz dairəsi yaratmaq istəyənlərə “tematik cavab” da sayıla bilər. Yəni yeni mərhələdə böyük güclərin bölgəsələr oyunları demək olar ki, tam zərərsizləşdirilib - artıq dövlətlərin öz milli maraqlarına açıq istinadı üçün təhlükələr tam olaraq aradan qaldırılır.

Bu mənada, çıxılmaz vəziyyətə düşən böyük güclər siyasi - iqtisadi arteriyanın keçdiyi bölgələrdə QHT və media üzərindən “demokratiya ştrixləri” sərgiləmək şanslarını da itirirlər. Bu planlar bütün hallarda fiaskoya uğrayır. Çünki kartlar tam şəkildə açılıb və “vətəndaş cəmiyyəti” libasına bürünənlərin iç üzü hər kəsə bəllidir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29