Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dövlətçilik tariximizin qızıl səhifəsi

Dövlətçilik tariximizin qızıl səhifəsi

12.06.2026 [10:21]

Azərbaycanın müasir dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 15 İyun – Milli Qurtuluş Günü də belə tarixi günlərdən biridir. Bu tarix təkcə hakimiyyət dəyişikliyini deyil, dövlətin məhv olmaq təhlükəsindən xilasını və inkişaf yoluna çıxışını ifadə edir.

Müstəqilliyin ilk illərində Azərbaycan son dərəcə mürəkkəb vəziyyətlə üzləşmişdi. Dövlət idarəçiliyində təcrübəsizlik, siyasi qeyri-sabitlik, silahlı dəstələrin özbaşınalığı, müxtəlif bölgələrdə separatçılıq meyllərinin güclənməsi ölkəni vətəndaş qarşıdurması həddinə çatdırmışdı. İqtisadi böhran dərinləşir, sosial vəziyyət ağırlaşır, dövlət institutları isə faktiki olaraq fəaliyyət qabiliyyətini itirirdi. Ermənistanın hərbi təcavüzü fonunda baş verən bu proseslər Azərbaycan dövlətçiliyinin taleyini sual altına qoymuşdu.

Belə bir şəraitdə cəmiyyət ölkəni böhrandan çıxara biləcək nüfuzlu siyasi liderə ehtiyac duyurdu. Xalqın böyük əksəriyyəti bu missiyanı yerinə yetirməyə qadir yeganə şəxsiyyətin Heydər Əliyev olduğuna inanırdı. Məhz buna görə də 1993-cü ilin iyununda xalqın və siyasi dairələrin təkidli çağırışları nəticəsində Heydər Əliyev Bakıya qayıtdı.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. O, həyatını riskə ataraq Gəncəyə yollandı, qiyamın qarşısının alınmasında mühüm rol oynadı və dövlətçiliyin qorunmasını əsas prioritet elan etdi.  

15 iyun 1993-cü ildə Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ondan ibarətdir ki, məhz həmin dövrdə Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi. Asayiş və qanunçuluq bərpa edildi, qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə son qoyuldu, dövlət idarəetmə sistemi formalaşdırıldı. Nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeləri möhkəmləndirildi. Neft strategiyasının əsasları yaradıldı, iqtisadi dirçəlişin təməli qoyuldu.

1993-2003-cü illərdə həyata keçirilən islahatlar sonrakı dövrlərdə əldə olunan nailiyyətlərin əsasını təşkil etdi. Məhz həmin illərdə yaradılan siyasi sabitlik və inkişaf modeli Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, müstəqil siyasət yürüdən dövlət kimi tanınmasına şərait yaratdı.

Bu gün Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini dəyərləndirərkən onun yalnız keçmişin deyil, həm də müasir Azərbaycanın uğurlarının başlanğıc nöqtəsi olduğu aydın görünür. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ölkəmizdə uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30