Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qeyri-neftə əsaslanan inkişaf göstəriciləri

Qeyri-neftə əsaslanan inkişaf göstəriciləri

12.06.2026 [10:38]

2026-cı ilin yanvar-may aylarında ölkəmizdə 51 milyard 783 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Neft sektorunda ÜDM 1 faiz azalsa da, qeyri - neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz artıb. Belə ki, neft-qaz sektorunda əlavə dəyər  16,125 milyard manata, qeyri-neft-qaz sektorunda isə 35,658 milyard manata çatıb. ÜDM istehsalının 27,5 milyard manatı sənaye, təxminən 4 milyard manatı kənd təsərrüfatı, 6,2 milyard manatı nəqliyyat və anbar təsərrüfatı, 1,6 milyard manatı informasiya və rabitə sahələrinin, digər isə başqa bölmələrin payına düşüb. Beş ay ərzində ÜDM ən çox rabitə və informasiya sektorunda artım nü?ayiş etdirib - 9 faiz dinamika qeydə alınıb. Nəqliyyat sektorunda artım 4,6 faiz, kənd təsərrüfatında 2 faiz artım əldə edilib.

Qeyri-neft sənayesində əlavə dəyər artıb

Göründüyü kimi ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmlənib ki, bu da nominal ifadədə 35 milyard manata yaxın milli məhsul deməkdir. Bu isə iqtisadiyyatın birbaşa neft amili olmadan dayanıqlılığını göstərir. ÜDM-də əsas əlavə dəyər yaradan sahələrdən biri olan sənaye sektorunda yaradalın əlavə dəyər ÜDM-in təxminən 55 faizini təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin emal bölməsində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesində yüksək istehsal qeydə alınıb.

Sənayenin qeyri-neft bölmələrində əlavə dəyərin nominal həcmi təxminən 9 milyard manat olub ki, artım tempi 5,8 faizə çatıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.  Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.  Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal  sahə olduğunu göstərir.

6 milyard manatdan çox investisiya yönəldilib

Cari ilin ilk rübündə sərmayə axıcılığı da dayanqılı xarakter daşıyıb, əsas kapitala 6,7 milyard manat investisiya yönəldilib. Sektorlar üzrə sənaye, logistika, kənd təsərrüfatı və texnologiya sahələrinə kapital qoyuluşlarında artım baş verib. Əsas kapitala yönəldilmiş investisiyaların 70 faizindəm çoxunu daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 2 milyard manata bərabər olub.

Yeri gəlmişkən, İqtisadiyyat və Sülh İnstitutu (İEP) tərəfindən açıqlanan “Global Terrorism Index 2026” hesabatına əsasən, Azərbaycan investisiya cəlbediciliyi baxımından dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bu indeks Azərbaycanın sülhpərvər, stabil və tolerant ölkə və xarici investorlar, eləcə də beynəlxalq maliyyə təşkilatları üçün etibarlı istinad mənbəyi olduğunu təsdiqləyir.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb

2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 1172,1 manat təşkil edib. Cari ilin ilk rübündə əhalinin nominal gəlirləri 37,7 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

Strateji valyuta ehtiyatları 15,2 faiz artaraq 88,4 milyard dollara yüksəlib. Bu dövrdə xarici dövlət borcu isə 8 faiz azalaraq 4,6 milyard dollar təşkil edib.

İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 32,6 milyard manat olmaqla 9,1 faiz artıb. Fiziki şəxslərin banklardakı əmanətləri 17 milyard 642 milyon manat olmaqla, 18,8 faiz yüksəlib. Hesabat tarixində ölkə üzrə istehlak qiymətləri indeksi 5,6 faiz təşkil edib. Ümumilikdə, beş ay ərzində əhalinin gəlirləri inflyasiyanı üstələməklə insanların sosial rifahında əhəmiyyətli rol oynayıb.

İxrac idxalı 3 dəfə üstələyib

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 4,5 faiz azalma deməkdir. Büdcənin xərcləri isə 13 milyard 375,2 milyon manat təşkil edib və xərclər illik müqayisədə nominal ifadədə 2,3 faiz azalıb. Bu dövrdə büdcə profisiti 3 milyard manata yaxın olub. İcmal büdcənin gəlirləri isə 19,8 milyard manat, xərcləri 15,6 milyard manat məbləğində icra edilib.

Xarici ticarət dövriyyəsinin həcmi 18 milyard dollar təşkil edib ki, bu 10,1 faiz artım deməkdir. Ticarət dövriyyəsinin strukturunda ixracın həcmi 12,5 milyard dollara, idxalın payı isə 5,6 milyard dollara çatıb. Yəni ixrac idxalı 3 dəfə üstələyib.

Beynəlxalq institutların proqnozları necədir?

Beynəlxalq institutların qiymətləndirmələrinə əsasən, Azərbaycanda ÜDM ilin ikinci yarısında daha çox böyüycək. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizdə iqtisadi artımın 2026-cı ilin sonunda 2 faiz təşkil edəcəyini proqnozlaşdırır. “Fitch”in qiymətləndirməsinə görə, ehtiyatlı fiskal siyasət və kreditləşmənin nisbi artımı enerji qiymətlərinin yüksəlməsinin təsirləri ilə tarazlaşacaq. Agentlik qeyd edib ki, neft hasilatının struktur azalması orta müddətli dövrdə iqtisadi artım üçün əsas çağırışlardan biri olaraq qalır. “Fitch” həmçinin, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 6,1 faizə yüksələcəyini proqnozlaşdırır. Agentliyin fikrincə, logistika xərclərinin, ərzaq qiymətlərinin və tənzimlənən tariflərin artması inflyasiyaya təzyiq göstərəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu 2026-cı ildə 2 faiz hesab edir. Bankın qiymətləndirməsinə görə, 2026-cı ilin ilk rübündə inflyasiya orta hesabla 5,7 faiz təşkil edib və Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb. AYİB Azərbaycanın real ÜDM artımının zəif başlayan 2026-cı ildən sonra sürətlənəcəyini gözləyir. Bank 2027-ci il üçün isə 2,5 faiz səviyyəsində müəyyən edib. Hesabatda vurğulanır ki, Azərbaycanın iqtisadi artım perspektivləri neft və qaz qiymətləri, eləcə də hasilat həcmlərindən asılı olaraq qalır. Yaxın Şərqdəki münaqişənin qlobal enerji qiymətlərini yüksəltməsi ölkəyə əlavə gəlir gətirə və iqtisadi artımı dəstəkləyən xərclər və investisiyalar üçün imkan yarada bilər.

AYİB həmçinin ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunan sülh çərçivəsinin regional nəqliyyat və ticarət əlaqələrini genişləndirə biləcəyini, bərpa olunan enerji sahəsinə iri həcmli investisiyaların isə orta müddətdə iqtisadi diversifikasiyanı və artımı dəstəkləyəcəyini bildirib.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30