Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın artan strateji əhəmiyyəti və qarşıda duran tarixi vəzifələr

Azərbaycanın artan strateji əhəmiyyəti və qarşıda duran tarixi vəzifələr

07.10.2026 [12:17]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin qarşısında dayanan strateji hədəfləri, əldə olunan mühüm nailiyyətləri və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının çıxışı Azərbaycanın siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində artan rolunu, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən mühüm vəzifələri özündə əks etdirən konseptual əhəmiyyətli mesajlarla zəngindir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu gün ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini xüsusi vurğulayıb. Azərbaycanın zəngin enerji resursları ölkəmizin yalnız iqtisadi inkişafının əsas dayaqlarından biri deyil, eyni zamanda beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amildir. Müasir dövrdə enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Ölkəmizin etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı möhkəm mövqe həyata keçirilən uzaqgörən və ardıcıl siyasətin nəticəsidir.

Azərbaycanın enerji strategiyası yalnız mövcud resurslardan səmərəli istifadə ilə məhdudlaşmır. Yeni müqavilələrin imzalanması, neft və qaz hasilatının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi ölkəmizin enerji potensialının uzunmüddətli perspektivdə qorunmasına və daha da gücləndirilməsinə xidmət edir. “Azəri-Çıraq-Günəşli” yatağının uzun illər ərzində istismarı fonunda yeni kontraktların imzalanması hasilatın sabitləşdirilməsi və artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yeni qaz müqavilələri Azərbaycanın enerji imkanlarının genişlənməsinə və ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradır.

Dövlət başçısının çıxışında Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də mühüm istiqamət kimi diqqətə çatdırılıb. Ölkəmizin Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit məkanına çevrilməsi həyata keçirilən məqsədyönlü infrastruktur siyasətinin nəticəsidir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində əhəmiyyətini daha da artırır. Tranzit yükdaşımalarının həcminin artması ölkəyə əlavə gəlirlərin daxil olması, yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın yüksəlməsi baxımından geniş imkanlar açır. Qarşıya qoyulan daha böyük tranzit hədəfləri isə Azərbaycanın logistika mərkəzi kimi mövqeyinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.

Çıxışın mühüm istiqamətlərindən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində işğaldan azad edilmiş ərazilərimiz sürətlə yenidən qurulur. Bu ərazilərdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir və insanların təhlükəsiz və layiqli yaşayışı üçün bütün zəruri şərait formalaşdırılır. Bu gün artıq on minlərlə insanın Qarabağda və Şərqi Zəngəzurda yaşaması, işləməsi və təhsil alması Böyük Qayıdış siyasətinin real nəticələrinin göstəricisidir.

Dövlətimizin başçısı “Böyük Qayıdış” prosesinin bundan sonrakı illərdə daha da sürətləndiriləcəyini bildirərək qarşıda mühüm vəzifələrin dayandığını vurğulayıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, həm də bu ərazilərin ölkənin iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan həyata keçirilən layihələr Azərbaycanın hərtərəfli inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər göstərir ki, qarşıdakı dövrdə ölkənin inkişafı ilə bağlı müəyyənləşdirilən böyük hədəflərin həyata keçirilməsində partiyanın üzərinə də mühüm vəzifələr düşür. YAP-ın çoxsaylı üzvləri və fəalları dövlət siyasətinin ictimaiyyətə çatdırılması, milli həmrəyliyin möhkəmləndirilməsi və qarşıya qoyulan tarixi vəzifələrin icrasında fəal iştirak etməlidirlər.

Prezident İlham Əliyevin “Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər” fikri partiyanın qarşıdakı fəaliyyətinin əsas istiqamətlərindən birini müəyyənləşdirir. Bu çağırış YAP üzvlərinin ölkənin inkişaf proseslərində fəal mövqe nümayiş etdirməsinin, dövlətçilik və milli maraqlar ətrafında daha sıx birləşməsinin vacibliyini bir daha ortaya qoyur.

VIII Qurultayda səsləndirilən mesajlar Azərbaycanın qarşıdakı dövr üçün aydın və ardıcıl inkişaf strategiyasına malik olduğunu nümayiş etdirir. Güclü iqtisadiyyat, etibarlı enerji siyasəti, genişlənən nəqliyyat imkanları və sürətlə həyata keçirilən Böyük Qayıdış ölkəmizin gələcək inkişafının mühüm dayaqlarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir, xalqımız qarşısında yeni inkişaf perspektivləri açır. Bu böyük proseslərdə Yeni Azərbaycan Partiyası da öz fəallığı və təşkilatlanmış fəaliyyəti ilə qarşıya qoyulan tarixi hədəflərin reallaşmasına mühüm töhfələr vermək əzmindədir.

Mahir Qurbanov

YAP Kəngərli rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31