Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qubadlının azadlığı Zəfərə aparan yolu sürətləndirdi

Qubadlının azadlığı Zəfərə aparan yolu sürətləndirdi

22.10.2026 [15:54]

       Laçın, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildi. İşğal nəticəsində 30 minə yaxın rayon sakini doğma yurdunu tərk etməyə məcbur oldu. Qubadlının yaşayış məntəqələri, sosial obyektləri, tarixi-mədəni irsi dağıdıldı, iqtisadiyyatına ciddi ziyan vuruldu. Rayonun zəngin təbii sərvətləri də qanunsuz istismara məruz qaldı. Hacılı kəndindəki mişar daşı, Bərgüşad çayının sol sahilindəki yəşəm, bir sıra kəndlərdəki mərmərləşmiş əhəngdaşı, Xanlıqda qum-gil və Eyvazlıda əqiq yataqları talan edildi. Lakin 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bu işğala son qoydu, Qubadlı öz azadlığına qovuşdu.

        Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin azad edilməsinin birinci ildönümündə, 2021-ci il oktyabrın 25-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu tarixin əhəmiyyətini xüsusi vurğulamışdı. Dövlət başçısının qeyd etdiyi kimi, həmin gün Qubadlı şəhərinin azad olunması Vətən müharibəsinin gedişində mühüm mərhələ idi. Qubadlı əməliyyatı Laçın istiqamətində irəliləmək üçün imkanlar yaratdı, müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi. Noyabrın 8-də Şuşanın azad edilməsi, noyabrın 10-da isə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli bəyanatın imzalanması ilə 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Noyabrın 9-dək Qubadlı şəhəri ilə yanaşı, rayonun 41 kəndi də işğaldan azad edilmişdi. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi təsis edilib. Bu qərar xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər tarixinin mühüm səhifələrindən birini rəsmiləşdirir.

        Bu gün Qubadlıda bərpa və quruculuq işləri geniş vüsət alıb. Rayonun inkişafı yalnız dağıdılmış infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, burada müasir yaşayış mühitinin yaradılması, iqtisadi potensialın hərəkətə gətirilməsi və sakinlərin doğma torpaqlarına qayıdışı üçün şərait formalaşdırılır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan 2025-ci il sentyabrın 9-da təsdiq edilib. Sənədə əsasən, şəhərin əhalisinin 47 min nəfərdən çox olacağı proqnozlaşdırılır. Mahruzlu və Zilanlı kəndlərində də yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində işlər görülür. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri, layihələrin icrasına göstərdiyi diqqət Qubadlının dirçəliş prosesinə mühüm təkan verir. Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin yaradılması isə Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qubadlıda sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, şəhərin və kəndlərin müasir infrastrukturla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

        Qubadlı şəhərində yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın inşası, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması üçün atılan addımlar Böyük Qayıdışın ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Məqsəd keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək, bölgədə davamlı həyatın bərpasına nail olmaqdır. Qubadlının azadlığı ilə başlanan tarixi proses bu gün quruculuq və inkişaf mərhələsində davam edir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31