Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına şərəflə və ləyaqətlə xidmət edir
22.11.2019 [10:05]
YAP İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilib
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilib. Toplantıda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının nümayəndələri və gənc fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov əlamətdar hadisə münasibətilə dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev, partiyanın Sədr müavini, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla partiya üzvlərini təbrik edib. Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəllərinin acı, təlatümlü reallıqlarının ortaya qoyduğu ictimai zərurətdən və ehtiyacdan qaynaqlanır. Onun sözlərinə görə, ölkədə baş verən neqativ hadisələr, sabitliyin ciddi şəkildə pozulması, iqtisadiyyatın tənəzzülü, dərin böhran, insanların rifahının gündən-günə sürətlə pisləşməsi, baş alıb gedən xaos, anarxiya, ölkənin bütövlüyünün pozulması təhlükəsini yaradan separatçılıq, ərazilərimizin erməni silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycanı dərin böhran vəziyyətinə gətirib çıxarmışdı: “1992-ci ildə hakimiyyətdə olan AXC-“Müsavat” cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələn hər bir şeyi etmişdi. Nəticə etibarilə, Azərbaycan vətəndaşlarının ölkənin gələcəyi ilə, dövlətin müstəqilliyinin taleyi ilə əlaqədar narahatlıqları ortaya qoyulmuşdu. Bu narahatlıqlar ölkənin gələcəyi ilə əlaqədar düşüncələri və insanların istəklərini Heydər Əliyev fenomeni üzərinə gətirib çıxarmışdı. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı düçar olduğu təhlükəli və acınacaqlı vəziyyətdən xilas etməyin yeganə yolu Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsidir. Beləliklə də, bu ideyanın reallaşması üzərində düşüncələr Heydər Əliyevin hakimiyyətə qayıdışının demokratik, sivil forması kimi Yeni Azərbaycan Partiyasının yaradılması ideyasını meydana gətirmiş oldu. Əslində, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan xalqının Heydər Əliyevi ölkənin düçar olduğu bəlalardan xilas etmək üçün hakimiyyətə gətirməyin forması kimi dərk olunur. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının yaranmasından 6 ay keçdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması bu istəyin, arzunun nə qədər dərin köklərə malik olduğunun bilavasitə ifadəsidir. Beləliklə, Yeni Azərbaycan Partiyasının meydana gəlməsi o zaman Azərbaycanın mövcud olması, müstəqilliyinin qorunub saxlanılması dilemmasının bilavasitə insanlar tərəfindən həlli kimi dərk olunmalıdır. Əgər Yeni Azərbaycan Partiyası yaranmasaydı, Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, çox ehtimal ki, Azərbaycan xalqı, bizim hər birimiz bundan fərqli bir taleyi və tarixi yaşamaq məcburiyyətində qalacaqdıq. Ona görə də Yeni Azərbaycan Partiyasının yaranması, bu partiyanın lideri kimi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın bütün bəlalardan və təlatümlərdən xilas olmasına gətirib çıxardı”.
Əli Əhmədov qeyd edib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycan vətəndaşları Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirməsi şansı kimi dərk edirdilər. Çox sevindirici haldır ki, tarix Azərbaycan vətəndaşlarının Heydər Əliyevə və Onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasına bəslədiyi ümidləri doğrultdu. Baş Nazirin müavini deyib ki, qısa zaman kəsiyində o dövrdə ölkədə tüğyan edən xaos, anarxiya aradan qaldırıldı, ölkənin iqtisadiyyatında baş verən tənəzzülün, insanların rifah halının pisləşməsinin qarşısını almaq üçün ciddi addımlar atıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün ölkəmizin ərazilərinin dərinliklərinə getməsinin qarşısı alındı, separatizm yerindəcə boğuldu və Azərbaycanın bütövlüyü təmin edildi, çoxlu sayda islahatlar həyata keçirildi və ölkəmiz bugünkü inkişafa gəlib çatmaq üçün çox gözəl, əlverişli mühit əldə etmiş oldu. “Yeni Azərbaycan Partiyası kifayət qədər uğurlu taleyə malik olan bir partiyadır. Bunun birinci göstəricisi Yeni Azərbaycan Partiyasının yarandıqdan qısa müddət sonra ümumxalq partiyasına çevrilməsi ilə əlaqədardırsa, ikincisi 26 ildir hakimiyyətdə olan partiyamızın şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət etməsində ifadə olunur. Yəni 26 ildən artıqdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına şərəflə və ləyaqətlə xidmət edir. YAP-ın iqtidarda olması, bu partiyanın liderlərinin - Ulu Öndər Heydər Əliyevin və son 16 ildə Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasət nəticəsində 1990-cı illərin əvvəllərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan bu gün dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur. Dünyanın ən mötəbər təşkilatlarının reytinq cədvəllərində Azərbaycanın adı ilk sıralarda dayanmaqdadır. Azərbaycanı böyük gələcək gözlədiyini bütün beynəlxalq iqtisadi qurumlar birmənalı şəkildə etiraf edirlər. Təbii ki, ilk növbədə hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının iqtidarının bütün ölkəyə və hər bir Azərbaycan vətəndaşına verdiyi faydaları görməkdə və qiymətləndirməkdədir. 1990-cı illərin əvvəllərində böyük sıxıntılar içərisində yaşayan Azərbaycan vətəndaşları bu gün dünyanın ən sabit, təhlükəsiz ölkəsində yaşamaları ilə fəxr edirlər. 1990-cı illərin əvvəllərində böhran ilə yadda qalan Azərbaycan bu gün qüdrətli inkişafı ilə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasında ilk mövqedə dayanıb. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqına, vətəndaşlarına, dövlətinə xidmət etmək istəyinin bütün maraqlardan üstün olduğunu ifadə edir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov söyləyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycana yeni siyasi mədəniyyət - xalqa ləyaqətlə və şərəflə xidmət etmək mədəniyyəti, dövlətin, xalqın maraqlarını şəxsi maraqlardan, partiya maraqlarından üstün tutmaq, eyni zamanda, siyasətdə əxlaqi və mənəvi dəyərləri uca tutmaq mədəniyyətini gətirib. Onun sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyası həyata keçirdiyi siyasəti ilə insanların rəğbətini qazanıb, insanlar tərəfindən dəstəklənir və bunun bariz ifadələrindən biri də bundan ibarətdir ki, partiyamızın sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı cəmləşib: “Azərbaycanın tarixində heç zaman, bir partiyalılıq olan dövrlərdə də hər hansı bir partiyanın tərkibində bu sayda insanlar cəmləşməyib. Bu, özü-özlüyündə böyük bir qüvvəni, gücü ehtiva edir. Azərbaycanın, demək olar ki, yaşı 18-dən başlayan vətəndaşlarının təxminən 10 faizdən çoxu Yeni Azərbaycan Partiyasının üzvləridir. Ancaq Yeni Azərbaycan Partiyasının qürur duyması təkcə bu sayla bağlı deyil. Bu, daha çox partiya sıralarında birləşən insanlarımızın Heydər Əliyev irsinə, ideyalarına sarsılmaz sədaqətindədir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə iştirak etmək niyyətində və bu niyyətin kifayət qədər sağlam əsaslara söykənməsindədir. Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərmək istəyində və bu fədakarlıqların ölkəmizin bugünkü reallıqlarına böyük töhfə olmasındadır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü kimi, ölkə vətəndaşlarının böyük bir hissəsi də dərindən inanırlar ki, Azərbaycanın 26 illik keçmişi və bu günü Yeni Azərbaycan Partiyasının uğurları ilə bilavasitə əlaqədar olduğu kimi, bundan sonra da uzun illər ölkəmizin uğurları, inkişafı, möhtəşəm tərəqqisi və yüksəlişi Yeni Azərbaycan Partiyası və onun iqtidarı ilə bağlı olacaq. Bu fikirlərə əsas verən gerçəklik və reallıq Azərbaycanın sürətli inkişafı, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə olan dərin və möhtəşəm inamıdır. Bu günlərdə aparılan sorğu nəticəsində bu inam bir daha özünün təsdiqini tapıb. Azərbaycan vətəndaşlarının 88 faizi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Dövlətimizin başçısına göstərilən etimad bu dərəcədə böyük xalq sevgisində özünün ifadəsini tapıb. Beləliklə də, Yeni Azərbaycan Partiyasının şərəfli keçmişi və bu günü kimi, eyni zamanda, parlaq gələcəyi də var. Bu gələcək hər şeydən əvvəl Azərbaycan dövlətinə, xalqına, hər bir vətəndaşa xidmətdən ibarətdir”.
Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov çıxışında bildirib ki, müstəqilliyin ilk illərində milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu, hakimiyyətin bir qrup savadsız, səriştəsiz, bəzən isə xəyanətkar şəxslərin əlinə keçməsi ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Onun sözlərinə görə, belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Ulu Öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün Ondan kömək istəyirdilər: “Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək Ümummilli Liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, Özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı keçirildi, Ulu Öndər yekdilliklə təşkilata Sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cü ilin iyun ayında dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı”.
T.Budaqov qeyd edib ki, 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.
Bildirilib ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin ortaillik artım göstəricilərinin yaxşılaşmasına, ömür uzunluğunun artmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunub: “Təhlillər əminliklə onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və son 16 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəvidə davam etdirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunub, ölkə əhalisinin həyat səviyyəsi yüksəlib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə digər tədbirləri əhatə edən Fərman və sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3,0 dəfə, dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə artıb, işsizliyin səviyyəsi 9,2 faizdən 4,9 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,1 faizədək enib. 2003-2018-ci illərdə 1,6 milyonu daimi olmaqla ölkədə 2,2 milyon yeni iş yerləri yaradılıb. Cari ildə ölkədə həyata keçirilən kompleks sosial islahatlar nəticəsində isə əmək pensiyasının minimum məbləği 200 manata, minimum aylıq əməkhaqqının məbləği 250 manata, orta aylıq nominal əməkhaqqının məbləği isə 723,4 manata çatdırılıb”.
T.Budaqov söyləyib ki, istənilən siyasi partiyanın mövcudluğu, ilk növbədə, onun ideyalarının ictimai dəyəri ilə müəyyən olunur. Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi missiyanın əhəmiyyətinin bu gün partiyanın sıralarında birləşən çoxsaylı üzvlərin sayında öz təsdiqini tapdığını deyən natiq qeyd edib ki, partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursuna bütövlükdə xalqın etimadı da bu partiyanın nüfuzunun yüksək olmasını şərtləndirir: “Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Bütün bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafı, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün həyata keçirdiyi çoxsaylı tədbirlərlə böyük layihələrin müəllifinə çevrilib”.
T.Budaqov sonda qeyd edib ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub: “Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub. Yeni Azərbaycan Partiyası isə Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir. Partiyanın 27 ildə keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir”.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib. M.İbrahimqızı deyib ki, YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və aparıcı siyasi qüvvədir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.
“Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə Prezident İlham Əliyevdir. Partiyanın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb. M.İbrahimqızı respublikanın Birinci vitse-prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın fəaliyyətinin də xalqımız tərəfindən rəğbətlə qarşılandığını söyləyib.
M.İbrahimqızı, eyni zamanda, bildirib ki, Azərbaycanın güclənməsi bəzi qüvvələri ciddi narahat edir. O, bu gün Azərbaycanı istəməyən dairələrin ölkəmizin əleyhinə kampaniya apardıqlarını deyərək partiya üzvlərini həmin dairələrə qarşı daha güclü mübarizə aparmağa səsləyib.
Toplantıda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Hacıyeva, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev və Bakı Slavyan Universitetinin tələbəsi, YAP-ın təqaüdçüsü Səbinə Nəsibli çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqımızın və dövlətimizin qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin siyasətində, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyətində gəncliyin inkişafı mühüm yer tutur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

