Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Koronavirusla mübarizə: Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfələr

Koronavirusla mübarizə: Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfələr

09.04.2021 [08:56]

Tofiq Cahangirov,
YAP İdarə Heyətinin üzvü

Bir ildən artıqdır ki, dünya ölkələri ümumbəşəri bəla - koronavirus pandemiyasına qarşı mübarizə aparır. Azərbaycan isə ilk gündən pandemiya ilə mübarizədə ölkə daxilində həyata keçirilən sistemli və ardıcıl tədbirlərlə kifayətlənmir, eyni zamanda, pandemiyaya qarşı qlobal mübarizəyə yeni-yeni töhfələr verməyə davam edir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı pandemiyaya qarşı effektiv mübarizə aparan nümunəvi ölkələr sırasında çəkilir.
Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə verdiyi konkret töhfələrə gəlincə, uzağa getmək lazım deyil. Bu baxımdan, elə Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə videomüraciətinin təqdim olunmasını qeyd edə bilərik. Xatırladaq ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.
Prezident İlham Əliyev həmin videomüraciətində qeyd edib ki, 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artıb və müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.
Hazırda ölkəmizdə səhiyyə sistemində əhəmiyyətli dəyişikliklərin baş verdiyini vurğulayan dövlət başçımız Azərbaycanda icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımın gücləndirildiyini, təcili tibbi yardım xidmətlərininin yeniləndiyini, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarının istifadəyə verməsi ilə rəqəmsallaşmanın təmin edildiyini vurğulayıb.
COVID-19 pandemiyasının ikinci ilinin bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bəhs etdiyimiz məsələ - Azərbaycanın koronavirus pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olması məsələsi üzərində ayrıca dayanıb. Cənab Prezidentin həmin videomüraciətdə qeyd etdiyi kimi, məhz Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib və bu toplantılar koronavirus pandemiyası ilə qlobal mübarizəyə həsr olunub. Bütün bunlar, şübhəsiz ki, ölkəmizin pandemiyaya qarşı qlobal səylərin gücləndirilməsinə verdiyi mühüm töhfələrdir.
Lakin Azərbaycanın bu istiqamətdə addımları sadaladığımız tədbirlərlə yekunlaşmır. Dövlət başçımızın təşəbbüsü ilə Azərbaycanın öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırması, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərməsi də Azərbaycanın pandemiyaya qarşı beynəlxalq mübarizəyə dəstəyi kimi xüsusi vurğulanmalıdır.
Prezidentin sözügedən videomüraciətində diqqəti çəkən mühüm məqamlardan biri də peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsi ilə bağlı idi. Bildiyiniz kimi, Azərbaycan xeyli vaxtdır bu məsələni gündəmə gətrib. Azərbaycan Prezidenti Öz çıxış və müraciətlərində dəfələrlə peyvəndlərin bölgüsü ilə bağlı məsələyə toxunub. Prezident müxtəlif dövlətlər və aparıcı şirkətlər arasında bu məsələ ilə bağlı ciddi rəqabət getdiyini, bərabərlik və ədalət prinsiplərinin pozulduğunu vurğulayıb. Azərbaycanın dövlət başçısı Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar videomüraciətində də bir daha bu məsələni gündəmə gətirib və deyib: “Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək”.
Yeri gəlmişkən, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü artıq beynəlxalq səviyyədə də ciddi dəstək almaqdadır. Belə ki, bu il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, münasib qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.
Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarına mənfi təsirinə toxunulur və bunun pandemiyanın tamamilə aradan qaldırılmasına əsas maneələrdən biri olduğu vurğulanır. Bu məsələdə qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın vacib olduğunun vurğulandığı qətnamədə Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan Xüsusi sessiyasının əhəmiyyəti də qeyd edilir.
Sənəddə BMT-yə üzv dövlətlərə və digər əlaqədar qurumlara COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görmək, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək vermək tövsiyə olunur.
Xatırladaq ki, bu mühüm qətnamənin qəbul olunduğu Xüsusi sessiyanın təşəbbüsü ötən il koronavirusun bütün dünyada yayılmağa başladığı ilk vaxtlarda Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində keçirilən onlayn Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və 130-dan çox ölkənin dəstəyini alıb.
Beləliklə, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında qəbul edilən qətnamə pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın bariz nümunəsidir.
Sirr deyil ki, COVID-19 ümumbəşəri bəladır və onun aradan qaldırılmasında qlobal həmrəylik son dərəcə vacib məsələdir. Məhz bunu nəzərə alaraq Azərbaycan COVAX təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu. Azərbaycan bu təşəbbüsə qoşulmaqla kifayətlənməyib, eyni zamanda, bu platformada da bərabərlik və ədalət prinsiplərinə əməl olunması istiqamətində ciddi mübarizə aparır. Artıq bu mübarizə öz müsbət nəticələrini verməkdədir. Belə ki, COVAX təşəbbüsü çərçivəsində Azərbaycana vaksinlərin gətirilməsi yubanırdı. Lakin ölkəmiz bu məsələyə ciddi etiraz etdi və bundan sonra Koreyadan “Astra Zeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 əleyhinə vaksin Azərbaycana göndərildi. Qarşıdakı 8 həftə ərzində isə Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmiz və bütün beynəlxalq ictimaiyyət COVAX təşəbbüsünün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmasını gözləyir.
Çünki dünyanı cənginə alan bu qlobal bəlaya dünya ölkələri yalnız birlikdə, qarşılıqlı əməkdaşlıq və dəstək şəraitində qalib gələ bilərlər. Ona görə də ümid edirik ki, vaksinasiya sahəsində ayrı-seçkilik tezliklə tamamilə aradan qaldırılacaq, bütün ölkələr onlara lazım olduğu qədər peyvənd ala biləcək və dünya bu amansız virusla mübarizədən qalib çıxacaq.

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31