Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anıldı

Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anıldı

29.10.2021 [18:15]

Oktyabrın 29-da Bakının Xətai rayonundan olan, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik məqamına yüksələn Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Aydın oğlu Həsənovun doğum günü qeyd edildi.

Əvvəlcə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda qəhrəman zabitin məzarını ziyarət etdilər.

Şəhidin ruhuna dualar oxundu, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.

Sonra mərasim şəhid kapitan Ceyhun Həsənovun xatirəsinə Xətai rayonunun Gəncə prospekti 50 ünvanında ucaldılan memorial abidə kompleksinin qarşısında davam etdirildi.

Əvvəlcə şəhidin abidə kompleksinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzüldü. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Mərasimi giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun döyüş yolu haqqında danışdı. Qeyd etdi ki, şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq: “Şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası, intiqamı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında alınıb.”

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı.”

R.Quluyev söylədi ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar: “Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Torpaqlarımızı Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənov kimi igid Vətən övladlarının qanları, canları bahasına azad etdik. Belə igid qəhrəman övlad böyütdüklərinə görə Ceyhunun valideynlərinə minnətdarlığımı bildirirəm, onların qarşısında baş əyirəm. Allah şəhidimizə rəhmət eləsin!”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirdi ki, bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun doğum gününü qeyd edirik: “Ceyhun qardaşımız ölməz qəhrəmandır. Azərbaycan xalqının yaddaşında bu qəhrəmanlar əbədi yaşayacaq. Ceyhunun xatirəsi, onun əməlləri, Vətənə, torpağa sevgisi bizim üçün daim var olacaq. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Həmçinin onların valideynlərinin qarşısında baş əyirəm. Vətən müharibəsində iştirak edib şəhidlik zirvəsinə ucalan, qanlı döyüşlərdə qazi olan insanlar, həmçinin digər savaş iştirakçıları 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevincini yaşatdılar.”

V.Rəhimzadə söylədi ki, şəhidlərimiz bizim tariximizdə çox möhtəşəm bir Zəfər tarixini bizim qəlbimizə əbədi olaraq həkk etdirdilər: “Bir daha vurğulayıram ki, bu qəhrəmanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, əbədi var olacaq. Milyonlarla vətəndaşımızın qəlbində yaşayan minlərlə igid oğullarımız heç zaman ölməzlər. Şəhid qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Vətənə layiqli övlad böyütdüklərinə görə onların valideynləri qarşısında baş əyir, təşəkkür edir, minnətdarlığımı bildirirəm. Siz fəxr edə bilərsiniz ki, belə qəhrəman övlad böyütmüsünüz. Belə qəhrəmanlar böyütmək hər adama nəsib olmur. Bu igidlər təkcə sizin övladlarınız deyil, bütün Azərbaycan xalqının övladlarıdır. Sağ olun, var olun, Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Vətən müharibəsi qazisi Anar Məmmədov çıxışında söylədi ki, bu gün torpaqlarımızın azadlığı uğrunda tarix yazan, qisas hissi ilə döyüşə qatılan qardaşımızın xatirəsinə ucaldılan abidə kompleksinin qarşısına toplaşmışıq: “Ceyhun kimi qəhrəman övladların igidliyi nəticəsində bu gün Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq. Vətən müharibəsində şəhidlərimizin qanı yerdə qalmadı. Digər döyüşçü yoldaşlarımız onların yarımçıq qalan işlərini qələbə ilə başa çatdırdılar. Belə qəhrəmanların göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi bizə Zəfər sevinci yaşatdı. Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm.”

Mərasimin sonunda şəhidin atası Aydın Həsənov, anası Səmayə Həsənova çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, Ceyhunun həyat yolundan danışdılar, övladları ilə bağlı xatirələrini bölüşdülər. Valideynlər respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Ceyhun kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, mərasim zamanı Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri - Əməkdar artist Cahangir Qurbanovun, Nigar Rəhimovanın ifa etdikləri Zəfər nəğmələri, hərbi marşlar və şəhidlərin xatirəsinə həsr olunan vətənpərvərlik mahnıları böyük maraqla qarşılandı.

Paylaş
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31