Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı irqi, dini-etnik siyasətin məntiqi nəticəsidir

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı irqi, dini-etnik siyasətin məntiqi nəticəsidir

18.01.2023 [14:47]

Azərbaycan xalqı zaman-zaman azadlıq, müstəqillik uğrunda mübarizə aparıb. XX əsrin əvvəllərində ermənilər tərəfindən, həmçinin onları dəstəkləyən regional güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrı-seçkilik siyasəti həyata keçirilib. Belə qanlı faciələrdən biri də Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsidir. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları olan İrəvandan köçürülməsi, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bununla da Azərbaycan xalqı öz azadlığını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin 66 min nəfərdən çox əsgər və zabiti Bakı  şəhərinə soxuldu.  SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov İttifaq Konstitusiyasını kobud şəkildə pozmuşdu. Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat verilməsin.

Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiriblər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməmişdi.

1990-cı il yanvarın 19-da gecə saatlarında başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilib, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılıb. Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

O zaman təkcə paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Azərbaycanın cənub bölgəsində də gərgin vəziyyət yaranmışdı. Azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı. Cəlilabad və Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. Neftçala və Lənkəranda idarəetməni itirən dövlət orqanları iflic vəziyyətə düşmüşdü. Sovet qoşunlarının döyüş texnikası burada da qan tökməyə tam hazır idi. Bu mənfur niyyətini Bakıda “uğurla” həyata keçirmiş ordunun cəza dəstələri əvvəlcə Neftçalaya yollanaraq azadlıq mücahidlərini qanlarına boyadılar.

Növbə Lənkərana çatdı. Şahidlərin dediyinə görə, Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha dramatik hal aldığını görən fəallar dağlıq meşə zolağına çəkildilər ki, şəhərdəki gərginlik səngisin və əhaliyə xətər toxunmasın. Amma adamların gözünü qırmaq istəyən “xilaskar” ordunun desantları dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamları “güllə yağışına” tutdular.

20 yanvar faciəsi hər il ölkəmizdə ümumxalq hüzn günü kimi qeyd edirlər. Azərbaycan xalqı bütün şəhər və rayonlardan Bakıya gələrək xalqının azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərini ziyarət edirlər. 20 Yanvar faciəsi ilə əlaqədar olaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1994-cü il mart ayının 29-da Azərbaycan parlamentinin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarı, 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə sərəncam 20 Yanvar faciəsinə öz siyasi-hüquqi qiymətini verdi. 2010-cu ildə Bakının Yasamal rayonunda 20 Yanvar abidə kompleksinin açılışı oldu. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub. Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən ibarətdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənib.

Bütün zamanlarda vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilmiş, onların bütün zəruri tələbatlarının ödənilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilmişdir. Və bu gün də, ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin zəruri ehtiyaclarının ödənilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Bu günlərdə Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə ödənilən prezident təqaüdünün miqdarının artırılması, məhz bu siyasətin növbəti təzahürüdür. Nə qədər ki,  dövlətimiz, dövlətçiliyimiz yaşayır bütün şəhidlərimiz və onların ailələri hər daim bütövlükdə xalqımızın yaddaşında əbədi yaşayacaqlar.

Təhmasib Rüstəmov

YAP Qubadlı Rayon Təşkilatının sədri

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31