Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ümummilli Lider Heydər Əliyev Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı

08.12.2021 [17:18]

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

- Ziyafət müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsindəyik. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndərin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir" tezisini müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar fonunda necə şərh edərdiniz?

- Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət bütün sahələrdə  çox ağır idi. O zaman müstəqilliyimiz yenidən bərpa edilsə də  onun  möhkəmləndirilməsi, irəli aparılması istiqamətində heç bir iş görülməmişdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev daim bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir. Azərbaycanda 1993-cü ilin iyununadək olan dövrü yada salaq. Xaos, anarxiya, ölkədə vətəndaş müharibəsi, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi həmin illərin səciyyəvi xüsusiyyətləri idi.  Ölkənin iqtisadi vəziyyəti çox ağır idi. Siyasi münasibətlərdə də eyni vəziyyət yaşanırdı.  Bax, belə bir vəziyyətdə ölkənin gələcəyi sual doğururdu. Təsəvvür edin ki, insanlar  bir gəmiyə toplaşıb, amma  bu gəmi hara gedir məlum deyil. Azərbaycan bu vəziyyətdə idi. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən  91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə müraciət etdi. Onun hakimiyyətə gəlməsi üçün bir partiyanın yaradılmasına ehtiyac var idi.  Ondan əvvəl də ulu öndər Heydər Əliyevə müraciət olunmuşdur. Dəfələrlə edilən müraciətlərə baxmayaraq Ümummilli Lider  siyasətə qayıtmaq istəmədiyini bildirirdi.  Amma “91-lər” müraciət edəndə ulu öndər Heydər Əliyev artıq  gördü ki, Azərbaycan çox ağır vəziyyətdədir. Belə  bir çətin durumda  kənarda qala bilməz. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu.  Ölkədə vəziyyət çox ağır idi. Xalq ulu öndər Heydər Əliyevi  tələb edirdi. Bilirdi ki, Ümummilli Lider  hakimiyyətə qayıtmasa,  bu ölkənin sonu necə olacaq,  məlum deyil. Yəni, qeyri-müəyyən vəziyyət yaranmışdır.  Bax, belə bir çətin vəziyyətdə Heydər Əliyev partiyanın yaradılmasına razılıq verdi.  Ondan sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı  keçirildi. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Bakıya qayıtdı. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri,  oktyabrın 3-də   Prezident seçildi.

- Ulu öndər Heydər Əliyevin gəlişi insanlarda böyük ümidlər yaratdı…

- Çünki onun biliyi, strategiyası, dünyagörüşü, təcrübəsi insanlarda bu inamı yaradırdı ki  ölkənin gələcəyi  yaxşı tərəfə istiqamətlənəcək. Elə də oldu. Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra   düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, iqtisadi tərəqqi üçün yol açıldı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Ondan sonra ölkənin ilk Milli Konstitusiyası, ayrı-ayrı qanunlar qəbul edildi. Ulu öndər Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Bir sözlə, Ümummilli Lider müasir Azərbaycan yaratdı. Qeyd etdiyimiz kimi, sabitlik olan yerdə iqtisadi inkişaf da qaçılmazdır. İqtisadi inkişaf gedirsə, ölkənin xarici siyasəti düzgün istiqamətdə formalaşacaq.  Ümummilli Liderin xarici ölkələrə səfərləri, ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi   ona gətirib çıxardı ki, artıq Azərbaycanın  sabahına  böyük inam yarandı.  Xalq  dövlət, dövlətçilik,  hüquqi dövlət anlayışlarının mahiyyətini dərk etdi.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən  saatlarla, günlərlə  danışmaq olar.  Heydər Əliyev elə bir fenomen şəxsiyyət idi ki, onun gördüyü işləri, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarını bir yazıda əhatə etmək mümkün deyil. Azərbaycanın bugünkü inkişafına, ölkəmizdə mövcud sabitliyə, əmin-amanlığa görə Ulu Öndərə  borcluyuq. Heydər Əliyev Azərbaycanı konkret istiqamətə yönəltdi və bildirdi ki, demokratik, hüquqi, dünyəvi  dövlət qururuq. Bunu Milli Konstitusiyamız da təsdiqlədi. Ali Qanunumuzu referendum yolu ilə qəbul etdik. Xalq ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanı qəbul etdi və bu gün də ali Qanunumuz Azərbaycanı sürətli inkişafa aparır.  Prezident İlham Əliyev Heydər Əliyev kursunu uğurla davam etdirir və qısa zamanda Azərbaycanı innovasiyalar ölkəsinə çevirdi.  Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. Ölkəmiz beynəlxalq əhəmiyyətli  tədbirlərə ev sahibliyi edir. Azərbaycan özünün təkmil iqtisadi modelini yaratdı və dünyaya təqdim etdi. Güclü ordumuz formalaşdı. Çoxşaxəli, çevik və açıq xarici siyasət kursu həyata keçirilir. Bütün bunların  əsasında ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyinə xidmət edən strategiyası  dayanırdı. Bu gün də həmin strateji kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin nəticəsi idi ki, 44 gündə  torpaqlarımızı işğaldan azad etdik. Təsəvvür edin ki, 30 ilə yaxın davam edən  bir  problemə, işğala 44 gün ərzində son qoyuldu. Bu nəyin sayəsində oldu? İqtisadiyyatımızı gücləndirdik, siyasi çəkimizi artırdıq, ordu quruculuğu prosesi  sürətləndi, xalqla iqtidarın birliyi möhkəmləndi, sarsılmaz oldu. Bunların hamısı biri-biri ilə sıx bağlıdır. Xalq-iqtidar-ordu birliyi   müharibəni qalibiyyətlə başa çatdırmağa əsas verdi.

  Bir məsələni də qeyd etmək istəyirəm. Ulu Öndərimiz Azərbaycanın ilk Milli Konstitusiyası qəbul ediləndə bu fikri xüsusi qeyd edirdi ki, ali Qanunumuz  elə olmalıdır ki,  hər kəsin mənafeyinə cavab versin. Heydər Əliyev sözün hər mənasında fenomen şəxsiyyət idi. O, Konstitusiyanın müddəalarını elə şərh edirdi ki, təəccüb doğururdu.  Onun dərin biliyi, təfəkkürü imkan verirdi ki, hər bir sahəyə nüfuz, hər bir sahə barədə söhbət etsin. Ümummilli Lider tarixçi ilə tarixçi kimi, hüquqşünasla hüquqşünas kimi, akademiklə akademik kimi, rəssamla rəssam kimi, incəsənət xadimi ilə incəsənət xadimi kimi  söhbət edirdi. Onun hərtərəfli biliyi imkan verirdi ki, hər kəslə öz dilində danışsın. Dünyanın siyasi xadimlərinin Heydər Əliyev haqqında söylədiyi fikirləri yada salmaq istərdim. ABŞ-ın keçmiş dövlət katibi qeyd etmişdir ki, Heydər Əliyevin ölümü ilə dünya bir qədər də  kiçildi.  Bu, Heydər Əliyevin dünyamiqyaslı siyasətçi olduğunun təsdiqidir. Bu gün fəxrlə qeyd edirik ki, Heydər Əliyevin qurduğu dövlətdə yaşayırıq. Biz Heydər Əliyevin qurduğu dövlətin vətəndaşlarıyıq. Biz qalib dövlətin vətəndaşlarıyıq. Bu qalibiyyətin də əsasında Heydər Əliyev siyasəti dayanır. Bu qalibiyyətin də memarı Prezident İlham Əliyevdir.  Bizim ulu öndər Heydər Əliyevə vəfa borumuz var. Vəfa borcumuz nədər ibarətdir? O, daim bildirirdi ki, müstəqillik bizim üçün şansdır, onun qədrini bilməliyik. Hər bir Azərbaycan vətəndaşı peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq  bu müstəqilliyin qədrini bilməli, onu qorumalıdır.  Çünki bizim xalqımız əsrlər boyu bu müstəqilliyə can atıb. Müstəqilliyi əldə etmişik, onun qədrini bilməliyik.

Ulu öndər Heydər Əliyev hər bir sahədə nümunə idi.  Mənim üçün böyük xoşbəxtlikdir ki, ulu öndər Heydər Əliyevi şəxsən tanımışam. Çalışırdı ki, insanlar dövlətçilik, dövlət quruculuğu, dövlətçilik prinsipləri nədir, bunu dərk etsin və dövlətini sevsinlər.  Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

- Azərbaycançılıq ideologiyasından bəhs etdiniz. Ulu Öndər milli ideologiyanın yaradılmasını dövlət siyasətinin prioritetinə çevirdi. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında birliyə, həmrəyliyə  çağırdı. Bu çağırış hansı mühüm addımların reallığa çevrilməsi ilə yadda qaldı?

- Ulu Öndər nə üçün azərbaycançılıq ideologiyasını ortaya qoydu? Azərbaycançılıq ideologiyası o deməkdir ki, Azərbaycanda yaşayan, milliyyətindən, dinindən, siyasi mövqeyindən asılı olmayaraq bütun  insanlar azərbaycanlıdır.  Bu, məsələnin birinci tərəfidir.  İkinci tərəfi budur ki, azərbaycançılıq özü  dövlətin fundamental prinsiplərinə xidmət edən və bu prinsipləri  möhkəmləndirən ideologiyadır.  Bu ideologiya  Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət edir. Ulu Öndər xarici ölkələrə gedərkən daim Azərbaycan diasporunun nümayəndələri ilə görüşürdü. Daim bildirirdi ki, harada bir azərbaycanlı var, orada  Azərbaycan var. Harada bir Azərbaycan ailəsi var, orada Azərbaycan dövləti var.  Bizim Konstitusiyamıza görə ailə cəmiyyətin əsasıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan diasporunun da fəallığını    nümayiş etdirdi. İdeologiya  xalqı birləşdirirsə,  demək, mütərəqqi ideologiyadır. Ulu öndər Heydər Əliyev bunu nəzərdə tuturdu. Görün, nə qədər uzaqgörən, fenomen dövlət rəhbəri olub.  Ulu Öndər azərbaycançılıq ideologiyasını prinsip kimi irəli sürməklə  çox məslələri demək olar ki həll etdi.  Əsas məsələlərdən biri xaricdə diasporumuzu gücləndirmək idi.  Əvvəllər xaricdə diasporumuz indiki qədər güclü deyildi. Getdikcə  vahid Azərbaycan dövləti ətrafında birləşdilər. Bu, azərbaycançılıq ideologiyasının bizə verdiyi töhfədir.  Bu ideologiyanın da müəllifi  yenə də  Heydər Əliyevdir. Ulu öndər bu çağırışı da edirdi ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə qatılmalıdırlar. Bu halda Azərbaycana daha çox kömək edə bilərlər. Düşünürəm ki, Azərbaycan bu sahədə də çox güclü mövqedədir.

Bütün ömrünü dövlətinin, xalqının gələcəyinə həsr edən ümummilli lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciət edərkən  Azərbaycanın gələcəyini necə görmək istədiyini açıqladı?

- Ümummilli Lider Azərbaycanın gələcəyini cənab İlham Əliyevdə  görürdü.  Onun reallığa əsaslanan  bu fikrini xatırlayaq: “Mən ona  özüm qədər inanıram.” Bu, sadəcə söz deyildir. O artıq ulu öndər Heydər Əliyevin “yüz ölçüb, bir biçdiyi”  bir fikir idi. Ondan sonra bu kursu yalnız cənab İlham Əliyev davam etdirə bilərdi. Prezident İlham Əliyev  bu kursa sadiqliyini əməli fəaliyyəti ilə təsdiqlədi.

Əminəm ki, Azərbaycanın qarşıdakı illərdə görəcəyi işlər çoxdur. Azərbaycanı qarşıda sözün yaxşı mənasında böyük işlər gözləyir.  İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və qurculuq işləri aparılır.  Hesab edirəm ki, ulu öndər Heydər Əliyevin bu fikrini  qeyd etmək yerinə düşər.  O, deyirdi ki, iqtisadyyatı güclü olan dövlət  hər şeyə qadirdir. 

Hər kəs üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirərsə,  Azərbaycan daha da güclənəcək. Azərbaycan gücləndikcə isə Ulu Öndərin daha bir fikrini qeyd etməliyik: Azərbaycan  dünyaya Günəş kimi doğacaq. Azərbaycan artıq dünyaya Günəş kimi doğur. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır.  Azərbaycanla hesablaşırlar. Azərbaycanı güclü dövlət kimi çox böyük hörmətlə qəbul edirlər. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bunlardan bəhs etdikdə Ulu Öndərin nə qədər dünya miqyaslı siyasətçi olduğunu  dərk edirsən. Çünki möhkəm təməl bu uğurları şərtləndirir.  

- Ölkə Prezidenti İlham Əliyevin “güclü dövlət” konsepsiyasının əsasını təşkil edən iqtisadi, siyasi və hərbi gücün vəhdəti fonunda  tarixi Zəfərimizi necə şərh edərdiniz?

- Torpaqlarımız işğal altında olanda bəzi insanlar fikirləşirdilər ki, bu işğal nə zamandək davam edəcək. Bəziləri ümidsizliyə qapılırdı. Ulu Öndər, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daim bildirirdilər ki, biz o torpaqlara qayıdacağıq.  Xalqımız bilirdi ki, o sözlərin arxasında çox böyük işlər dayanır. İqtisadi, siyasi və hərbi gücün vəhdəti fonunda tarixi Zəfərimizə nail olduq. Əvvəldə də qeyd etdiyim kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə imzalananda Azərbaycanın iqtisadiyyatı çox aşağı səviyyədə idi.  1993-cü ilə qədər hakimiyyətdə olanlar ölkə iqtisadiyyatını çox ağır vəziyyətə salmışdılar. Ulu Öndər iqtisadiyyatımızın əsaslarını yaratdıqdan sonra  Azərbaycanın həyatında yeni dövr başladı. İslahatlar davam etdi. Bu, məsələnin bir tərəfidir. Siyasi tərəfinə gəldikdə isə Heydər Əliyevin xarici ölkələrə ilk səfəri Fransa oldu. Fransa erməni diasporunun ən güclü  olduğu ölkədir. Heydər Əliyevin bu ölkəyə səfəri təsadüfi deyildi.  Fransa ilə münasibətlərin istiləşməsində bu səfərin böyük əhəmiyyəti oldu. Ümummilli Liderin, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri çərçivəsində, həmçinin dünyanın ən yüksək tribunalarından səsləndirdikləri bəyanatlar ölkəmizin siyasi çəkisinin artmasında, mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı. Prezident İlham Əliyev Azərbaycanın nüfuzunu, sözünün əhəmiyyətini artırdı. Dövlət başçısı  İlham Əliyev dünyaya sübut etdi ki, Dağlıq Qarabağ  məsələsində Azərbaycan haqlı tərəfdir. Münaqişənin mahiyyəti  bütün beynəlxalq platformalarda  dünya  dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara  çatdırıldı. Eyni zamanda, paralel olaraq ordu quruculuğu prosesinə başlandı. İqtisadi imkanlarımız artdıqca ordumuz da güclənməyə başladı.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilir. Dövlət başçısı zamanı çox düzgün seçdi. Erməni təxribatına qarşı əks-hücum əməliyyatlarına başlayaraq tarixi Zəfərimizə nail olduq. Əlbəttə, iqtisadi, siyasi və hərbi gücün vəhdətliyindən danışarkən xalqın Liderinin ətrafında sıx birləşdiyini də xüsusi qeyd etməliyik.  Xalqımız da Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi.

Ziyafət müəllim, Qələbəmizin diktə etdiyi reallıqlar Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında hansı perspektivləri açır?

- Çox böyük perspektivlər açılır.  Azərbaycanın çox gözəl gələcəyi vardır. Çünki bu gözəl gələcəyin əsasını, fundamentini ulu öndər  Heydər Əliyev qoyub. Bu gün həmin əsaslar üzərində qurulan Azərbaycanı uğurlu gələcək gözləyir. Bu uğurlu gələcəyin təmin olunması üçün xalqımız Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməlidir. Liderlə  xalq arasında birlik  nə qədər möhkəm olarsa, inkişafımız da bir o qədər  sürətli olacaq. Bu yolda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, xalqımıza uğurlar arzulayıram. Bu birlik sayəsində Qarabağımız, Şərqi Zəngəzurumuz cənnət məkana çevriləcək, soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayacaq.      

Paylaş
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31