Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nobel mükafatını satan jurnalist

Nobel mükafatını satan jurnalist

22.07.2022 [10:28]

Rusiya Daxili İşlər Nazirliyi tanınmış ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib.

Xatırladaq ki, Rusiyanın İstintaq komitəsi martın 21-də Qordona qarşı üç maddə ilə cinayət işi başladıb. İttiham belə əsaslandırılıb ki, Qordon canlı efirdə Rusiyaya qarşı silahlı hücuma, nüvə silahından istifadə etməklə ona qarşı təcavüzkar müharibənin başladılmasına çağırış səsləndirib. Bununla yanaşı, ittihamçı tərəf jurnalistin Rusiya silahlı qüvvələri barədə yalan məlumatlar yaydığını da iddia edir.

Göründüyü kimi, media strateji sahədir və istənilən kritik məqamda jurnalistlər hədəfə götürülə bilir. Yadınızdadırsa, bu ilin aprelində Moskva-Samara qatarında iki naməlum şəxs sülh üzrə Nobel mükafatı laureatı Dmitri Muratovun üzünə qırmızı boya atmışdı. Aseton tərkibli boya jurnalistin gözünə düşdüyünə görə həkimlər Muratova göz yanığı diaqnozu qoydular. Xoşbəxtlikdən jurnalistin gözlərinin buynuz qişası zədələnməmişdi. Muratova qarşı xuliqanlıq edən hər iki şəxs ertəsi gün həbs olundu.

Bəs dünya şöhrətli jurnalist niyə qəzəbə tuş gəldi?

Müsahibələrinin birində Dmitri Muratov ona məxsus Nobel mükafatını auksionda satışa çıxarmaq, əldə olunası məbləği Ukrayna qaçqınlarına yardım fonduna köçürmək istədiyini bildirmişdi. Jurnalistin üzünə qan rəmzi qırmızı boyanı atanlardan birinin qışqıraraq: “Al, bu da orada canını qurban verən oğlanlarımızın əvəzinə!” - deməsindən aydın olur ki, xuliqanlığın səbəbi  Muratovun Ukraynaya dəsək verməsidir.

Milliyyətcə tatar olan Dmitri Muratov Rusiyada sülh üzrə Nobel mükafatına layiq görülmüş üçüncü şəxsdir. İlk dəfə bu mükafatı hidrogen bombasının müəlliflərindən biri, məşhur sovet fiziki Andrey Saxarov almışdı. Sovet İttifaqının Əfqanıstana qoşun yeritməsinə etiraz edən Saxarov 1980-ci ildə Rusiyanın Nijni Novqorod şəhərinə sürgün edilmiş, ta 1986-cı ilə qədər bu şəhərdə sürgün həyatı yaşamışdı. Məşhur alim hələ 1970-ci ildə SSRİ İnsan Haqları Komitəsinin üç qurucu üzvündən biri olmuşdu. Qapalı sovet sistemi alimi ölkədən xaricə buraxmadığına görə mükafatın təqdimetmə şöləninə onun həyat yoldaşı qatılmışdı. Qorbaçov hakimiyyətə gəldikdən sonra isə Saxarovlar ailəsi üzərindən cəza götürülmüşdü.

Andrey Saxarov Mixail Qorbaçovun yenidənqurma dövründə Qarabağ problemi ilə də sürəkli məşğul olmuş, problemin sülh yolu ilə həlli üçün dövlət başçısına uzun-uzadı müraciətlər ünvanlamışdı. Həmin müraciətlərdən hiss olunurdu ki, erməni diasporu, necə deyərlər, onun da saqqızını oğurlayıb. Yadımdadır, Saxarov Qarabağ münaqişəsinin “ən rahat həlli” kimi Naxçıvan ərazisini Ermənistana, Qarabağ torpaqlarını isə Azərbaycana “bitişdirməyi” təklif etmişdi. Azərbaycan tərəfindən qətiyyətlə rədd olunan bu planın həm də Qorbaçovdan gəldiyinə şübhə ola bilməzdi. Siyasi hakimiyyətin əlinə oynayan alimin bu təklifi həm Azərbaycandan yeni torpaq qoparmaq, həm də Türkiyə ilə olan-qalan sərhədimizi, nəfəsliyimizi kəsmək niyyətinə xidmət edirdi...

Rusiyanın sülh üzrə ikinci Nobel mükafatı laureatı Mixail Qorbaçov oldu. Onu bu mükafata layiq görən Nobel komitəsi Qorbaçovun bioqrafiyasındakı Bakı, Almatı, Tiflis, Fərqanə, Oş, Vilnüs kimi qanlı hadisələrə göz yumdu.

Rusiyanın Nobel sülh mükafatçılarından üçüncüsü və hələlik sonuncusu, dediyimiz kimi, jurnalist Dmitri Muratovdur. Açığını deyim ki, onun bu cür yüksək ödül qazanması mənə qeyri-adi hadisə kimi görünür. Buna görə düşündüm ki, məşhur jurnalistin həyat tarixçəsini, onun bu mükafata aparan ömür yolunu vərəqləmək maraqlı olar. 

Beləliklə, Dmitri Andreyeviç Muratov 1961-ci ilin oktyabrında Orta Volqa bölgəsinin Kuybışev şəhərində, indiki Samarada dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Kuybışev Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

Döyüş bölgəsində yüksələn karyera

Muratov jurnalist karyerasına sovet ordusu sıralarından qayıtdıqdan dəhal sonra başlayıb. İlk vaxtlar “Voljskiy Komsomolets” qəzetində müxbir kimi çalışıb, sonralar məşhur “Komsomolskaya pravda” qəzetində “Komsomol həyatı” şöbəsinin müdiri vəzifəsində işləyib, üstündən üç il keçmiş, yəni 1990-cı ildə qəzetin informasiya bölməsinin redaktoru vəzifəsinə yüksəlib. Bir müddət sonra rəhbərliklə arasında fikir ayrılığı yarandığına görə qəzeti tərk edib. Elə həmin ərəfədə, 1992-ci ilin noyabrında Dmitri öz tərəfdarlarını başına toplayaraq “Yeni gündəlik qəzet” adlı nəşr təsis edib. Qəzetin ilk sayı 1993-cü ilin aprel ayının 1-də işıq üzü görüb. Quruculuq işlərində bütün prosesləri özü aparsa da, baş redaktorun müavini vəzifəsi ilə kifayətlənib.

Bundan sonra “Yeni gündəlik qəzet”in əməkdaşları postsovet məkanına səfər edərək qaynar nöqtələrdən reportajlar hazırlayırlar. Muratov özü də 1994-cü ilin noyabrından 1995-ci ilin yanvar ayına qədər Çeçenistanın döyüşlər gedən bölgələrində olur, müharibənin içindən materiallar hazırlayır. Döyüş bölgəsindən qayıtdıqdan sonra dostları onu qəzetə baş redaktor təyin edirlər. Həmin təyinatdan sonra Dmitri qəzetin adını dəyişərək onu “Yeni qəzet” (“Novaya qazeta”) adlandırır.

Dmitri Muratov həm də 1990-cı illərin ortalarından ATV-ORTV  kanalında yayımlanan “Press Club” verilişinin aparıcısı olub. Bundan sonra o, NTV kanalında iki ilə yaxın “Məhkəmə gedir” verilişinin də aparıcısı kimi efirə çıxıb.

2004-cü ildə Muratov “Yabloko” Rusiya Birləşmiş Demokratik partiyasının üzvü olub, eyni zamanda “2008: Azad seçki” adlı komitə yaradıb. Lakin ümidsizliyə qapıldığına görə bir ildən sonra qurumu tərk edib.

2005-ci ildə məşhur sovet satirik jurnalı olan “Krokodil”i canlandırmaq niyyətinə düşür. Niyyətini həyata keçirsə də, layihə siyasi basqılar və maddi çətinliklər üzündən cəmi üç il duruş gətirir. 2017-ci ilin sonunda Dmitri Muratov “Novaya qazeta”nın baş redaktoru vəzifəsindən istefa verir, lakin iki ildən sonra dostları onu yenidən öz postuna qaytarırlar.

Militarizm əleyhinə çıxışlar

2018-ci ildə jurnalist “Yeşyonepozner” şou verilişinin  müəllifi Nikolay Solodnikova sensasion müsahibə verir.  Həmin müsahibədə Dmitri Rusiyada jurnalistlərin qətlindən, Anna Politkovskayanın ölümündən və Çeçenistanda aparılan ədalətsiz müharibədən danışır.

10 sentyabr 2021-ci ildə isə Dmitri Muratov “Exo Moskvı” radiostansiyasında “Xüsusi rəy” proqramının qonağı olur, burada İrina Vorobyova ilə Rusiyadakı siyasi vəziyyəti kəskin tənqid edir.

Nobel sülh mükafatı

2021-ci il oktyabrın 8-də “Novaya qazeta” Dmitri Muratovun Nobel sülh mükafatına layiq görüldüyü haqda xəbər yayır. Rusiyalı jurnalist bu mükafatı filippinli xanım jurnalist Mariya Resa ilə bölüşür.

“Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov layiq görüldüyü beynəlxalq mükafatı həlak olmuş jurnalist həmkarları Anna Politkovskaya, Anastasiya Baburova, Natalya Estemirova, Yuri Şçekoçixin, İqor Domnikov və Stanislav Markelova həsr etdiyini bildirib.

Nobel mükafatı hərracda

Mart ayında Dmitri və “Novaya qazeta”dakı həmkarları beynəlxalq hərrac evlərindən onun Nobel medalının hərraca çıxarılmasını xahiş edirlər.

Bu ilin iyun ayında Muratovun Nobel medalı ABŞ-da hərraca çıxarılaraq 103,5 milyon dollara satıldı. Əldə olunan gəlir UNİCEF-in beynəlxalq fonduna göndərildi.

Bundan başqa Dmitri Muratov nadir xəstəlikləri olan uşaqlara yardım göstərən “Circle of Kindness” xeyriyyə fonduna 1,14 milyon dollar bağışlayıb. Mükafatdan gələn pulu xeyriyyə təşkilatları arasında bölüşdürmək qərarına görə Rusiya prezidenti Vladimir Putin jurnalistin ünvanına xoş sözlər demişdi, rəsmi Kremldən ona təbrik də ünvanlanmışdı. Rusiya prezidentinin mətbuat katibi Peskov bu məzmunda açıqlama da vermişdi: “Biz Dmitri Muratovu təbrik edə bilərik. O, ardıcıl olaraq ideallarına uyğun işləyir, ideallarına sadiqdir. O, istedadlıdır, cəsurdur”.

Şəxsi həyatı

Mətbuatdan da göründüyü kimi, jurnalist şəxsi həyatını qapalı saxlamağa üstünlük verir, sosial şəbəkələrdə fotoşəkillərini paylaşmağa həvəs göstərmir. Dmitri İrina Stolyarova ilə evlidir, iki qızı, bir oğlu var. Ailənin böyük qızı Kseniya Muratova Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Atanın adını daşıyan oğlu Dmitri də bacısı kimi MDU-nu bitirib və oyun layihələrinin inkişafı sahəsində karyera qurub. Ailənin kiçik qızı Anna Muratova hazırda ABŞ-ın ən nüfuzlu universitetlərindən birində təhsil alır.

Paylaş:
Baxılıb: 124 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31