Heydər Əliyev
yeni azerbaycan logo

Son iki gün...

22.09.2022 [10:47]

“Bizə media məmuru yox, media aktoru lazımdır”

Yeganə BAYRAMOVA

Sentyabrın 19-da Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin (TK) iclası olub.

İclasda bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin qeydiyyatını başa çatdırıblar. 2022-ci il sentyabrın 7-dən başlayaraq icra olunmuş bu fəaliyyət çərçivəsində onlara MŞ-nin presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölməsinə daxil olaraq iki anketlə tanışlıq imkanı yaradılıb.

Üzv təşkilatlar anketlərdən birinə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını yazıblar. Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resursları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar. Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

TK üzv təşkilatların qurultayda iştirakının təşviqi üçün bütün müvafiq maarifləndirmə işlərini gerçəkləşdirib. Mövcud xüsusda həm məlumatlar paylaşılıb, həm də fərdi danışıqlar aparılıb. Bununla yanaşı, müəyyənləşdirilib ki, bir sıra üzv təşkilatların MŞ ilə əlaqələri itib, uzun illərdir illik üzvlük haqqı ödəmirlər, bəziləri fəaliyyətlərini dayandırıblar. İclasda belə qurumların, əsaslı səbəb olmadan qurultaya qatılmayanların Mətbuat Şurasından uzaqlaşdırılması qərara alınıb. Eyni zamanda, onların ali məclisdə iştirak etməmələrinin yetərsay baxımından qiymətləndirilməməsi məqsədəmüvafiq sayılıb.

Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər. Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizədlərin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib. Eyni təşkilatın namizəd anketinə iki və daha artıq şəxsin adını təkrarən yazması hallarına da rast gəlinib ki, bu zaman yalnız bir səs əsas götürülüb.

Təşkilat Komitəsi Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutaraq yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları TK-nın növbəti məlumat yayımında açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Saat 10.00-da qurultay işinə başlayacaq.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qurultaydan gözləntiləri, Mətbuat Şurasının 19 illik fəaliyyəti ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Baş redaktor jurnalistlərin VIII qurultayından xüsusi bir gözləntisinin olmadığını qeyd edib: “Əslində MŞ 19 il əvvəl printmedia üçün yaradılmış bir qurumdur. Şura qəzet sənayesi üçün qurulmuş strukturdur. MŞ, eyni zamanda, qəzetlərlə, yəni informasiya məkanının oyunçuları ilə cəmiyyət-dövlət arasında sivil əlaqələri qurmaq, məhkəmə predmetinə çevrilməmək üçün ictimai xarakterli Şuradır. MŞ-nın qurucu üzvlərindən biriyəm, hesab edirəm ki, bu layihə zamanına görə uğurlu olub. Aradan 19 il zaman keçib amma bu müddət ərzində kommunikasiya vasitələrində inqilab kimi proseslər baş verib. MŞ-nı quranda telefonlarda görüntü, səsyazma kimi funksiyalar yox idi. İndi hər bir telefon sanki televizordur, informasiya yayıcı vasitədir. Artıq yeni bir əsr başlayıb. Bu baxımdan  düşünürəm ki, MŞ-nın modeli yenilənməlidir. Azərbaycandakı mövcud heyət və potensialla bunu bacara bilib-bilməməyimiz əsas suallardan biridir. Çünki qəzetlər artıq informasiya məkanında əsas oyunçular deyil, bəziləri isə yardıma möhtac şəkildə yaşayırlar. Bir sözlə, qarşımızda çox ağır və ciddi bir gələcək durur”.

R.Arifoğlu vurğulayıb ki, hazırda informasiya məkanında funksionallıq, operativlik artıb, eyni zamanda, dünya çapında göruntülü xəbər janrı üstünlük təşkil etməkdədir: “Belə bir anda Şuranı da yeni media imkanlarına, müasir texnologiya əsrinə uyğunlaşdıra bilib-bilməyəcəyimiz dəqiq deyil. Yoxsa çoxlu sayda qurultay keçirmək, sədrlər və idarə heyətini yeniləmək olar, amma onlar informasiya məkanında əsas oyunçu olacaqlarmı, Azərbaycanın informasiya məkanını kənar müdaxilələrdən, dezinformasiyalardan, informasiya müharibəsindən qoruya biləcəklərmi? Əsas məsələ budur. Çünki Azərbaycan müharibə aparan bir ölkədir, cəbhədə olmasa da, informasiya və diplomatik məkanda müharibəmiz davam edir.

Məlum qurultaydan xüsusi gözləntim olmasa da, hər şeyin daha mükəmməl olması üçün çalışırıq ki, öz nümunəmizlə yeniliklərə imza ataq. Məsələn, “Yeni Müsavat” qəzeti MŞ-nın üzvlərindən və təsisçilərindən biridirsə, idarə heyətinin üzvüyəmsə, idarə etdiyim KİV-in imkanlarını böyüdərək MŞ-nın imkanlarını böyütmüş oluram. MŞ-nin qurulmasında iştirak edərkən yalnız printmediamız, “Yeni Müsavat” adlı qəzetimiz var idi. İndi isə 5 saytımız var, rus dilində yayımlar edirik, yeni marka olan “Yeni Müsavat Media Qrupu”nu yaratmışıq, sosial mediada özümüzün yaratdığımız seqmentlər var, informasiya məkanında iştirakımız genişlənib. Bir sözlə, fərqli qaydada təsisçi qurumlardan biri olaraq nələrsə etməyə çalışmışıq. Bunu hər kəs etməlidir, təbii ki, edənlər də var. MŞ-nı təşkil edən komponentlər yenilənməli, yeni çağa uyğunlaşmalıdır. Əks halda elə bir böyük güc və imkanlarımız olmayacaq, sadəcə olaraq mediaya məmur yaradacağıq, MŞ-nın idarə heyətinin üzvü, rəhbərliyi seçiləcək, onlar da media məmuru olacaq. Bizə isə media məmuru yox, media aktoru lazımdır”.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31