Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İrəvanda ali təhsilli milli pedaqoji kadr hazırlıgı (1920-1948)

İrəvanda ali təhsilli milli pedaqoji kadr hazırlıgı (1920-1948)

30.11.2022 [10:57]

I yazı

1920-ci ildə noyabr ayının 20-də Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif məsələlərinin dövrün tələbinə görə yeni qaydalar əsasında təşkilinə başlanıldı. Köhnə tipli məktəblərin ləğv edilərək, yeni tipli sovet məktəblərinin açılması doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsinə və orada təhsil alan şagirdlərin sayının artmasına təkan verdi. Ermənistanda azərbaycanlı məktəblərinin yeni məzmunda təşkil olunması, təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi ciddi çətinliklərlə üzləşdiyindən pedaqoji kadrların hazırlanması məsələsini ön plana çəkmişdi. Azərbaycanlı məktəblərini müəllim kadrları ilə təmin etmək üçün ilk vaxtlarda 1922-1923-cü illərdə İrəvanda qısa müddətli və uzun müddətli pedaqoji hazırlıq kursları, 1924-cü ildə isə İrəvan Türk Pedaqoji Texnikumu açılmışdır. Həyata keçirilən bu tədbirlərə baxmayaraq, hazırlanan pedaqoji kadrlar azərbaycanlı məktəblərinin ehtiyacını ödəyə bilmirdilər. Ali təhsilli milli pedaqoji kadrlara isə böyük ehtiyac var idi. Azərbaycanlılardan fərqli olaraq ermənilər üçün 1921-ci ildə İrəvan Dövlət Universiteti açılmışdı ki, onun da nəzdində erməni məktəblərini ali təhsilli müəllim kadrlarla təmin etmək üçün pedaqoji fakültə fəaliyyət göstərirdi. Həmin pedaqoji fakültə erməni məktəblərinin ali təhsilli müəllim kadrlarına olan təlabatını müəyyən qədər ödəyirdi. İrəvan Dövlət Universitetinin nəzdində azərbaycanlı məktəbləri üçün ali təhsilli müəllim kadrları hazırlayan belə bir pedaqoji fakültənin yaradılmasını Ermənistan KP MK-nın yanında “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyev və Ermənistan Xalq Maarif Komissarlı?ı yanında fəaliyyət göstərən “Azsaylı xalqlar bürosu”nun rəhbəri Mehdi Kazımov erməni şovinist dairələri qarşısında dəfələrlə təklif etsələr də, bu məsələ bolşevik cildinə girmiş erməni daşnak dövlət strukturları tərəfindən qəbul edilməmişdir. Hətta 1930-cu illərdə Ermənistanda fəaliyyət göstərən ali məktəblərin nəzdində azərbaycanlı şöbələrinin açılması nəzərdə tutulsa da, erməni şovinist dairələri tərəfindən bu məsələlər öz həllini tapmamışdır.1934-cü ildə İrəvan Dövlət Universitetinin pedaqoji fakültəsinin bazasında erməni məktəbləri üçün ali təhsilli müəllim kadrları hazırlayan İrəvan Dövlət Pedaqoji İnstitutu təşkil edildi. Erməni şovinizminin yaratdıgı bütün maneələrə baxmayaraq, azərbaycanlı ziyalıların milli və siyasi iradəsi sayəsində anadilli məktəblərimiz üçün ali təhsilli pedaqoji kadrlar hazırlanması istiqamətində bir sıra uğurlu addımlar atıldı. Bu baxımdan 1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş İkiillik Müəllimlər İnstitutu azərbaycanlı məktəbləri üçün ali təhsilli pedaqoji kadrların hazırlanmasında böyük uğurlar qazana bilməsə də müəyyən qədər rol oynamışdır. 1943-cü ildə Gümrü İkiillik Qiyabi İnstitutunun azərbaycanlı bölməsini 31 nəfər bitirmişdir ki, onlar da müxtəlif bölgələrdəki məktəblərə müəllim göndərilmişdilər. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı məktəblərində ali təhsilli pedaqoji kadrlara olan tələbat daha çox idi. Hətta İkiillik Qiyabi Pedaqoji İnstitutlarının azərbaycanlı bölməsində dərs demək üçün milli pedaqoji kadrlar çatışmırdı. Gümrüdə təşkil edilmiş İkiillik Qiyabi Pedaqoji İnstitutda Bakıdan dəvət edilmiş professorlardan Əhməd Seyidov pedaqogikadan, Muxtar Qasımov marksizm-leninizmdən, Məmmədağa Şirəliyev Azərbaycan dilindən, Məzahir Abbasov isə psixologiyadan dərs deyirdilər. 1930-cu ildə dövlətin maarif siyasətinin qarşısında duran yeddi illik təhsil sisteminin tətbiqi və məktəblərin ixtisaslı müəllim kadrları ilə təmin edilməsi qoyulduğundan pedaqoji institut və universitetlərin pedaqoji təmayüllü fakültələrində hazırlanan müəllim kadrları tələbatı ödəyə bilmirdi. Ona görə də bütün İttifaqın müxtəlif şəhərlərində İkiillik Müəllimlər İnstitutun təsis edilməsi məqsədəuyğun sayılırdı. Bu baxımdan, 1937-ci ildə İrəvanda İkiillik Müəllimlər İnstitutu təsis edilərək fəaliyyət göstərirdi. Həmin ildə İrəvan İkiillik Müəllimlər İnstitutunun nəzdində 40 nəfərlik azərbaycanlı şöbəsi açılmışdır. Azərbaycanlı şöbəsinə qəbul olmaq üçün ilk ildə 83 ərizə daxil olmuşdur. Onlardan cəmi 34 nəfər tələbə adını qazana bilmişdir ki, onlardan da 18 nəfəri əyani, 16 nəfəri isə gündüzlər müəllimlik etməklə axşam növbəsində təhsil alırdılar. Təhsil alanlardan 5 nəfəri qadın idi. Burada da Azərbaycandan dəvət edilmiş müəllimlər dərs deyirdilər. Erməni şovinist dairələri tərəfindən məkrli şəkildə qısa müddətdə fəaliyyəti dayandırılan İkiillik Müəllimlər İnstitutunun azərbaycanlı bölməsi milli pedaqoji kadrların hazırlanması sahəsində uğur qazana bilməmişdi.

1936-cı ilin yanvar ayının 27-də İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin açılması milli məktəblərimizin ali təhsilli pedaqoji kadrlarla təmin edilməsində müəyyən irəliləyiş yaratmışdır. Həmin dövrdə hər yerdə olduğu kimi, İrəvanda da qiyabi təhsil müəssisələri müəllimlərin ixtisasını artırmaq sahəsində çox böyük rol oynamışdır. Ermənistanda azərbaycanlı müəllim və gənclərə ali təhsil vermək kimi məsul vəzifə yalnız İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun üzərinə düşürdü. Burada təhsil müddəti beş il idi. İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunda ədəbiyyat, coğrafiya, fizika və tarix ixtisasları üzrə ali təhsilli pedaqoji kadrlar hazırlanırdı. Burada kifayət qədər pedaqoji ustalığa malik, İrəvanda tanınmış ən yaxşı azərbaycanlı müəllimlər dərs deyirdilər. Sonralar uzun müddət Azərbaycan Pedaqoji Universitetinin professoru vəzifəsində çalışmış Nəzər Paşayev 1936-1939-cu illərdə həm İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda, eyni zamanda İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutununda tarix fənnini tədris etmişdir. İrəvanın tanınmış maarif xadimlərindən olan Bəhlul Yusifov

1937-ci ildən 1943-cü ilə kimi, tanınmış yazıçı Müzəffər Nəsirli isə 1936-cı ildən 1941-ci ilə qədər həmin təhsil ocağında dərs demiş, ali təhsilli milli pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdılar. Həmin müəllimlər, eyni zamanda, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və Ali Partiya məktəbində də dərs deyirdilər. İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun ilk məzunları arasında vaxtilə Amasiya rayonun maarif şöbəsinin müdiri işləmiş Həbib Əkbərov, İbrahim Məhəmmədov, Müslüm Cəfərov, Babaxan Kərimov, Lətif Hüseynov, Həmid Hümbətov, Əkbər Süleymanov və başqaları vardır. Bu fədakar müəllimlərin Qərbi Azərbaycanda milli maarifçilik mühitinin inkişafındakı müstəsna xidmətləri bu gün də böyük minnətdarlıqla və ehtiramla yad edilir.

Bütün azərbaycanlı təhsil müəssisələrində mövcud olan problemlər İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində də mövcud idi. Belə ki, tələbələrin lazımi tədris materialları və mədəni xidmətlərin təmin edilməməsi - bütün bunlar tədrisin yüksək səviyyədə qurulmasına, keyfiyyətinə mənfi təsir göstərməyə bilməzdi. Erməni şovinistlərinin bütün sahələrdə azərbaycanlılara qarşı yürütdüyü məkrli siyasət burada da özünü qabarıq şəkildə göstərirdi. 1944-cü ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin müdüri vəzifəsinə sonralar uzun müddət APİ-də professor və dekan vəzifələrində çalışmış Fərhad Qulam oglu Fərhadov təyin edilmişdir. Şübhəsiz, onun yüksək peşəkar hazırlığı, pedaqoji təcrübəsi, dərin nəzəri biliyə və təşkilatçılıq qabiliyyətinə malik olması institutun Azərbaycan şöbəsinin səmərəli fəaliyyət göstərməsinə müsbət təsir göstərmişdir. İnstitutun Azərbaycan  şöbəsinə Ermənistanın azərbaycanlılar yaşayan bütün bölgələrindən - Amasiya, Megri, Basarkeçər, Zəngibasar, Vedibasar, Qafan və s. rayonlardan tələbə qəbul edilirdi. Amma buna baxmayaraq, İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi erməni şovinizmi əhatəsində çox çətin bir şəraitdə fəaliyyət göstərirdi. Bir sıra çətinliklər və problemlər üzündən 1945/1946-cı tədris ilinin yay imtahan sessiyasında 250 nəfər tələbədən yalnız 107 nəfəri iştirak edə bilmişdir. Araşdırmalardan məlum olur ki, uzaq bölgələrdən gəlmiş həmin 107 nəfər azərbaycanlı tələbə yay sessiyası müddətində yataqxana, lazımi şərait və vəsaitlərlə təmin edilməmişdi. 143 nəfər tələbənin isə yay imtahan sessiyasında iştirak edə bilməməsi maddi və digər problemlərlə bağlı olmuşdur. Erməni şovinizmi əhatəsində institutun Azərbaycan şöbəsinin üzləşdiyi bir sıra problemlərə və çətinliklərə baxmayaraq, fəaliyyətini uğurla davam etdirirdi. Əvvəlki tədris ilinə nisbətən 1948-ci tədris ilinin göstəricilərinin daha uğurlu olduğu haqqında məlumatlar bunu bir daha sübut edir. Belə ki, bu uğurlu göstəricilərin əldə olunması tələbələrin 1948-ci tədris ilinə kimi lazımi vəsaitlərlə, ədəbiyyatla daha yaxşı təmin edilmələri ilə bağlıdır. 1948-ci tədris ilinin yanvar ayının birinci yarısında institutun Azərbaycan şöbəsinin tələbələrinin qış imtahan sessiynsında mütəşəkkil iştirakı və yüksək bilik nümayiş etdirərək uğurlu nəticələr əldə etmələri də bunu bir daha təsdiq edir. 1948-ci tədris ilinin qış imtahan sessiyasında iştirak edən 200 tələbədən 10 nəfəri qeyri-qənaətbəxş qiymət almışdır. Cəmi 12 gün davam edən qış imtahan sessiyasında iştirak edən tələbələrin 95 faizi təhsil işçiləri idi. Qərbi Azərbaycanda qabaqcıl təhsil işçiləri kimi tanınan Tapdıq Əmiraslanov, Həsən Şəkərəliyev, Qadir Məmmədov, Tapdıq Novruzov, Eyvaz Eyvazov, Məhərrəm Nəsirov və başqaları 1948-ci tədris ilinin qış imtahan sessiyasını uğurla başa vurmuş və əlaçı tələbə adını qazanmışdılar. İrəvan Dövlət Pedaqoji İnstitutunun bolşevik cildinə bürünmüş daşnak rəhbərliyi 1948-ci ildə Azərbaycan şöbəsinin coğrafiya fakültəsinin bağlanması haqqında qərar qəbul edir. İnstitutun Azərbaycan şöbəsinin rəhbərliyi və tələbələr həmin fakültənin bağlanmasına  öz etirazlarını bildirsələr də, buna nail ola bilməmişdilər. Şübhəsiz ki, erməni şovinist dairələrinin atdığı bu məqsədyönlü addım İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin qısa zamanda bağlanmasına, yaxud da deportasiyasına zəmin hazırlamaqdan ibarət idi.

Azərbaycanlı məktəblərini ali təhsilli müəllim kadrları ilə təmin etmək üçün 1934-cü ildə yaradılmış İrəvan Dövlət Pedaqoji İnstitutunun nəzdində 1945-ci ildə Azərbaycan şöbəsi təşkil edilir və Zaman Vəliyev həmin şöbənin müdiri təyin edilir.

İrəvan Dövlət Pedaqoji İnstitutun Azərbaycan şöbəsində dil və ədəbiyyat, tarix, coğrafiya, fizika-riyaziyyat ixtisasları üzrə fakültələr fəaliyyət göstərmişdir. 1945-ci ildə instituta ilk tələbə qəbulunun həyata keçirilməsi işində həmin dövrdə Zəngibasar rayon partiya komitəsinin birinci katibi olmuş Rza Rzayevin,Vedibasar rayon partiya komitəsinin birinci katibi işləmiş Əli Məmmədovun və başqa ziyalıların böyük rolu olmuşdur. Belə ki, onların ciddi səyi sayəsində Vedibasar rayonundan 21, Zəngibasar rayonundan isə 20 nəfər pedaqoji instituta qəbul olunmaq üçün ərizə vermişdir. İrəvan Pedaqoji İnstitutun Azərbaycan şöbəsinə ilk qəbul imtahanlarının vaxtı 1945-ci ilin sentyabr ayının 10-dək davam etmiş, dərslər isə sentyabr ayının 17-də başlamışdır. 1946-cı ildə isə institutun Azərbaycan şöbəsinə mövcud ixtisaslar üzrə 120 nəfər tələbə qəbul edilmişdir. Həmin ixtisaslar üzrə demək üçün İrəvan Dövlət Pedaqoji İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutu arasında bağlanmış müqaviləyə əsasən Bakıdan 17 müəllim dəvət olunmuşdur. İrəvanda ali təhsil müəssisələrinin Azərbaycan şöbələrinin elmi-pedaqoji  kadr potensialını artırmaq məqsədilə aspiranturada tarix, dil-ədəbiyyat, coğrafiya, riyaziyyat, fizika və pedaqoji ixtisaslar üzrə 6 yer verilmişdir. Onlar Bakı, Moskva və digər şəhərlərə elmi axtarışlar məqsədilə ezam edilirdilər. Sözsüz ki, İrəvanda ali təhsil müəssisələrində müxtəlif fənlər üzrə dərs demək üçün yerli azərbaycanlı kadr çatışmazlıgı bir tərəfdən 1918-1920-ci illərdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımla baglı idisə, digər tərəfdən isə “dinc”dövr adlandırdığımız vaxtlarda azərbaycanlılara və xüsusilə də milli ziyalılarımıza qarşı qərəzli şəkildə həyata keçirdikləri repressiyalarla baglı idi.

İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində təhsilin keyfiyyətinin yüksəldilməsində, tələbələrin üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasında şöbənin müdiri Zaman Vəliyevin, ilk partiya təşkilatının katibi İsmayıl Şükürzadənin və partiya təşkilatının ikinci katibi Bilal Hüseynovun da böyük xidmətləri olmuşdur.

İrəvan Dövlət Pedaqoji İnstitutunda şair və yazıçılarla vaxtaşırı görüşlər keçirilirdi. 1946-cı ildə Səməd Vurğun, Mirvarid Dilbazi, Nigar Rəfibəyli ilə keçirilən görüşlər tələbələrə xoş təsir bağışlamışdır.

Qeyd etdiyimiz kimi, İrəvan Dövlət Pedaqoji İnstitutunun 4 fakültəsində Azərbaycan bölməsi var idi: dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix və coğrafiya. İnstitutun nəzdində Azərbaycan şöbəsinin təşkil edilməsini təhsil ocağının şovinist rəhbərliyi heç cür həzm edə bilmirdi. Yenicə yaranmış Azərbaycan şöbəsinin 2 illik fəaliyyətini araşdırmaq üçün İrəvan Dövlət Pedaqoji İnstitutunun direktoru Ağüzümtsyanın əmri əsasında professor Şavarşyanın sədrliyi ilə komissiya təşkil edilir. 1947-ci ilin iyun ayının 22-də İrəvan Dövlət Pedaqoji İnstitutun Elmi şurasının iclasında komissiyanın təklifi əsasında təhsil müddəti 4 il olmaqla Azərbaycan şöbəsinin dekanlıqlarını birləşdirib, dekan müavinlərini azərbaycanlılardan təyin etmək haqqında qərar qəbul edilir. 1948-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutuna Xaçatur Abovyanın adı verilir.

Cəmi üç il fəaliyyət göstərən İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin əsaslı buraxılışı olmamışdır.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarı ilə 100 mindən artıq azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edildi. 1948-ci ildə azərbaycanlı əhalinin köçürülməsi ilə yanaşı, o cümlədən milli məktəblərimiz üçün pedaqoji kadrlar hazırlayan İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu və İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi də deportasiyaya məruz qaldı. İrəvan Azərbaycanlı Pedaqoji texnikumu Azərbaycanın Xanlar rayonuna, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi isə Bakı şəhərinə ,indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin müvafiq fakültələrinə köçürüldü. Sonralar Azərbaycan elminin inkişafına öz töhfələrini vermiş, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professor Bağır Bağırov, fizika-riyaziyyat elmləri namizədi, dosent Qasım Mustafayev, uzun müddət “Azərbaycan məktəbi”jurnalının baş redaktoru olmuş, filologiya elmləri namizədi Zəhra Əliyeva, ictimai xadim Qadir İsmayılzadə, maarif xadimi, Əməkdar müəllim Nurəddin İbrahimov, onlarla tələbə təhsillərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirməli  oldular.

Cəlal Allahverdiyev

filologiya üzrə fəlsəfə doktotu, dosent

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28