Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Niyə də olmasın?

Niyə də olmasın?

21.12.2022 [10:38]

Azərbaycanda arxeologiya muzeyi yoxdur

İlham Əliyev

Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik

Xarici ölkələrə səfərlər zamanı mən və həmkarlarımın ilk ziyarət etmək istəyində olduğumuz ünvanlardan birincisi həmin şəhərin və ya ölkənin arxeologiya muzeyi olur. Elə bir neçə il öncə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində olarkən də ilk olaraq oradakı arxeologiya muzeyi ilə tanış olduq. Bir neçə mərtəbədən ibarət möhtəşəm bir muzeydir. Bələdçilərin dediyinə görə bu yeni muzeyi alman mütəxəssislər qurub. Bu yaxınlarda Almaniyada olarkən də ilk yollandığımız ünvanlardan biri Frankfurt şəhərinin arxeologiya muzeyi oldu. Hiss olunur ki, çox-çox illər öncə yaradılmış bir muzeydir. Fondunun zənginliyi və

ekspozisiyasının mükəmməlliyi adamı heyran edir. Demək olar ki, bütün gün ərzində, yəni səhərdən axşam çağlarınadək muzeyə insan axını müşahidə olunur. Biz orada olarkən bir neçə məktəbli qrupun şagirdlərinin növbəti tarix dərslərinin orada keçdiklərinin şahidi olduq. İstər şagirdlər, istərsə də müxtəlif yaş qrupundan olan insanlardan hər biri az qala saatlarla böyük maraq hissilə bu muzeyin şöbələrini gəzir, eksponatlar barədə məlumat əldə edir, fotolar çəkdirir və s. Əlbəttə, cəmisi bir milyona yaxın əhalisi olan şəhərin belə muzeyinin olması, həqiqətən, təqdirə layiq haldır. Bu cür nümunələri gördükdə adam istər-istəməz düşünür ki, axı doğma Azərbaycanımızda, üç milyondan artıq əhalisi olan paytaxt Bakımızda nədən belə bir arxeologiya muzeyi olmasın?! Axı, Azərbaycan da dünyanın ən qədim ölkələrindən biridir. Burada insanın erkən məskunlaşma tarixi 1,5-2 milyon ilə bərabərdir. Ölkə ərazisindəki arxeoloji abidələr artıq yüz ildir ki, davamlı olaraq öyrənilməkdədir. Hansı ki, bu tədqiqatlar nəticəsində ulu əcdadlarımızın həyat və mübarizəsindən xəbər verən on minlərlə nadir eksponat aşkar edilib. Arxeoloji axtarışlarla yanaşı, təmir, tikinti, quruculuq, abadlıq və digər təsərrüfat işləri aparılarkən, habelə təbiət hadisələri (yer sürüşmələri, çayların və sel sularının əmələ gətirdiyi yarğanlar və s.) nəticəsində, təsadüfən üzə çıxan çoxsaylı maddi mədəniyyət nümunələrini də bu siyahıya əlavə etmək lazımdır. Elə təkcə Bakının tarixi ilə bağlı ayrı-ayrı muzeylərdə və fondlarda pərakəndə və sistemsiz şəkildə saxlanan nə qədər nadir arxeoloji tapıntı var?! Hansı ki, bütün bunlar xalqımızın və dövlətçilik tariximizin daha dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm elmi dəyəri olan maddi mənbələrdir. İndi gəlin görək, bu qiymətli elmi xəzinə harada, necə və hansı şəraitdə mühafizə olunur?! Onlar harada və nə dərəcədə nümayiş etdirilir?! Bu tapıntılarla tanış olmaq, onlarla işləmək cəmiyyət üçün, lap elə elmi ictimaiyyət üçün nə dərəcədə əlçatandır?! Əfsuslar olsun ki, real mənzərəni dərindən bilən arxeoloq alim kimi mən bu suallara tam, dolğun və rahat cavab verə bilmirəm. Vəziyyət, həqiqətən, ürəkaçan deyil. Doğrudur, son illər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində respublikanın bir çox şəhər və rayonlarında yeni-yeni tarix-diyarşünaslıq muzeyləri tikilib, mövcud muzey binalarının, demək olar ki, əksəriyyəti əsaslı şəkildə təmir olunaraq yenidən qurulub. Bunlar çox yaxşı!

Bəs yaxşı vəziyyətdə olan o muzeylərdə uzun müddətdir ki, saxlanan o yaxşı tapıntılar nə dərəcədə bərpa və konservasiya edilib?! Onlar sərgilənirmi?! Tapıntıların elektron kataloqu mövcuddurmu?! Həmin tapıntılara aid hansısa bir albom-kataloq tərtib olunubmu?! Məgər nadir tapıntıları fond adı altında muzey anbarlarına doldurub ağzına qıfıl vurmaqla iş bitir?!

Əfsuslar olsun ki, paytaxtımızın muzey və fondlarındakı arxeoloji materialların da mühafizəsi və təqdimatı ürəkaçan vəziyyətdə deyildir. Arxeoloji tapıntıların əsas saxlanc yeri olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji fondu ötən onilliklər ərzində 5 dəfə müxtəlif ünvanlara köçürülüb. Onlardan da 4-ü müxtəlif ünvanlarda yerləşən binaların zirzəmiləridir. Fondun sonuncu ünvanı da elə Akademiya binasının zirzəmisi oldu. Hansı ki, zirzəmi tipli binalar rütubətin çoxluğu və işıqlandırmanın qənaətbəxş olmaması üzündən, ümumiyyətlə, arxeoloji materialların saxlanılması üçün münasib yer hesab edilə bilməz. Bu səbəbdəndir ki, AMEA-nın arxeoloji fondunda və bu tip digər fondlardakı arxeoloji materiallarda sürətlə kiflənmə və eroziya müşahidə edilməkdədir.

Arxeoloji fondların yerinin tez-tez dəyişdirilməsi də ciddi fəsadlar törədir. Kim qarantiya verə bilər ki, çoxsaylı fraqmentlərdən ibarət olan və mütəxəssislər tərəfindən çox çətinliklə bərpa edilmiş şüşə, keramika, metal və ya sümük əşyalar təkrar-təkrar qutulara yığılarkən, başqa ünvanlara daşınarkən, orada yenidən rəflərə və vitrinlərə yerləşdirilərkən sındırılaraq məhv edilməyəcək?! Belə hallar məgər az olub?! Elə isə əlimizdə olanları da sındıra-sındıra, dağıda-dağıda, məhv edə-edə hara gedirik?!

Ölkəmizdə arxeoloji tapıntıların cəm olduğu ən mötəbər muzey Milli Azərbaycan Tarixi muzeyidir. Etiraf edək ki, görkəmli xeyriyyəçi H.Z.Tağıyevin evində yerləşən bu muzey artıq çoxdandır ki, orada toplanan zəngin arxeoloji fond üçün darısqallıq edir. Ölkənin baş muzeyinin fondunun illərdir ki, zirzəmi şəraitində olması da narahatlıq doğurmaya bilməz.

Arxeoloji fondların pərakəndəliyi və şəraitinin qeyri-münasibliyi bir çox əlavə problemlər də yaradır. Hansı tapıntının harada saxlandığını müəyyən etmək və onları elmi dövriyyəyə cəlb etmək hətta biz mütəxəssislər üçün də bəzən problemə çevrilir. Məsələn, bir il öncə institutumuzun arxeoloji fondunda araşdırma apararkən mən 1981-1983-cü illərdə tədqiqində bilavasitə iştirakçı olduğum Uzunboylar və Qırlartəpə arxeoloji ekspedisiyalarının materiallarının xeyli qismini orada tapa bilmədim. Arayış üçün bildirim ki, Alban dövrünün yadigarı olan həmin abidələrdən aşkar etdiyimiz çoxsaylı silah nümunələri, bəzək əşyaları və keramika nümunələri ilkin olaraq öyrənildikdən sonra səliqə ilə qutulara yığılaraq AMEA-nın arxeoloji fonduna təhvil verilmişdi. Hansı ki, indi həmin qutulardakı materialların xeyli qisminin kimə verildiyi və harada olduğu heç kəsə məlum deyil. Digər arxeoloji ekspedisiyaların materialları barədə də eyni sözləri demək olar. Bu isə muzey və fondlarda saxlanılan materialların qeydiyyat-uçot işinin də qaydasında olmadığından xəbər verir.

Respublikanın ayrı-ayrı rayon və şəhərlərində tarix-diyarşünaslıq muzeylərinin olması təqdir olunası haldır. Amma mənim bildiyimdən Bakı şəhərində nəinki arxeologiya muzeyi, heç tarix-diyarşünaslıq muzeyi də yoxdur. Bir də ki, tarix-diyarşünaslıq muzeyləri ilə arxeologiya muzeyləri fərqli-fərqli təsisatlardır.

Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun, şəxsən cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində Bakı şəhəri günü-gündən böyüyür, inkişaf edir, daha da cazibədar görkəm alır. Mübaliğəsiz deyə bilərik ki, Bakı bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə müasir dünyamızın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı hər il çoxsaylı mötəbər beynəlxalq forumlara və idman tədbirlərinə ev sahibliyi edir. Gələn rəsmi qonaqlar və turistlər də, sözsüz ki, şəhərimizin tarixi yerlərinə olduqca böyük maraq göstərirlər. Hansı ki, bu ünvanlar içərisində arxeologiya muzeyinin də yeri görünür. Fərq etməz, ya Bakı şəhərinin arxeologiya muzeyi olsun, yaxud da Azərbaycan arxeologiya muzeyi. Heç olmazsa, ikisindən biri olsun. İnanın səmimiyyətimə, bu, hər kəsin ürəyindən olar.

Qafar Cəbiyev, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28