Heydər Əliyev
yeni azerbaycan logo

Böyük alim...

21.12.2022 [11:02]

Akademik Ziya Bünyadovun doğum günüdür

Yeganə BAYRAMOVA

Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir

 Ümummilli Lider Heydər Əliyev

Bu gün şərqşünas-tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi Ziya Bünyadovun doğum günüdür. Z.Bünyadov 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirib və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırıb. 1941-ci ildə hərbi məktəbi bitirdikdən sonra leytenant Z.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib.

Hərbi tapşırıqları yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni həyatının bərpasında fəal iştirak edib. Z.Bünyadov 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. Tələbəlik illərində görkəmli sovet ərəbşünası, professor Y.Belyayev onun müəllimi olub. Böyük şərqşünasla yaxınlıq Z.Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas kimi formalaşmasında həlledici rol oynayıb.

Z.Bünyadov 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilib. O, 1958-1959-cu illərdə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin müəllimi olub. Alim 1964-1981-ci illərdə Şərqşünaslıq İnstitutunun “Şərqin orta əsrlər tarixi” şöbəsinə rəhbərlik edib.

Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi. Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.

Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə edib və 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı verib. 1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunan ərəb, fars, türk, erməni, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi yer tutur. Bu abidələrin tədqiqi sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunub, ölkəmizin orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər ətraflı şəkildə araşdırılaraq öz həllini tapıb. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilib, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb.

Z.Bünyadov 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1970-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının İctimai elmlər seriyası jurnalının baş redaktoru təyin olunub.

1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını nəşr etdirib. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuqlar dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Görkəmli alimin “Azərbaycan Atabəylər dövləti” əsəri ölkəmizin və qonşu ölkələrin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm mərhələ olduğuna görə elmi ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilib. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb.

1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən akademik elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilib.

Alim 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb.

1997-ci il fevralın 21-də akademikin həyatına faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında vəhşicəsinə qətlə yetirilib.

1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı - “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.

Görkəmli alimin zəngin biliyi, geniş dünyagörüşü, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istedadı onun hər bir əsərində özünü büruzə verir.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28