Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanın 6 “prinsipi”

Ermənistanın 6 “prinsipi”

17.05.2022 [10:28]

Sülhdən yayınmaq üçün növbəti aciz cəhd

Ermənistandakı revanşist dairələr hakimiyyətə gəlməyə çalışaraq “Müqavimət” adlı tamaşanı oynamağa davam etdiyi vaxtda, rəsmi İrəvan da Cənubi Qafqaz üçün müsbət prosesləri, yəni Azərbaycanla münasibətlərin normallaşması və sülh müqaviləsi münaqişənin bağlanmasını ləngitməkdə davam edir.

Taleh AĞAVERDİYEV

Məlum olduğu kimi, Azərbaycan hələ mart ayında ölkələr arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün 5 aydın prinsip irəli sürmüşdü. Bu günlərdə məlum olub ki, Ermənistan tərəfi sülh danışıqlarının başlanması üçün öz altı bəndini təklif edib. Bu barədə ilk olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. Bir neçə gün əvvəl isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bu bəndlərin məzmununu açıqlamışdı.

Birinci bənddə (əgər buna bənd demək olarsa) qeyd olunur ki, Ermənistan martın 11-də Ermənistan tərəfinə təhvil verilmiş 21 fevral tarixli məktuba cavab verir (yəni 20 gün sonra). Bu bəndin məqsədi müəmmalı olaraq qalır: bu, ya erməni tərəfinin cavabı gecikdirməsinə haqq qazandırmaq cəhdidir, ya da adı açıqlanmayan vasitəçi həmsədrdən narazılıqdır, ya da Azərbaycanın təklif etdiyi prinsipləri Ermənistana gec çatması bəhanəsi ilə  rədd etmək cəhdidir.

İkinci bəndə əsasən, Ermənistanın Azərbaycan Respublikasına qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. “Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycan Respublikası ilə 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistan 1992-ci il fevralın 18-də onu ratifikasiya edib” - deyə bildirilir. Birincisi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ona ərazilərmizin 20 faizini işğal etməyə və 30 ilə yaxın işğal altında saxlamasına mane olmadı. Yəni İrəvan özü MDB-nin yaradılması ilə bağlı imzaladığı birgə sazişin müddəalarını kobud şəkildə pozub. İkincisi, çoxtərəfli sazişə istinad Ermənistanda dəfələrlə istifadə olunan diplomatik hiylədən başqa bir şey deyil. Fakt budur ki, çoxtərəfli sənədlərdə ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinə istinad etmək adətdir. Yalnız erməni siyasətçilərinin əbədi arqumentlərindən biri odur ki, Azərbaycan SSRİ-dən çıxanda guya onsuz da tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti” yox idi, “çünki region artıq öz müqəddəratını təyin etmiş və Ermənistana birləşmişdi”. Üstəlik, hazırkı Ermənistan konstitusiyasının preambulasında deyilir ki, əsas qanun Ermənistanın Müstəqillik (vikipediyada İstiqlal yazılıb)  Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədlərdən irəli gəlir. Həmin Bəyannamənin preambulasında isə “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarı əsasında müstəqillik  elan edilməsi barədə bəhs edilir. Yəni Ermənistan konstitusiya səviyyəsində Qarabağı Ermənistanın bir hissəsi hesab edir. Ona görə də Ermənistan konstitusiyası redaktə olunmayana və ondan Ermənistanın İstiqlal Bəyannaməsinə istinad çıxarılmayana qədər bu dövlətin Azərbaycana ərazi iddialarının olmamasından danışmaq heç bir məna kəsb etmir. Ermənistan Bakıya rəsmi diplomatik nota təqdim etməlidir ki, o, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisini Azərbaycanın tərkib hissəsi kimi tanıyır və gələcəkdə heç bir ərazi iddiası ilə çıxış etməyəcək.

Üçüncü bənddə bildirilir ki, “erməni tərəfi üçün prioritet Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat, onların hüquq və azadlıqlarına hörmət edilməsi, habelə Dağlıq Qarabağın yekun statusunu müəyyən etməkdir”. Ermənistanın Qarabağın “statusu” ilə bağlı məsələni yenidən gündəmə gətirmək cəhdi əslində Ermənistan rəhbərliyinin danışıqlara hazır olmadığından xəbər verir. Azərbaycan tərəfi bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə ən yüksək səviyyədə bəyan edib: hər hansı hüquqi statusdan, muxtariyyətdən söhbət gedə bilməz. Azərbaycan bu ərazilərdə yaşayan erməniləri öz vətəndaşı hesab edir, Azərbaycan vətəndaşları isə etnik, dini, irqi və digər mənsubiyyətindən asılı olmayaraq Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdirlər. Bu gün Qarabağ erməniləri üçün əsas təhlükə mənbəyi yalnız Ermənistandan təchiz olunan qanunsuz silahlı birləşmələrdir.

Dördüncü bənddə qeyd olunur ki, Ermənistan tərəfi Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya prezidentinin 9 noyabr, 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında əksini tapmış öhdəlikləri mühüm hesab edir. Bu, təqdirəlayiqdir, burada Azərbaycanın mövqeyi ilə Ermənistanın mövqeyi üst-üstə düşür. Yalnız üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirməyən, ilk növbədə, Ermənistanın özüdür. Beləliklə, İrəvan 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4 və 9-cu bəndlərini hələ də yerinə yetirməyib. Ona görə də bu bəndin məqsədi də qeyri-müəyyən olaraq qalır. Diqqətçəkən məqamlardan biri də Ermənistanın ancaq Rusiyanın patronajlığı altında qəbul edilən bəyanatlara istinad etməsidir. 15 dekabr 2021 və 6 aprel 2002-ci ildə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə ölkə rəhbərləri tərəfindən razılaşdırılan bəyanatlar xatırlanmır. Bu o deməkdir ki, Ermənistan faktiki olaraq Qərbin vasitəçiliyindən imtina edir. Maraqlıdır, Brüssel buna necə reaksiya verəcək.

Beşinci bəndə əsasən, “erməni tərəfi sülh müqaviləsinin bağlanması, BMT Nizamnaməsi və dövlətlərarası münasibətlərin qurulmasına dair digər beynəlxalq sənədlər (Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı) əsasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlamağa hazırdır”. Qeyd olunur ki, “məhz onlarda xalqların öz müqəddəratını təyin etmək hüquqları və digər mühüm hüquqlar təsbit olunub”. Sonuncu dəqiqləşdirmə olmasaydı, demək olar ki, bu məqam da ölkəmizin mövqeyi ilə üst-üstə düşür, çünki Azərbaycan 30 ildir ki, regionda sülhün bərqərar olması üçün əsas kimi BMT Nizamnaməsini və Helsinki Yekun Aktını göstərir. Bununla belə, “xalqların öz müqəddəratını təyinetmə hüququ”na diqqət yetirilməsi və bu hüquqa həsr olunmuş Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın qeyd olunması erməni azlığının öz müqəddəratını təyinetmə iddialarından əl çəkmədiyini və separatçılığın təbliğatını davam etdirmək planının olduğunu  göstərir. 

Və nəhayət, altıncı bənddə bildirilir ki, “müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib”. Bu bənd də faktiki olaraq açıq təxribatdır. Azərbaycan dəfələrlə rəsmi səviyyədə bəyan edib ki, münaqişə həll olunduğundan Minsk Qrupu bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaq. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, vasitəçilər yalnız Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına yardım edə bilərlər.

Müharibədən əvvəlki danışıqlar formatına qayıtma olmayacaq və Qarabağ məsələsi bağlıdır. Hətta həmsədr ölkələr də bu reallığı artıq özləri üçün qəbul ediblər, amma Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqlarının aparılmasında israr etməkdə davam edir. Rusiya-Qərb münasibətlərinin hazırkı vəziyyətini nəzərə alsaq, bu bəyanat ağılsız görünür.

Beləliklə, Ermənistanın təklif etdiyi əksər bəndlər ya məzmun daşımır, ya da təxribat xarakteri daşıyır. Qeyd edək ki, Ermənistanın özündə də bu “təkliflər” gülüş doğurub və sərt tənqidlərə məruz qalıb. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan onları “tam biabırçılıq” adlandırıb: “Bu altı “təklif” heç bir ciddi intellektual siyasi işi özündə əks etdirməyən, sadəcə olaraq, aşağı səviyyəli bir inşadır, ondan bizim üçün faydalı olan hər hansı siyasi nəticə gözləmək sadəlövhlük olardı”. “Erməni Milli Konqresi” partiyasının (Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın partiyası) sədr müavini Levon Zurabyan isə “Facebook” sosial şəbəkəsində “Mənasız altı bənd” başlığı altında şərhində bu bəndlərin təhlilini bu sözlərlə yekunlaşdırır: “Bu insanlar hər yerdə bizi rüsvay edir və hər işdə uğursuzluğa düçar olurlar. İstər Nikol Paşinyan, istər Ararat Mirzoyan, istər Armen Qriqoryan, istər Vaaqn Xaçatryan, istərsə də Edmon Marukyan olsun, onların beynəlxalq siyasət və danışıqlar diplomatiyası haqqında elementar təsəvvürləri yoxdur”.

Belə qənaətə gəlmək olar ki, İrəvan ədalətli sülh prosesinə başlamaq niyyətindən uzaqdır. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq irəli sürdüyü prinsiplərdən fərqli olaraq, Ermənistan sülh danışıqları üçün prinsiplər deyil, ilkin şərtlər irəli sürür. Bu nəinki qəbuledilməzdir, həm də gülüncdür. İşğal etdiyi torpaqlardan qovulmuş işğalçı ölkənin heç bir şərt qoymağa nə mənəvi, nə də hüquqi haqqı yoxdur.

Sülh müqaviləsinin imzalanması, ilk növbədə, Ermənistanın xeyrinədir. Bu, Ermənistanın boğulan iqtisadiyyatını böhrandan çıxarmağa kömək edəcək. Mənasız söz oyununa girərək, absurd şərtlər irəli sürən Ermənistan tərəfi konkret qərarların qəbulunu ləngitməyə çalışır. Beləliklə, Nikol Paşinyan iki stulda oturmağa çalışır: həm konstruktivliyi ilə dünya ictimaiyyətinin alqışını almaq, həm də hakimiyyəti əldən verməmək.

Amma Azərbaycanın səbri tükənməz deyil. Bu cür hiylələr artıq bir dəfə qonşu ölkəni hərbi-siyasi fiaskoya sürükləyib. Növbəti dəfə Ermənistan dövlətçiliyini belə itirə bilər...

Paylaş:
Baxılıb: 278 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30