Dünyaya Azərbaycan nümunəsi
28.10.2025 [11:37]
Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar və ənənələr bu gün də qorunur
Azərbaycanda dünya gündəliyinin aktual məsələlərinin müzakirələrinin aparıldığı mötəbər konfransların, görüşlərin keçirilməsi artıq gözəl bir ənənə halını alıb. Ayrı-ayrı beynəlxalq təşkilatların özlərinin tədbirlərinin keçirilməsi üçün respublikamızı ev sahibi ölkəsi kimi müəyyənləşdirmələri isə heç də təsadüfi deyil. Respublikamız hər cəhətdən müsbət reallıqlara, möhkəm daxili sabitliyə malikdir, müxtəlif konfessiyalar arasında hər hansı bir ixtilaf yaşanmır, eyni zamanda, ölkəmizin xarici siyasəti xoş mərama, bərabərlik və beynəlxalq hüquqa əsaslanır. Bütün bunlar da beynəlxalq miqyasda Azərbaycana və onun Liderinə inamı getdikcə artırır. Öz növbəsində respublikamız ev sahibliyi missiyasını üzərinə götürdüyü beynəlxalq tədbirlərdə yüksək məsuliyyət ortaya qoymaqla nəticəyönümlü müzakirələrin aparılmasına hər cür şərait yaradır.
Bugünlərdə Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə baş tutan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin (DK) 44-cü və İCAPP Mədəniyyət Şurasının 4-cü iclasının uğurla keçməsi buna daha bir nümunədir. Tədbir iştirakçılarına müraciət ünvanlayan Prezident İlham Əliyev ölkəmizin malik olduğu müsbət reallıqlara, beynəlxalq əməkdaşlığa, mədəniyyətlərarası dialoqa, dünyada qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə davamlı töhfələr verdiyinə diqqət çəkib.
Tarixi ənənələrdən qaynaqlanan dövlət siyasəti
Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Eyni zamanda, ölkəmizin mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyi etməyə hər cəhətdən haqqı var - Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.
Azərbaycan qədim tarixə malik ölkədir və bunu bir sıra amillər təsdiqləyir. O cümlədən zəngin tariximizin izləri respublikamızın ərazisindəki çoxsaylı abidələrdə də öz əksini tapıb. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, ölkə ərazisindəki bugünümüzədək gəlib çatan dini abidələr yalnız bir mədəniyyətə, deyək ki, hazırda əhalinin böyük əksəriyyətinin etiqad bəslədiyi İslam sivilizasiyasına aid deyil. Əksinə, paytaxt Bakıda və respublikanın bölgələrində mövcud olan dini abidələr müxtəlif sivilizasiyaların izlərini özlərində qoruyub saxlayır. Aşağıdakı faktlar deyilənləri bir daha təsdiqləyir. Azərbaycan xalqı qürur duyur ki, İslam aləminin ən qədim məscidlərindən biri respublikamızda yerləşir. Söhbət Şamaxı Cümə məscidindən gedir. 743-cü ildə inşa olunan bu dini abidə Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir və hazırda tarixi abidə kimi qorunur. Xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl burada əsaslı təmir işləri həyata keçirilib.
Bəhs olunan Şamaxı Cümə məscidi İslam sivilizasiyasını əks etdirir. Eyni zamanda, ölkəmizin ərazisində qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir. Həmçinin bu kilsə də Qafqazın ən qədim tarixi abidələrindən biridir.
Digər bir nümunəyə diqqət yetirək. Bakının Suraxanı rayonunda Atəşgah yerləşir. Bu abidə də dövlət vəsaiti ilə yüksək səviyyədə təmir edilib. Bakıda atəşpərəstlik məbədinin mövcud olması ona dəlalət edir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri var. Sonrakı dövrlərdə respublikamızda rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilib. Respublika ərazisindəki tarixi dini abidələr ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən ona dəlalət edir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar.
Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, tarixi ənənələr bu gün də yaşayır. Çoxmədəniyyətlilik respublikamızda heç bir halda ayırıcı xətlər yaratmır.
Əksinə, biz bununla qürur duyuruq. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanın gücü həm də burada yaşayan xalqların sarsılmaz həmrəyliyindədir. “Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə Prezident İlham Əliyev yuxarıda bəhs etdiyimiz tədbirin iştirakçılarına ünvanladığı müraciətində vurğulayıb.
Beynəlxalq səviyyədə Azərbaycan brendi kimi tanınan “Bakı prosesi”
Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət eyni zamanda bir sıra ciddi çətinliklərlə üzləşib. Dövlətimizin başçısının bildirdiyi kimi, müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Həqiqətən də, dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Bu gün ayrı-ayrı regionlarda sülh və təhlükəsizliyə yaranan təhdidlər heç vaxt olmadığı qədər artıb, dünyamız daha çox parçalanmış görünür.
Artıq onilliklərdir ki, Yaxın Şərq müharibə girdabından çıxa bilmir. Qanlı savaşlar, imperialist güc mərkəzlərindən ixrac olunan xaos, “rəngli inqilablar” ayrı-ayrı xalqların dövlətçilik ənənələrini pozub, bir vaxt çiçəklənən şəhər və kəndlər dağıdılıb, ölkələrin sərvətləri talanır. Son illərdə dünya Qəzzada insanlıq faciəsinə şahidlik edib - burada qanlı müharibə 70 minədək insanın həyatına son qoyub. Sağ qalanlar ən zəruri ehtiyaclardan belə məhrumdurlar. Digər bir münaqişə ocağının - Rusiya-Ukrayna müharibəsinin də sonu görünmür. Yenə də on minlərlə ölü və yaralı sayı. Milyonlarla insan doğma ev-eşiyini tərk etmək, ağır qaçqınlıq taleyi yaşamaq məcburiyyətində qalıb. Müharibənin alovlanmasına isə güc mərkəzlərinin qarşıdurması, geosiyasi maraqları səbəb olub.
Dünyanın olduqca narahat mənzərəsinin digər bir mühüm əlaməti mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Qərb dünyasında hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan Qərbin bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Qərb ölkələrinin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.
Belə bir şəraitdə Azərbaycan dünyaya birgəyaşayışla, dözümlülüklə bağlı çağırışlar edir, təşəbbüslər irəli sürür. Ölkəmizin nümunəsinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir”, - deyə vurğulayıb.
Beynəlxalq səviyyədə artıq Azərbaycan brendi kimi tanınan “Bakı prosesi” respublikamızın mədəniyyətlərarası dialoqun güclənməsinə verdiyi mühüm töhfələrdən biridir. Dünya gündəliyinə daxil olan bu təşəbbüs respublikamızın tarixdən gələn zəngin multikultural ənənələrinə, xoş məramına əsaslanır və qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfələr vermək məqsədi daşıyır. Respublikamız “Bakı Prosesi”nin bir hissəsi olaraq mədəniyyətlərarası dialoq forumlarına mütəmadi qaydada ev sahibliyi edir. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci, 2019-cu və 2024-cü illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

