Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Üçrəngli Bayraq: müstəqillik və milli birliyin təntənəsi

Üçrəngli Bayraq: müstəqillik və milli birliyin təntənəsi

10.11.2025 [10:08]

Elşən Alıyev

​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

9 Noyabr – Dövlət Bayrağı Günü milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Həmin gün azadlıq və müstəqillik arzularını gerçəkləşdirən xalqın milli iradəsini, həmrəyliyini və qürur hissini təcəssüm etdirir.

Üçrəngli bayrağımızın tarixi (9 noyabr 1918-ci il) Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. Həmin gün qəbul edilən qərarla mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayraq gənc respublikanın rəsmi simvolu elan edildi. Bu bayraq müasir dövlətçiliyin, demokratik dəyərlərin və milli özünüdərk ideyasının təcəssümü idi. O dövrdə cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət atributlarını, xüsusilə bayrağı xalqın milli varlığının ayrılmaz hissəsinə çevirmişdi. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutu ilə bayraq dövlət rəmzi kimi qadağan olundu. Buna baxmayaraq xalqın yaddaşında və ruhunda üçrəngli bayraq heç vaxt unudulmadı. Azadlıq arzusu xalqın qəlbində yaşadı və hər nəsildə bu dəyərə sədaqət ideyası qorundu.

XX əsrin sonlarında milli oyanış hərəkatı başladıqda, tarixi yaddaşın dərin qatlarından bu bayraq yenidən dirçəlmiş ruh kimi doğuldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanın dövlət rəmzi kimi qəbul edildi. Ardınca bu təşəbbüs ümummilli hərəkata çevrildi və 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul olundu.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə üçrəngli bayraq rəsmi şəkildə müstəqil dövlətin simvoluna çevrildi. Beləliklə, Cümhuriyyətin ideyaları yenidən həyata qayıtdı, tarixi ədalət bərpa olundu və milli dövlətçilik ideyası öz təntənəsini tapdı.

Azərbaycan Bayrağında üç rəng xalqın ideoloji birliyini, milli dəyərlərini və müasir dövlətçilik idealını ifadə edir. Mavi rəng türk kimliyimizi, tarixi köklərimizi və milli mənsubiyyətimizi simvolizə edir. Qırmızı rəng azadlıq, müasirlik, inkişaf və demokratiya ideyasını təcəssüm etdirir. Yaşıl rəng isə islam mədəniyyətinə, milli-mənəvi köklərə və insani dəyərlərə bağlılığımızı göstərir. Bu konsepsiyanın müəllifi görkəmli fikir adamı Əli bəy Hüseynzadə olmuşdur. Onun “Türkləşmək, müasirləşmək, islamlaşmaq” prinsipi milli ideologiyanın əsas dayağına çevrilmiş, bu ideya sonralar dövlətçilik simvolunda bədii və ideoloji təcəssümünü tapmışdır.

Üçrəngli bayraq həm də xalqın keçmişinə sədaqətini, bu gününə inamını və gələcəyə ümidini nümayiş etdirir. Hər bir vətəndaş üçün bu bayraq milli kimliyə, müstəqilliyə və mənəvi bütövlüyə sədaqətin təntənəsidir. Ulu Öndər Heydər Əliyev üçün üçrəngli bayraq milli qürurun, dövlətçilik düşüncəsinin və suverenliyin təzahürü idi. Onun təşəbbüsü ilə Naxçıvanda qaldırılan bayraq sonradan bütün ölkə üçün müstəqilliyin rəmzinə çevrildi. Ulu Öndər qeyd etmişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü elan edildi. Bu qərar dövlət rəmzlərinə verilən dəyərin, milli ideologiyanın və dövlətçilik davamlılığının göstəricisidir. Paytaxt Bakıda salınan Dövlət Bayrağı Meydanı və orada ucaldılan nəhəng bayraq dövlətin gücünü, xalqın qürurunu və milli birliyini təcəssüm etdirir. Meydanın ərazisində yerləşən Bayraq Muzeyi milli yaddaşın qorunmasına, dövlət atributlarının tarixinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. 2024-cü ildə yenidən açılan Bayraq Meydanı və Zəfər qalereyası isə artıq müasir dövlətçiliyin ideoloji mərkəzinə çevrilmişdir. Burada nümayiş etdirilən Xankəndidə ucaldılmış bayrağın fotoları xalqın mübarizə ruhunu, dövlətin əzmini və qalibiyyətin təntənəsini simvolizə edir.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə üçrəngli bayrağımızın azad edilmiş torpaqlarda yenidən dalğalanması ilə zirvəyə çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığı nəticəsində azad edilmiş əzəli torpaqlarımızda bayrağımızın qaldırılması milli ruhun və dövlət iradəsinin rəmzinə çevrildi. Dövlətimizin başçısı qeyd etmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Üçrəngli bayraq hər bir vətəndaşın həyatında müqəddəs məna daşıyır. Bayraq həm “azərbaycançılıq” məfkurəsinin, həm də milli həmrəyliyin təcəssümüdür. Üçrəngli bayrağımızın ucalığı xalqın qəlbində, tariximizin səhifələrində və müstəqil dövlətin varlığında əbədi yaşayacaq. Bu bayraq azadlığın, müstəqilliyin, milli ləyaqətin və əbədi dövlətçiliyin təzahürüdür.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30