Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın ləyaqətli müharibə və ədalətli sülh strategiyası

Azərbaycanın ləyaqətli müharibə və ədalətli sülh strategiyası

21.09.2026 [12:35]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən etdiyi dərin məzmunlu çıxış Azərbaycanın həm hərbi, həm də mənəvi-milli dəyərlərə əsaslanan dövlət siyasətinin mühüm prinsiplərini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının bu tarixi görüşdə vurğuladığı “Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq” fikri təkcə bir faktın ifadəsi deyil, eyni zamanda Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin və xalqının humanizmə, beynəlxalq hüquqa və milli-mənəvi dəyərlərə nə qədər sadiq olduğunu göstərən amildir. İllər boyu işğala, haqsızlığa və misli görünməmiş zorakılıqlara məruz qalan xalqımız, Silahlı Qüvvələrimizin ali baş komandanlığı altında öz torpaqlarını azad edərkən belə, heç zaman beynəlxalq humanitar hüququn prinsiplərini tapdalamamış, döyüş meydanında yalnız düşmənin hərbi qüvvələri ilə mübarizə aparmışdır.

Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti və Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlər tarixin ən qara səhifələrindən biridir. İşğal dövründə və Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri dinc əhaliyə karşı sistemli şəkildə soyqırımı və terror siyasəti yürütmüşdür. Xocalı soyqırımı bu qəddarlığın və insanlıq əleyhinə yönəlmiş cinayətlərin ən kulminasiya nöqtəsi oldu. Qadınların, körpələrin, qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi, əsir və girovlara qarşı işgəncələrin verilməsi işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin mahiyyətini aşkara çıxarırdı. Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş bu xain davranışı yalnız keçmişlə məhdudlaşmadı. 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyətə uğrayan düşmən müharibə zonasından yüzlərlə kilometr aralıda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir kimi sıx məskunlaşmış şəhərlərimizi qadağan olunmuş raketlərlə və kassetli sursatlarla atəşə tutdu. Bu terror aktları nəticəsində onlarca mülki şəxs, o cümlədən uşaqlar və qadınlar həlak oldu, yüzlərlə insan yaralandı. Düşmənin əsas məqsədi Azərbaycan əhalisi arasında vahimə yaratmaq, dövlətin iradəsini qırmaq və müharibənin miqyasını genişləndirmək idi.

Lakin Azərbaycan dövləti və onun Şanlı Ordusu düşmənin bu çirkin təxribatlarına və hərbi cinayətlərinə heç vaxt eyni üsulla cavab vermədi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində və daha sonra keçirilən antiterror tədbirlərində yüksək peşəkarlıq, dəqiqlik və misilsiz humanizm nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, hərbi əməliyyatlar zamanı yalnız düşmənin hərbi infrastrukturu, silah-sursat anbarları, komanda məntəqələri və canlı qüvvəsi hədəfə alındı. Mülki əhalinin, tarixi-mədəni abidələrin və sosial obyektlərin zərər görməməsi üçün ən müasir texnologiyalardan və yüksək dəqiqlikli silahlardan istifadə edildi. Azərbaycan əsgəri və zabiti qisasını yalnız döyüş meydanında aldı, dinc sakinlərə qarşı heç bir zorakılığa yol vermədi. Hətta antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün humanitar koridorlar yaradıldı, onlara lazım olan bütün tibbi və loqistik dəstək göstərildi. Bu, Azərbaycan dövlətinin bəşəri dəyərlərə olan sədaqətinin və ləyaqətli müharibə aparmaq prinsipinin parlaq sübutudur.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın bu davranışı xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi və dini dəyərlərindən, islam mədəniyyətinin humanizm prinsiplərindən qaynaqlanır. Türk Dövlətləri Təşkilatının və Qafqaz xalqlarının dini liderlərinin iştirak etdiyi görüşdə bu məsələnin vurğulanması xüsusi rəmzi məna daşıyır. İslam dini və region xalqlarının adət-ənənələri müharibə şəraitində də ədalətli olmağı, zəifə, əliyalına, qadına və uşağa əl qaldırmamağı buyurur. Azərbaycan ordusu öz tarixi missiyasını yerinə yetirərkən bu uca dəyərlərə tam riayət etmişdir. Bu gün azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, dağıdılmış məscidlərin, tarixi abidələrin bərpası, şəhər və kəndlərin yenidən qurulması da Azərbaycanın sülhə, inkişafa və mədəniyyətlərarası dialoqa verdiyi böyük töhfənin təzahürüdür.

Ermənistanın törətdiyi vəhsşiliklərə baхmayaraq, Azərbaycan Qələbədən dərhal sonra regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyini irəli sürən tərəf oldu. Bu, qalib dövlətin böyüklüyünü və gələcəyə yönəlmiş uzaqgörən siyasətini göstərir. Biz müharibəni arxada qoyaraq, Cənubi Qafqazın əmin-amanlıq, əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi üçün tarixi imkanlar yaratmışıq. Prezident İlham Əliyevin vurğuladığı prinsiplər regional sülhün təməl daşıdır: müharibə yalnız hərbi meydanda aparılmalı, mülki şəxslər siyasətin və münaqişələrin qurbanına çevrilməməlidir. Azərbaycanın nümayiş etdirdiyi bu nümunəvi mövqe beynəlxalq aləmdə də yüksək qiymətləndirilir və ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri və beynəlxalq konfrans iştirakçıları ilə görüşündə səsləndirdiyi bəyanatlar Azərbaycanın hərbi, siyasi və mənəvi üstünlüyünün növbəti dəfə təsdiqidir. Bizim müharibəmiz ədalət müharibəsi, azadlıq müharibəsi idi. Azərbaycan xalqı və onun ordusu döyüş meydanında göstərdiyi qəhrəmanlıqla yanaşı, göstərdiyi humanizmlə də tarixdə öz şərəfli yerini tutdu. Əliyalın və dinc insanlara qarşı heç vaxt müharibə aparmayan Azərbaycan dövləti bu gün də regionda ədalətin, sülhün və sabitliyin əsas zəmanətçisi kimi çıxış edir. Bu ləyaqətli və prinsipial mövqe gələcək nəsillər üçün qürur mənbəyi, bütün dünya üçün isə beynəlxalq hüquqa və insanlığa hörmətin bariz nümunəsidir.

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 47 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30