Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Kamboca: Yaxşı dostlar və tərəfdaşlar

Azərbaycan-Kamboca: Yaxşı dostlar və tərəfdaşlar

14.10.2026 [12:58]

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda yaxın regionlarda yerləşən dövlətlərlə yanaşı, uzaq coğrafiyaları əhatə edən ölkələrlə əlaqələri genişləndirmək xətti də xüsusi yer tutur. Bu baxımdan Aazərbaycan-Kamboca əlaqələri də xarakterikdir. Kamboca respublikamızdan min kilometrlərlə uzaq məsafədə yerləşir. Buna baxmayaraq, iki ölkə arasında əlaqələr genişlənir. Şübhə yoxdur ki, Kamboca Krallığının Baş naziri Hun Manetın bu günlərdə  ölkəmizə  rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsinə yeni impuls verəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutan səfər kifayət qədər məhsuldar keçib. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə  Baş nazir Hun Manetin məhdud və geniş tərkibdə görüşləri keçirilib və müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb. Eləcə də iki ölkə arasında imzalanan sənədlərin mübadiləsi mərasimi keçirlib. Bundan başqa,  Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

İkitərəfli və çoxtərəfli platformalarda genişlənən əməkdaşlıq

Diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, həm Azərbaycan, həm də Kamboca münasibətlərin dərinləşməsinə böyük maraq göstərir. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Kamboca arasında siyasi münasibətlərin güclü olduğuna diqqət çəkərək iki ölkəni yaxşı dost və tərəfdaşlar kimi səciyyələndirib.

Azərbaycan Respublikası ilə  Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulub. İndiyədək  xarici işlər nazirlikləri arasında 4 raundda siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrin birinci raundu 21-23 aprel 2014-cü il tarixlərində Bakıda baş tutub. İkinci belə tədbir 13-15 mart 2019-cu il tarixlərində Pnompen şəhərində keçirilib. Siyasi məsləhətləşmələrin üçüncü raundu 1 iyun 2022-ci il tarixində yenidən Azərbaycan paytaxtında təşkil edilib. Siyasi məsləhətləşmələrin dördüncü raunduna isə 21 iyul 2025-ci il tarixində Pnompen ev sahibliyi edib. 2014-cü ildə Kambocanın keçmiş Baş naziri, hazırda isə ölkə  Senatının sədri (indiki Baş nazirin atası - red.) Hun Senin respublikamıza səfəri baş tutub. Kambocanın Baş naziri mətbuata bəyanatında bildirib ki, həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir.

İki ölkənin parlamentləri səviyyəsində də əlaqələr qurulub. Belə ki, hər iki ölkənin qanunvericilik orqanlarında parlament dostluq qrupu fəaliyyət göstərir. Bu qruplar arasında əlaqələr də müntəzəm xarakter daşıyır. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Humanitar sahə ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. İndiki mərhələdə bu ənənənin bərpa edilməsi və hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması mümkündür. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə gözəl bir töhfə olardı. Yeri gəlmişkən, səfər çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” mübadilə edilib.

Mühüm məqamlardan biri də ondan ibarətdir ki,  öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN xidmət” modelinə dost  Kambocada da maraq göstərilir. Qısa müddətdə Azərbaycanın intellektual brendinə çevrilən “ASAN xidmət” artıq bütün dünyada tanınır və dövlət xidmətlərinin tətbiqində bu modelə keçid edən ölkələrin sayı getdikcə artır. Kambocada da oxşar xidmət şəbəkəsinin qurulması ikitərəfli münasibətlərə öz müsbət təsirini göstərə bilər.

Siyasi dialoqun yüksək səviyyədə olması qarşıdakı mərhələdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar açır. Təsadüfi deyildir ki, Bakıda aparılan müzakirələrdə ikitərəfli müstəvidə təmasları intensivləşdirmək barədə razılığa gəlinib. “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Getdikcə intensivləşən ikitərəfli münasibətlərlə yanaşı, Azərbaycan və Kamboca həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq əlaqələri qurublar. Bu sırada BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr qurulduğunu və fəal əməkdaşlıq edildiyini xüsusi vurğulaya bilərik. Hər iki ölkə beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətlər həyata keçirməklə bir-birinə dəstək verir.

İki ölkəni birləşdirən mina problemi

Kambocanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində əsas müzakirə mövzularından biri də mina problemi olub ki, bu da təsadüfi deyil. Azərbaycan və Kamboca bir-birindən uzaq məsafədə yerləşsələr də, onları ümumi mina problemi birləşdirir. “Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Kamboca dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən biri hesab olunur. Buradakı mina problemi ölkənin yaxın tarixındəki müharibələrlə bağlı olan ən ağır humanitar və sosial məsələlərdən biridir. Bu ölkədə minalar 1970-1980-ci illərdə vətəndaş müharibəsi zamanı münaqişəyə qoşulan müxtəlif fraksiyalar tərəfindən basdırılıb. Əsas çətinlik ondan ibarətdir ki, minaları basdıran tərəflərin dəqiq xəritəsi və ya qeydiyyatı yoxdur. Kamboca Minalar ilə Mübarizə Mərkəzi (KMMM) rəsmilərinin hesablamalarına görə, ölkə ərazisində 4 milyondan 6 milyona qədər, bəzi proqnozlara əsasən isə 10 milyona qədər partlamamış mina və hərbi sursat ola bilər. Verilən məlumatlara görə, minalar səbəbindən ölkədə 40 000-ə yaxın amputasiya halı qeydə alınıb ki, bu da qlobal miqyasda ən yüksək göstəricilərdən biridir.

Təxminən üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalan Azərbaycan da minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Mina terroru Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çoxsaylı müharibə cinayətləri sırasında xüsusi yer tutur. Verilən məlumatlara görə, ermənilər işğal illərində və  44 günlük müharibədən sonra ərazilərimizdə 1 milyondan çox mina basdırıblar. Açınacaqlı haldır ki, insanlar ayaq basdıqları ən ağlagəlməz yerlərdə belə mina partlayışının qurbanlarına çevrilə bilərlər. Prezident İlham Əliyev mina terroruna diqqət çəkərək bildirib ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Azərbaycan və Kambocanı birləşdirən digər bir ümumi cəhət sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Azərbaycan öz nümunəsində təsdiqlədi ki, sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etməyə nail olub. İndi ölkə ərazisinin hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. “Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31