Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Asiya regionu Bakıya toplanır

Asiya regionu Bakıya toplanır

14.10.2026 [08:10]

AQEM 7-ci Zirvə görüşü keçiriləcək

Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxtərəfli siyasi platformaların inkişafına, dövlətlər arasında dialoqun genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə ardıcıl töhfələr verən ölkələrdən biridir. Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsi, güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, regional münaqişələrin davam etməsi və təhlükəsizlik çağırışlarının çoxşaxəli xarakter alması beynəlxalq əməkdaşlığın yeni mexanizmlərini zəruri edir. Belə bir şəraitdə dövlətlərin yalnız öz milli maraqları çərçivəsində deyil, həm də ortaq məqsədlər naminə birgə fəaliyyət göstərməsi qlobal sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq münasibətlərdə yaranan problemlərin uzunmüddətli həlli qarşıdurma ritorikasının gücləndirilməsindən deyil, dialoq imkanlarının qorunmasından, fərqli mövqelərin uzlaşdırılmasından və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsindən keçir.

Bu mənada Azərbaycanın da dəstəklədiyi çoxtərəfli əməkdaşlıq formatları dövlətlər arasında siyasi təmasların genişləndirilməsi ilə yanaşı, etimadın institusional əsaslarının yaradılmasına da xidmət edir. Xüsusilə təhlükəsizlik məsələlərinin getdikcə daha çox qarşılıqlı asılılıq qazandığı indiki mərhələdə regional platformaların rolu artır. Müxtəlif siyasi və iqtisadi maraqlara malik ölkələrin ortaq müzakirə müstəvisində bir araya gəlməsi fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması, risklərin düzgün qiymətləndirilməsi və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM də bu baxımdan mühüm beynəlxalq platformalardan biridir. 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə irəli sürülən və sonradan geniş institusional inkişaf yolu keçən AQEM Asiya məkanında etimad tədbirlərinin gücləndirilməsini, təhlükəsizlik sahəsində dialoqun inkişafını və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Azərbaycanın bu platformada iştirakı isə ölkəmizin beynəlxalq münasibətlərdə dialoqa, çoxtərəfli əməkdaşlığa və regional sabitliyə verdiyi önəmin göstəricisidir. Bakı üçün belə formatlar yalnız diplomatik təmasların genişləndirilməsi deyil, həm də Azərbaycanın sülh, etimad və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan xarici siyasətinin beynəlxalq müstəvidə təşviqi baxımından əhəmiyyətlidir.

Bakıda növbəti beynəlxalq tədbir...

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) növbəti mühüm tədbiri də Bakıda reallaşacaq. Belə ki, AQEM-in 7-ci Zirvə görüşü 2026-cı il oktyabrın 15-də paytaxtımızda keçiriləcək. Yayılan məlumatlara görə, tədbirdə üzv ölkələrin nümayəndələri ilə yanaşı, beynəlxalq strukturların təmsiçiləri də tədbirə qatılacaq. Vurğulamaq lazımdır ki, AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin 2024-cü ilin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası 2024-2026-cı illər üzrə AQEM sədri seçilib. Qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmiz 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasının toplantısına ev sahibliyi edib. İndi isə, AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

1992-ci ildən başlanan yol...

AQEM-in əhəmiyyəti həm də onun müxtəlif geosiyasi mövqeləri təmsil edən ölkələri vahid dialoq məkanında birləşdirməsindədir. Burada məqsəd tərəflərin bütün məsələlər üzrə eyni mövqeyə gəlməsi deyil, fikir ayrılıqlarının dialoq yolu ilə idarə olunması və qarşılıqlı anlaşma imkanlarının artırılmasıdır. Bu yanaşma yeni beynəlxalq nizamın əsas ehtiyaclarından biri olan “qarşıdurmadan dialoqa” keçidi şərtləndirən mühüm amillərdəndir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM Asiya qitəsində sülh, təhlükəsizlik, sabitlik və dövlətlərarası etimadın möhkəmləndirilməsinə xidmət edən çoxtərəfli siyasi-diplomatik platformadır. Təşəbbüs 5 oktyabr 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb və 2002-ci ildə Almatı Aktının qəbulundan sonra AQEM institusional fəaliyyətə başlayıb. Hazırda təşkilatın 28 üzvü var. Onların arasında Azərbaycan, Türkiyə, Çin, Rusiya, Hindistan, İran, İsrail, Pakistan, Qazaxıstan, Özbəkistan və digər Asiya dövlətləri yer alır. ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və Türkmənistan daxil olmaqla 10 ölkə müşahidəçi statusundadır. Həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası və başqa beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in fəaliyyət istiqamətləri hərbi-siyasi təhlükəsizliklə məhdudlaşmır - iqtisadiyyat, ekologiya, humanitar məsələlər, yeni təhdidlər, nəqliyyat və digər sahələri də əhatə edir.

AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin 2022-ci ildə keçirilmiş Astana Sammitində AQEM-in tamhüquqlu regional beynəlxalq təşkilata transformasiyası ilə bağlı prosesə start verən “AQEM-in Transformasiyasına dair Astana Bəyanatı” qəbul edilib. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və Müşavirənin gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətinin istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir.

Bakı AQEM-in institusional inkişafına mühüm töhfələr verib

Azərbaycan AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir. Ölkəmiz AQEM-in qurucu üzvlərindən biridir və vurğulandığı kimi, 2024-2026-cı illər üzrə sədrliyi həyata keçirir. Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional transformasiyası, nəqliyyat bağlantıları, rəqəmsallaşma və davamlı inkişaf məsələləri ön plana çıxarılıb. Azərbaycan həmçinin təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimad tədbirlərinin əlaqələndiricilərindən biridir. Bu baxımdan AQEM Azərbaycan üçün Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və təhlükəsizlik dialoqunda fəal iştirak etmək üçün mühüm çoxtərəfli platformalardan biri hesab olunur. Qeyd edək ki, bu ilin oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Bakıda baş tutmuş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirmişdi ki, son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməyib.

Qeyd edək ki, Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi dövründə Bakı təşkilatın fəaliyyətində mühüm dialoq məkanlarından birinə çevrilib. Ölkəmizin AQEM-dəki bu iki il ərzində müəyyənləşdirdiyi əsas xətt isə “Daha güclü AQEM: Asiyada bağlantı, rəqəmsallaşma və dayanıqlı inkişaf” istiqaməti üzərində qurulub. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində Bakıda keçirilən tədbirlər təşkilatın yalnız siyasi-diplomatik deyil, həm də ekspert, iqtisadi və humanitar ölçülərinin inkişaf etdirilməsinə xidmət edib. 2025-ci ilin fevralında AQEM-in Baş Komitəsinin yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Bakıda keçirilən iclasında təşkilatın institusional imkanlarının gücləndirilməsi, etimad tədbirlərinin müxtəlif sahələrdə genişləndirilməsi və digər beynəlxalq platformalarla əlaqələrin artırılması müzakirə olunub. Bu baxımdan beyin mərkəzləri və ekspert icması ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin sentyabrında Bakıda keçirilən AQEM-in 13-cü Beyin Mərkəzləri Forumunda 21 üzv dövlətdən və təşkilatlardan 73 iştirakçı regional təhlükəsizlik, rəqəmsal transformasiya şəraitində təchizat zəncirləri, bağlantılar və AQEM-in institusional inkişafını müzakirə edib.

İqtisadi istiqamətdə isə 2025-ci ilin mayında Bakıda AQEM Biznes Şurasının VIII plenar sessiyası və X Biznes Forumu təşkil olunub. Tədbirdə 19 üzv dövlətdən 220-dən çox iştirakçı rəqəmsallaşma, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, ağıllı şəhərlər, yaşıl transformasiya və qlobal dəyər zəncirlərini müzakirə edib.

Gənclər diplomatiyası da sədrliyin mühüm istiqamətlərindən biri olub. 2025-ci ilin noyabrında Bakıda AQEM Gənclər Şurasının VIII toplantısına 19 üzv dövlətdən 100-dən çox nümayəndə qatılıb. 2026-cı ilin iyununda keçirilən IX toplantı isə 17 üzv dövlətdən 120-dən çox gənc, mühəndis və dövlət nümayəndəsini bir araya gətirib. 

Vurğulandığı kimi, oktyabrın 1-də isə Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu baş tutub. Tədbir qlobal informasiya məkanında qarşılıqlı etimadın daha da gücləndirilməsinə mühüm töhfə sayılır. Prezident İlham Əliyev Media Forumun iştirakçılarına müraciətində bildirmişdi ki, Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31