Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh prosesində yeni mərhələ

Sülh prosesində yeni mərhələ

25.05.2024 [09:50]

MÜBARİZ

Azərbaycanla Ermənistan arasında tənzimləmə və sülhyaratma prosesində müsbət meyllər müşahidə edilməkdədir. Məlumdur ki, 44 günlük müharibə başa çatdıqdan sonra sülh gündəliyi qalib Azərbaycanın diqqət çəkdiyi əsas məsələlər sırasında yer alıb. Müharibədən sonra məhz ölkəmiz ilk olaraq qalib statusuna rəğmən, heç bir ilkin şərt irəli sürmədən sülh təşəbbüsü ilə çıxış etdi. Azərbaycanın beynəxalq prinsipləri əsas götürülməklə hazırladığı və qarşı tərəfə təqdim etdiyi beş bənddən ibarət paket bir növ sülhə gedən yol xəritəsidir. Təəssüf ki, məğlub Ermənistan bir müddət havadarlarının təhriklərinə, qisasçılığa, revanşizmə çağırışlarına aldanaraq müxtəlif manipulyasiyalar işlətməklə prosesləri yubatdı. İndiki mərhələdə isə yenə də Azərbaycanın təkidli səyləri ilə ikitərəfli dialoqa üstünlük verilir və ortada bunun real nəticələri də var. 

4 kəndin Azərbaycana qaytarılması   

Son vaxtlarda Ermənistan tərəfindən də sülh prosesi ilə bağlı müsbət siqnallar gəlir. Bu ölkənin anklav olmayan dörd kəndi Azərbaycana qaytarmağa razılaşması bunun əyani təsdiqidir. Kəndlərin qaytarılması Ermənistanda müəyyən narazılıqlarla müşayiət olunsa da,  artıq proses yekunlaşıb. Bununla bağlı Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Məlumatda bildirlir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb. 

Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işlərinin nəticələri haqqında Texniki Protokol tərtib olunub. 

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib. Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bəhs olunan kəndlər ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşüb. Qazax rayonunun Bağanıs Ayrım Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın ilk kəndidir.  Kənd 1990-cı il martın 23-dən 24-ə keçən gecə hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında süqut edib. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı amansız vəhşiliklər örədilib. Kəndin müdafiəsi zamanı 10 nəfər həyatını itirib, 15 nəfərdən çox insan isə yaralanıb. 100-dən çox evi olan kənd bütünlüklə talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan - Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını  xüsusi plan əsasında həyata keçirib. Bundan ruhlanan ermənilər sonradan digər kəndlərimizi də ələ keçirməyə müvəffəq olublar. Kəndlərin işğalı respublikamızın o dövrdəki rəhbərliyinin biganəliyinin və məsuliyyətsizliyinin nəticəsi idi. Ermənilərin kəndlərimizi nəzarətə götürəcəkləri ilə bağlı siqnallar gəlsə də, bu məlumatlar ciddiyə alınmayaraq müdafiə üçün tədirlər görülməmişdi.

Azərbaycan Prezidentinin bir kəlməsi ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, tələsmədən və gecikmədən mühüm qərarlar qəbul etməsi Azərbaycana son 200 illik tariximizin ən böyük qələbələrini bəxş edib. 2020-ci ildə baş verən Vətən müharibəsində biz Ordumuzun şücaəti ilə əldə olunan şanlı Zəfər sayəsində ərazi bütövlüyümüzü hərbi-siyasi yolla təmin etdik. 2023-cü il sentyabrın 19-da başlayan uğurlu 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq isə Qarabağda suverenliyimiz tam təmin olundu. Ötən il oktyabrın 15-dən etibarən Xankəndi və Xocalı da daxil olmaqla, ölkənin bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz məqsədlərinə doğru addım-addım irəliləyir. Anklav olmayan dörd kəndin döyüşsüz, bir güllə atılmadan, qan tökülmədən geri qaytarılması Azərbaycanın növbəti uğurudur. Bu, respublikamızın  suverenliyinin təmin olunması istiqamətində növbəti addımdır.

Deyə bilərik ki, bəhs olunan kəndlərin diplomatik yolla geri qaytarılması dövlətimizin başçısının qətiyyətli siyasi iradəsinin, onun bir kəlməsinin bəhrəsidir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikri yada salaq:  “O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Yəni bizim mövqeyimiz bundan ibarətdir”.  Dövlətimizin başçısı bu kəlmə ilə qarşı tərəfə qəti mesajını vermişdi. Azərbaycan Prezidentinin bu kəlməsinin arxasında ölkəmizin gücünün və ədalətli mövqeyinin dayandığının fərqində olan Ermənistan rəhbərliyinin kəndləri qaytarmaqdan başqa çıxış yolu yox idi.

İkitərəfli dialoqun bəhrəsi 

Artıq sülh yolunda dönməz proseslər başlayıb. Kəndlərin qaytarılması ikitərəfli dialoq müstəvisində baş tutdu. Bu platformanın təşəbbüskarı da Azərbaycandır. Məlumdur ki, respublikamız sülhyaratma prosesində bütün formatlarda aparılan danışıqlarda həmişə konstruktiv mövqe sərgiləyib, eyni zamanda, milli maraqlarından da geri çəkilməyib. Sülh prosesində yer almaq istəyən Fransa kimi ölkələr isə Cənubi Qafqazda öz maraqlarının təmin olunmasına çalışırdılar və müxtəlif vasitələrlə etimad quruculuğuna əngəllər yaradırdılar. Brüssel formatı da məhz bu səbəbdən iflasa uğradı. Belə olanda Azərbaycan ikitərəfli dialoqun üstünlüklərini əsaslandırdı. Zaman və əldə olunan ilk nəticələr  ikitərəfli dialoqun nə qədər səmərəli olduğunu təsdiqləyir. 

Regionda yeni bir konfiqurasiyanın formalaşdığını müşahidə edirik. Artıq uzun illər ərzində bağlı qalan Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr də intensivləşib. Bu günlərdə Ermənistan mediası iki ölkənin sərhədində yenidən təmir olunmuş və açılması ilə bağlı qərar gözləyən Marqara keçid məntəqəsinin görüntülərini yayıb.  Rəsmi açıqlamaya istinadən bildirib ki, burada sıfırdan gözləmə zalı, hərtərəfli yoxlama anqarı, yüklərin rəsmiləşdirilməsi pavilyonları, anbar və dayanacaqlar, eləcə də müasir avadanlıqla təchiz olunmuş digər infrastrukturlar tikilib. Beləliklə, anklav olmayan dörd kəndin Azərbaycana qaytarılması, sərhədin delimitasiya olunmasına start verilməsi, Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsinin yenidən qurulması və bu kimi digər faktlar regiona çoxdan gözlənilən sülhün bərqərar olacaqğına böyük ümidlər yaradır.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30