Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Son beş ildə... 

Son beş ildə... 

31.08.2024 [08:00]

4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi

Dünyada yaşanan kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial xərclərdə ixtisarlar aparıldığının, layihələrin təxirə salındığının şahidi oluruq. Respublikamızda isə belə hallar baş vermir. Bunun da əsas səbəbi Azərbaycanın sosial dövlət olması ilə bağlıdır. Ölkəmizdə ardıcıllıqla həyata keçirilən siyasətdə insan amili, sosial sfera prioritet istiqamət kimi fərqlənir. Müstəqil Azərbaycanın banisi olan Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətinin başlıca istiqamətlərindən biri insan amilinə və vətəndaş rifahına əsaslanan sosial siyasətin həyata keçirilməsidir. “Sosialyönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” - deyən Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, Demoqrafik İnkişaf Konsepsiyası, məşğulluq, əmək miqrasiyası və digər sahələrlə bağlı qanunlar qəbul olunub, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanıb.

Sosial siyasətdə varislik

Azərbaycanın uğurlarını şərtləndirən ən əsas amillərdən biri milli inkişaf strategiyasında ardıcıllığın təmin edilməsidir. O cümlədən Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən etibarən ölkəmizin sosial siyasətində varisliyi yüksək səviyyədə təmin edir. Dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır. Müəyyənləşdirilən bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqənir. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib. 

Dövlət başçısının tapşırıqları əsasında ölkə iqtisadiyyatının güclənməsinə, maliyyə imkanlarının artmasına adekvat olaraq sosial sahədə aparılan islahatların əhatə dairəsi genişlənir. Büdcə xərclərində bir sıra üstün istiqamətlər müəyyənləşdirilib ki, sosial sfera da bu sırada yer alır. Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlü olması ilə fərqlənib. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkədə həyata keçirilən şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə cəlb olunan bütün əlavə vəsaitlər də məhz sosial sferaya yönəldilir.

Sosial islahatlar vətəndaş məmnunluğu yaradır

2003-cü ildən bəri Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan və bilavasitə insanların rifah halının yaxşılaşmasına hesablanan tədbirlər Azərbaycanın sosial siyasətinin kifayət qədər geniş məzmuna malik olmasını təsdiqləyir. Beləliklə, ötən dövrdə respublikamızda sosial sferada qazanılan bəzi uğurlara diqqət çəkək:

-Dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatıb. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb.

-Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Yüksələn gəlirlər sayəsində banklara qoyulan əmanətlərin həcmi 50 dəfədən çox artıb.

-Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi - əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar daim diqqət mərkəzində olub.

-Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün, ümumilikdə, 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrılıb.

-Özünüməşğulluq proqramının genişləndirilməsi, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsi təmin edilib, 79 minədək vətəndaş özünüməşğulluq proqramından faydalanıb.

-Ötən dövrdə işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalıb.

Ölkəmizdə, həmçinin institusional islahatlar sayəsində əhalinin sosial xidmətlərə əlçatanlığı asanlaşıb. Xüsusilə də ölkə üzrə əhatə dairəsi genişləndirlən “DOST” mərkəzləri vasitəsilə vətəndaşlara eyni məkanda “bir pəncərə” prinsipi ilə müxtəlif xidmətlər göstərilir. 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə təqdim edilir.  Bu ilin yanvar-iyul aylarında DOST mərkəzlərində 444 min vətəndaşa xidmət göstərilib. Bütün bunlar isə son nəticədə respublikamızda vətəndaş məmnunluğunu artırır.

Həssas qruplardan olan insanlara qayğı

Azərbaycanın dərinməzmunlu sosial siyasətində həssas qruplardan olan insanlara, o cümlədən də şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı göstərilməsi xüsusi bir istiqamət kimi diqqət çəkir. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 66,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2182 şəxs 59,6 min reabilitasiya vasitəsi, o cümlədən 481 şəxs 587 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 22,5 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı və Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il artıq 900 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb. Onlardan 90 nəfəri şəhid ailəsi üzvləri, qalanları müharibə veteranlarıdır.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 129 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 354 min xidmət göstərilib.

Qeyd etdiyimiz kimi, Azərbaycanın sosial siyasəti ardıcıl səciyyə daşıyır. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətlərin əhatə dairəsini genişləndirlməsi və xidmətlərə əlçatanlığın təmin edilməsi, həssas qruplardan olan insanlara qayğının artırılması, sosial infrastruktur quruculuğu, məşğulluq imkanlarının genişləndirilməsi siyasəti bundan sonra da dövlətin əsas hədəfləri sırasında olacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

Dünya

Hadisə

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30