Dövlətin siyasəti, cəmiyyətin sosial sifarişi - multikulturalizm
13.09.2024 [07:53]
Qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin artması fonunda multikulturalizmlə bağlı çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb. Belə bir şəraitdə Azərbaycan özünün nümunəvi tolerantlıq modelini təqdim edir ki, bu da bütün dünyada yüksək dəyərləndirilərək təqdir olunur. Bu günlərdə Moskva və bütün Rusiyanın Patriarxı Kirillin Sankt-Peterburq Beynəlxalq Mədəniyyətlərin Vəhdəti Forumunda “XXI əsr mədəniyyəti. Suverenlik və ya qloballaşma” mövzusunda mühazirəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən ifadə etdiyi fikirlər bunun əyani təsdiqidir. O, Azərbaycanı tolerantlıq baxımından nümunəvi ölkə kimi səciyyələndirib.
Eyni zamanda, respublikamızın multikultural ənənələrinə sadiqliyini təsdiqləyən daha bir xəbərə də diqqət çəkmək istərdik. Bu günlərdə Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Moskva və bütün Rusiyanın Patriarxı: Azərbaycan nümunəvi dövlətdir
Qonşu Rusiyada və bütün dünyada nüfuzlu din xadimlərindən biri sayılan Patriarx Kirill jurnalistlərin suallarını cavablandırarkən ölkəmiz və şəxsən Prezident İlham Əliyev barəsində səmimi fikirlər ifadə edib. “Azərbaycan, ilk növbədə, sizin Prezidentinizlə səmimi, mehriban dostluq münasibəti zəminində mənim çox bağlı olduğum ölkədir. Onunla tanış olduğumuz və ünsiyyət qurduğumuz vaxt bizim dünyagörüşümüzdə, tarixə yanaşmamızda, hazırda baş verənlərlə bağlı mövqeyimizdə çoxlu bənzərliyin olduğunu gördük. Ona görə də sizin Prezidentiniz və onun ailəsi ilə dünyanın heç bir dövlət başçısı ilə olmayan səviyyədə dostluğumuz var. Məsələnin mahiyyəti bundan ibarətdir”, - deyə Patriarx bildirib .
Fikirlərinə davam edən Moskva və bütün Rusiyanın Patriarxı vurğulayıb: “Azərbaycan müasir dövlətdir. Demək olar ki, çoxkonfessiyalı ölkədir. Azərbaycanda, ilk növbədə, müsəlman icması üstünlük təşkil edir, amma pravoslav icması da mövcuddur. Burada heç bir dinlərarası münaqişə yoxdur. Dövlət bu münasibətləri tənzimləmək üzrə öz üzərinə çox gözəl missiya götürüb, bu əsnada tam qarşılıqlı fəaliyyət göstərmək, hər hansı münaqişə və ya anlaşılmazlığı istisna etmək üçün dini icmaların daxili işlərinə müdaxilə edilmir”.
Patriarx Kirillin sözlərinə yekun vuraraq deyib: “Hesab edirəm ki, Azərbaycan bu sahədə nümunəvi dövlətdir. Bu ölkədə iki güclü icma, ilk növbədə, çoxsaylı müsəlman və həm də pravoslav icmaları var. Bu iki real ictimai gücün qarşılıqlı fəaliyyəti ahəngdardır. Belə əla Prezidentiniz olduğuna görə də sizi ancaq təbrik edə bilərəm. Mən, həmçinin sevinirəm ki, sizin Prezidentinizlə bizim dövlət başçımız arasında çox yaxın şəxsi münasibətlər mövcuddur. Demək ki, xalqlarımız arasında dostluq münasibətləri də bu əsasda möhkəmlənir”.
Milli-mənəvi dəyərlərə sadiqlik
Patriarx Krill Azərbaycandakı böyük müsəlman və provoslav icmalarının mövcudluğuna xüsusi diqqət çəkməsi təsadüfi deyil. Bu, ölkəmizin reallığıdır. Qeyd olunduğu kimi, ölkəmizdə iki real ictimai gücün qarşılıqlı fəaliyyəti ahəngdardır. Bəli, qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir.
Məlumdur ki, hazırda dünyada yaşanan bir sıra hadisələr, ələlxüsus da qloballaşma deyilən proses milli dövlətlərin və ayrı-ayrı xalqların qarşısına yeni çağırışlar çıxarıb. Bu çağırışların mühüm bir qismi hər bir xalqın identlikliyini səciyyələndirən milli-mənəvi dəyərlərinin getdikcə artan təzyiqlərdən qorunması, onların daha da zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlıdır. Təsvir olunan bu kontekstdə Azərbaycandakı mühit bir nümunə kimi diqqəti cəlb edir. Azərbaycan cəmiyyətində xalqımızın tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi və onun tərkib hissəsi olan dini dəyərlərinə möhkəm bağlılıq var. Prezident İlham Əliyevin təəssübkeş yanaşmaları əsasında aparılan məqsədyönlü siyasət ölkəmizdə elə bir mühit formalaşdırıb ki, bu gün əcdadlarımızın bizə miras qoyduqları zəngin mənəvi irslə qürur duyur, bu irsi özümüzün gündəlik həyat tərzimizdə yaşatmağa çalışırıq. Eyni zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrimizin yad təsirlərdən qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, milli və dini abidələrimizin bərpa olunmasına, yenilərinin tikilməsinə güclü siyasi iradə nümayiş etdirir.
İslam dini xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. Ardıcıllıqla həyata keçirdiyi siyasətində milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Prezident İlham Əliyev daim dünyada İslam həmrəyliyinin möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, həmin ildə Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi dövlətimizin başçısının müqəddəs dinimizə həssas yanaşmasının əyani təzahürüdür. Bu gün respublikamızın bütün bölgələrində, o cümlədən də işğaldan azad olunmuş ərazilərimizdə tarixi dini abidələrin yüksək səviyyədə təmir -bərpa olunması cəmiyyətimizdə böyük minnətdarlıq hissi ilə qarşılanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür.
Azərbaycan çoxkonfessiyalı ölkədir
Ölkəmizin zəngin multikultural mühiti Azərbaycanın digər bir mühüm reallığı və üstünlüyüdür. Patriarx Kirill də məhz bu reallığa əsaslanmaqla respublikamızı çoxkonfessiyalı ölkə kimi səciyyələndirib. Respublikamızda İslam adət-ənənələrinə böyük hörmət bəslənildiyi kimi, burada yaşayan digər xalqların da milli-mənəvi dəyərlərinin qorunmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Azərbaycan ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Multikulturalizm, etnik və dini müxtəliflik bu gün də ölkəmizin qürur doğuran reallığıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.
Ölkəmizdə Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi fərqlənir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev həmin abidələrin bərpadan sonra açılışına şəxsən qatılaraq xeyir-duasını və tövsiyələrini verir.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Bakıda ardıcıl olaraq İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar baş tutur. Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına sanballı töhfəsini verir. “Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Vatikanla səmimi dialoq
Müstəqil Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoq və qarşılıqlı anlaşma mühiti var. Ölkəmizlə Vatikan arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub və həmin vaxtdan etibarən yüksələn xətlə inkişaf edib. 1997-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Vatikana, 2002-ci ilin 22-23 may tarixlərində Azərbaycan Prezidentinin dəvəti ilə Katolik Kilsəsinin rəhbəri II İoan Pavelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin möhkəm bünövrəsini qoyub. Bu səfərlərin ardınca Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi, 2008-ci ildə onun rəsmi açılışında Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Tarçisio Bertonenin iştirakı Azərbaycanın Taxt-Tacla əlaqələrinə önəmli təkan verib. Xatırladaq ki, Papa II İohan Pavelin Azərbaycana səfəri zamanı iki dövlət başçısı tərəfindən Azərbaycanda katolik kilsənin tikilməsi razılaşdırılıb, Azərbaycan dövləti kilsənin tikilməsi üçün ödənişsiz yer ayırıb, Vatikan tərəfi isə kilsənin tikintisini təmin edib.
Sonrakı dövrdə yüksəksəviyyəli rəsmilərin iştirakı ilə qarşılıqlı səfərlər daha da intensivləşib. O cümlədən Prezident İlham Əliyev bir neçə dəfə Müqəddəs Taxt-Taca səfər edib və Papa ?əzrətləri ilə görüşüb. Sonuncu dəfə dövlətimizin başçısı 2020-ci ildə İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vatikanda olublar, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2018-ci ilin 23-26 sentyabr tarixlərində Müqəddəs Taxt-Taca səfər edib.
Heydər Əliyev Fondunun nəcib təşəbbüsləri...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin hüdudlarından kənarda multikulturalizmin təşviqinə davamlı töhfələr verir. Fondun dəstəyi ilə ayrı-ayrı ölkələrdə digər mədəniyyətlərə aid tarixi abidələrin bərpası buna nümunədir. Məsələn, Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Dünya əhəmiyyətli bu tarixi-mədəni abidəyə ikinci həyat bəxş etməklə Heydər Əliyev Fondu bir tərəfdən Azərbaycanın xoş məramını, bəşəriyyətin mədəni irsinə münasibətini nümayiş etdirib, eyni zamanda, iki ölkə arasında qarşılıqlı hörmət və inam mühitinin möhkəmlənməsinə töhfə vermiş olub. Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. Təxminən 10 ay rəzində aparılan bütün bərpa əməliyyatları ən yüksək səviyyədə tamamlanıb.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu belə layihələri həmçinin Vatikanda da reallaşdırıb. Bu layihələr ikitərəfli əlaqələrin inkişafına güclü impuls verib. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Vatikanda ilk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycanın təşkil etdiyi tədbir olub. 2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub. Açılış mərasiminə qatılan Mehriban xanım Əliyeva tədbirdə çıxış edib. Belə misalların sayı çoxdur.
Azərbaycandakı gözəl tolerantlıq mühiti bütün dünyada olduğu kimi, Vatikanda da yüksək qiymətləndirilir. Roma Papası Fransisk Prezident İlham Əliyevlə görüşlərinin birində xüsusi olaraq qeyd edib ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib.
Vatikana yuxarıda bəhs olunan səfər çərçivəsində, eyni zamanda, Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti, kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslər ilə görüş keçirilib.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub. Daha sonra Azərbaycan nümayəndə heyəti Müqəddəs Pavel Bazilikasını ziyarət edib.
Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48

