Şuşa Bəyannaməsi: Avrasiyanın inkişaf və təhlükəsizlik doktrinası
13.06.2026 [12:50]
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: iki qardaş ölkə hədəflərini, prioritetlərini, strategiyasını birləşdirdi...
44 günlük Vətən müharibəsi həm Cənubi Qafqaza, həm yaxın coğrafiyaya, həm də qlobal dünyaya hərbi-siyasi, iqtisadi-ticari kontekstdə yeni bir şəkilləndirmə qazandırdı. 2020-ci ilin noyabrından sonra Avrasiyanın mərkəzi yeni təhlükəsizlik arxitekturasının qurulduğu, yeni iqtisadi nizamın şərtlərinin müəyyənləşdiyi, yeni əməkdaşlıq platformalarının reallaşdığı bir geostrateji məkana çevrildi. Bəli, xüsusilə təhlükəsizlik meyarının dayanıqlı olması bu coğrafiyanı özünün digər analogiyalarından fərqləndirirdi - Bakının formalaşdırdığı yeni situasiyada 4 cəhət üzrə təhlükəsizlik kodeksi müəyyənləşdirilmişdi ki, bunun da arxasında olduqca mühüm ştrixlər dayanırdı. Azərbaycan son 200 ildə ilk dəfə idi ki, Cənubi Qafqazın müstəqil aktor olaraq qlobal geosiyasi palitrada çıxış etməsi üçün münbit şərait yaratmışdı.
Vurğulandığı kimi, 2020-ci ildən sonra regionumuzda yeni bir tarix başladı - bu tarix bir çox nüanslarına görə, həm də “arzuların tarixi” adlanır. İllərlə arzu kimi görünən bir çox məqamlar məhz bu tarixdə gerçəyə çevrildi - Türkiyə - Azərbaycan qardaşlığının ayrılmaz, qırılmaz bağlarla bir-birinə sarılması gerçəyi kimi...
Bir yumruq, bir millət, bir amal...
Vətən müharibəsi və onun nəticələri bir çox siyasi hadisələri gerçəkləşdirdi - xüsusilə, Türk dünyasının konselidasiyasını, əsrlərlə eyni soya, eyni kökə malik dövlətlərin vahid bir platformada daha effektiv birliyinə yol açıldı. Bu günün rakursundan boylandıqda XXI əsrin ikinci onilliyinin əvvəlində atılan təməllərin gələcək üçün nə qədər möhkəm sistem formalaşdırdığını görürük. “Türk əsri” adlandırılan XXI əsrin ilk rübündə Türk dünyası yeni bir ocaq, yeni bir masa arxasında bir yumruğa çevrildi. İki qardaş ölkə - Azərbaycan ilə Turkiyə türk birliyi üçün yeni bir tarixi təməl atdı.
Azərbaycan-Türkiyə münasibətləri haqda xüsusi olaraq bəhs açmağa ehtiyac yoxdur - bu münasibətlər qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsidir - bütün dünya üçün, xüsusilə Türk dünyası üçün bu nümunə sülhün, əmin-amanlığın, etimadın və sevginin, ən çətin anda, ən xoş gündə yanaşı addımlamağın, çiyin-çiyinə dayanmağın etalonu kimi çıxış edir. İki ölkə arasında bütün əlaqələr: siyasi, mədəni, iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələri dostluq və qardaşlıq kimi dəyərlər üzərində güclənir. Tarixi əsasını hələ minilliklər öncədən başladan, müasir tarixdə isə Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də öz xarici siyasətində hər zaman dost, qardaş ölkə olaraq Türkiyənin mənafeyini və maraqlarını qoruyur, dəstəkləyir. Qardaş Türkiyə də qəbul etdiyi qərarlarda, apardığı siyasi xətdə Azərbaycanın milli maraqlarını nəzərə alır. Tarixən eyni soy-kökə malik olan Azərbaycanın və Türkiyənin qarşılıqlı olaraq bir-birlərinin nailiyyətlərindən qürur duymaları, o cümlədən bu nailiyyətlərin davamının, inkişafının olması istiqamətində fəaliyyət göstərməsi hər zaman qeyd olunub. Azərbaycan və Türkiyə dünyada bir-birinə mənəvi-siyasi cəhətdən ən yaxın iki dövlətdir. Gücünü, siyasətini, mili hədəflərini, inkişaf yolunu birgə müəyyənləşdirən, birgə seçən Türkiyə-Azərbaycan qardaşlığı bütün mənalarda sarsılmazdır...
İki qardaş, vahid hədəf...
İki qardaş artıq illərdir ki, bütün çətinliklərin, problemlərin, təzyiq və ya təhdidlərin, təhlükələrin, hətta təbii fəlakətlərin qarşısında çiyin-çiyinə dayanır. Bir yerdə sevinir, bir yerdə kədərlənirik. Bu birlik, bu bağlılıq isə təbii olaraq siyasi masa üzərində də bütün dünyaya nümayiş etdirilməli idi. Azərbaycan tarixinin ən həssas məkanı olan Şuşa şəhəri bu qardaşlığın, bu sarsılmaz birliyin fundamental şəkildə təsdiqi məkanı kimi seçildi - tarixi dəyərlər üzərində qurulan strateji müttəfiqlik nəinki regionda, bütövlükdə Avroasiyada yeni siyasi münasibətlər sistemi formalaşdırdı. Birliyi, həmrəyliyi sözdə yox, əməldə nümayiş etdirən Azərbaycan ilə Türkiyə ən çətin sədləri belə yanaşı keçmək qərarını verdilər - İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. İki ölkənin çiyin-çiyinə duruşu, Türkiyənin siyasi dəstəyi qələbəmizdə böyük əhəmiyyət daşıdı. Təsadüfi deyildi ki, qələbə bəyanatının imzalanmasının səhərisi, noyabrın 10-da Prezident İlham Əliyev Türkiyənin o dövrkü xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən bildirmişdi ki, 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”.
Və bu birlik 2021-ci ildə tarixi Şuşa Bəyannaməsinin imzalanmasına vəsilə oldu...
Strateji müttəfiqlik - yanaşı addımlayan qardaşlar!
Azərbaycanla Türkiyə arasında 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alındı. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulandı.
Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Bakı Cənubi Qafqazın lideri, Ankara Avropanın aparıcı gücüdür...
Bu bəyannamə bir daha təsdiqlədi ki, Türkiyə-Azərbaycan qardaşlığı, yalnız dövlətlərarası müsbət əlaqələrin mahiyyəti ilə sərhədlənmir - bu münasibətlərin dərinləşməsi, vahid hədəfə, gücə çevrilməsi həm də iki dövlət liderlərinin qarşılıqlı səmimi qardaşlıq münasibətindən qaynaqlanır. Bu amil həm də xalqlar arasındakı qardaşlığın simvoluna çevrilir. Bütün dünya bu gün beynəlxalq tədbirlərdə hər iki Prezidenti yan-yana, əl-ələ irəlilədiyini görür. Artıq qlobal miqyasda belə Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın nailiyyəti kimi qəbul edilir. Bütün beynəlxalq platformalarda bu reallıq hər kəs tərəfindən qəbul olunur - Türkiyə və Azərbaycan vahid hədəfə istiqamətlənmiş xarici siyasi kursa malikdir. Biz maraqlarımızı qarşılıqlı şəkildə dünyanın bütün tribunalarında qorumağı bacarırıq.
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş qlobal xarakterli Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanaraq mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Bəyannamənin imzalanmasından ötən 5 ildə qazanılan uğurlara nəzər salsaq görərik ki, Bakı artıq bütün meyarlar üzrə Cənubi Qafqazın lideri, Türkiyə isə Avropanın ən önəmli gücü kimi çıxış edir.
Cənubi Qafqaz üçün yeni gələcək...
2021-ci ildə rəsmiləşən strateji tərəfdaşlıq bölgəyə yeni perspektiv gətirdi:
- Məhz bu təməlin üzərində yeni əməkdaşlıq platformaları yaradıldı və ya genişləndirildi;
- Regional miqyaslı strateji təmaslar sıxlaşdı və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyi ən yüksək səviyyəyə çatdı;
- Regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılması mümkün oldu.
Vurğulandığı kimi, ölkələrarası mövcud strateji tərəfdaşlıq münasibətləri regionda perspektiv əməkdaşlıq platformalarının gerçəkləşdirilməsini mümkün etdi - 2025-ci ildə Vaşinqtonda paraflanan sülh sazişinin, təsdiqlənən Zəngəzur (TRİPP) dəhlizinin təhlükəsizlik açarı məhz Şuşa Bəyannaməsi idi. Günümüzdə əməkdaşlıq çağırışlarının gerçəkləşməsi, regional münasibətlər sisteminin bütövlükdə yenilənməsi həm də Şuşa Bəyannaməsinə söykənir. Bu isə nəinki regional təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsinə, hətta beynəlxalq təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfələr bəxş edir.
Şuşadan başlanan yollar...
Şuşa bəyannaməsi tarixi bir yolun başlanğıcına çevrildi. Cəmi 3 il sonra, 2024-cü ilin yayında Şuşada keçirilən TDT liderlərinin qeyri-rəsmi Zirvə görüşü məhz bu sənədin işığında Türk dünyasını bir masa arxasında topladı. Bu zirvədə 5 Türkdilli dövlət tərəfindən imzalanan Qarabağ Bəyannaməsi Şuşa Bəyannaməsinin davamı kimi çıxış etdi. Əgər Şuşa Bəyannaməsi yalnız Türkiyə ilə Azərbaycanın vahid güc mərkəzinə çevrilməsini reallaşdırdısa, bu sənədin davamı olan Qarabağ Bəyannaməsi böyük Türk dünyasına birlik, bərabərlik qazandırdı. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirildi. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd olundu. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyuldu. Və bu yol Şuşadan başlamışdı, Şuşada da davam etdirildi...
Türk əsrinin hədəfləri...
Beləliklə, 2020-ci ildə 44 günlük Zəfərin simvoluna çevrilən Şuşa 2021-ci ildə sarsılmaz Azərbaycan-Türkiyə birliyinin carçısı, 2024-cü ildə isə böyük Türk Ailəsinin qardaşlığının şahidi oldu. Bu sənədlərin Şuşada imzalanması xüsusi anlam daşıyırdı. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanı rəsmən müttəfiq etdi, Qarabağ Bəyannaməsi isə Türk dünyasını vahid hədəflər uğrunda mübarizəyə səslədi. Şuşada imzalanan bu tarixi əhdlər, müqavilələr Türk dünyasının, Türk ailəsinin uğurlu gələcəyinin təməlidir. Şuşa Bəyannaməsi böyük Türk birliyinin təcəssümüdür. Eyni zamanda, Şuşa Bəyannaməsi iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini özündə tam şəkildə göstərməkdədir. Məhz bu baxımdan Şuşa Bəyannaməsini regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcı belə saymaq mümkündür.
Bu sənədlərin imzalanmasından ötən dövr ərzində demək olar ki, bütün sahələrdə konkret proqramlar əsasında birgə fəaliyyət nümayiş etdirilməkdədir. Türk Dövlətləri Təşkilatı, ayrıca Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsinin, Qarabağ Bəyannaməsinin regionun təhlükəsizliyi, davamlı sülhün formalaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi vahid proqram əsasında addımlarını intensivləşdirir. Ən əsası isə milli müdafiə sahəsində mühüm fəaliyyət nümayiş olunur. Silahlı Qüvvələrin birgə təlimlərinin keçirilməsi təhlükəsizlik seqmentinin daha da gücləndirilməsinə xidmət edir. Bu təlimlər, birgə fəaliyyət, bu sənəd isə rəsmi Türk ailəsi sayılan Türk Dövlətləri Təşkilatının gələcək inkişaf prioritetlərini müəyyənləşdirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

